Əlaqə Arxiv
news Image
2016.06.07
07:00
| A A A
Dünya Azərbaycanlılarının İş Adamları Birliyinin yaradılması mühüm zərurət kimi…
Elman Nəsirli: “Dünyada yaşayan azərbaycanlıların birliyi bizim qələbəmizi şərtləndirən amildir” Adıgözəl Məmmədov: “Belə birliklər dünya ölkələrinin təcrübəsində var”

"Dünya Azərbaycanlılarının İş Adamları Birliyinin yaradılmasının zamanı çatıb. Bu birliyin konfrası Bakı şəhərində keçirilməlidir". Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında deyib.

O bildirib ki, Dünya Azərbaycanılarının İş Adamları Birliyinin yaradılması çox vacibdir: "Prezident İlham Əliyev dünyadakı azərbaycanlı iş adamlarını Azərbaycana dəvət edib, sərmayə qoymağa çağırıb. Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmalıdırlar. Belə olanda azərbaycanlıların fəaliyyəti güclənir, cəmiyyətdə tanınırlar. Xarici ölkələrdə elə iş adamları var ki, parlament seçkilərində namizəd olanda kampaniyalarını maliyyələşdirə bilərlər. Biz onların potensialından istifadə etməliyik".

Ekspertlər təklifi birmənalı olaraq müsbət qarşılayırlar. Onların fikrincə, belə birlik Azərbaycan diasporunun fəaliyyətinə də ciddi dəstək vermiş olacaq.

Millət vəkili Elman Nəsirli bildirdi ki, diaspor fəaliyyətinin güclənməsi üçün birlik ən vacib məsələdir: "Cənab Prezidentin çıxışında da qeyd olundu ki, bir çox ölkələrdə yaşayan azərbaycanlılar arasında xoşagəlməz tendensiyalar olub: "Bəzən səfirliklə diaspora arasında anlaşılmazlıqlar yaranır. Bu da bizim gücümüzü zəiflədən amildir". Odur ki, ilk növbədə səfirliklər və diasporlar bir nöqtədən çıxış etməlidirlər. Ümumi maraqlar naminə onlar birlik nümayiş etdirməlidirlər. Çünki, dünyada yaşayan azərbaycanlıların birliyi bizim qələbəmizi şərtləndirən amildir. Bu baxımdan birliyin güclənməsi üçün ayrı-ayrı diaspor rəhbərlərinin gücləri olmalıdır. Bu güc də ilk növbədə maliyyə məsələsində öz əksini tapır.

Dünyada yaşayan və böyük maliyyə potensialına malik olan azərbaycanlıların bir təşkilatda cəmlənməsi və onların Bakıda toplantısının keçirilməsi nəticə etibarı ilə diaspor quruculuğuna müsbət təsiri göstərəcək. Yəni, onlar artıq diasporunn qarşısında duracaq istənilən vəzifənin öhdəsindən gələ biləcəklər. Nəzərə alaq ki, diasporun qarşısında bir çox hallarda maliyyə problemləri dayanır. Dünyada yaşayan imkanlı azərabycanlıların təşkilatlanması və birliyinin təsis edilməsi nəticədə maliyyə problemlərinin həlli baxımından da əhəmiyyətli olacaq. Maliyyə imkanları geniş olan insanların eyni zamanda yaşadıqları ölkələrdə proseslərə təsiri və siyasi amil olmaq imkanları da genişdir. Yetər ki, həmin potensialı bir yerə toplasınlar və vahid məqsədə istiqamətləndirsinlər. Bu baxımdan belə bir birliyin təsis edilməsi Azərbaycanın diaspor fəaliyyətinin yeni mərhələsi kimi dəyərləndirilə bilər".

Slavyan-Türk Birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov bildirdi ki, belə bir birliyin bizə ən yaxın Türkiyə nümunəsi var: "Türkiyədə türk iş adamlarının müxtəlif birlikləri fəaliyyət göstərir. Ancaq bunun təşəbbüskarı dövlət olmalı deyil. Belə bir təşkilatı iş adamları özləri formalaşdırmalıdırlar.

Oxşar təşkilatlardan digər ölkələr də yaradıblar. İş adamları özləri birləşməlidir. Belə bir birliyin yaradılması bu və ya digər formada orada yaşayan azərbaycanlıların işlə təmin olunmasında, Azərbaycan ilə bağlı bərabər layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq. Həmçinin yaşadıqları dövlətlərin həm siyasi, həm də ictimai formasiyalarında təmsil olunmağımızda yardımçı olacaq. Belə birliklər dünya ölkələrinin təcrübəsində var".

Sizin Reklam Yeriniz