Əlaqə Arxiv
news Image
2016.06.08
09:30
| A A A
Silahlarımız erməniləri daha çox qorxuya salır
Üzeyir Cəfərov: “Kəmiyyət və keyfiyyət baxımından silahlarımız Ermənistan silahlı qüvvələrindən qat-qat güclüdür” Qabil Hüseynli: “Babayanın fikirləri ermənilərə onu xatırladır ki, xəyallara qapılmayın”

Aprel döyüşlərindən sonra erməni cəmiyyətində "qalib" düşüncəsi ilə bağlı mif dağılıb. Ermənistanda artıq əksər vəzifəli şəxslər zəif olduqlarını açıqca etiraf edirlər. Oxşar etirafı sonuncu dəfə Dağlıq Qarabağ Respublikasının keçmiş "müdafiə naziri" Samvel Babayan dilə gətirdi. O bildirib ki, Azərbaycanda elə silahlar var ki, mümkün müharibədə ermənilərin məğlubiyyətini tezləşdirəcək. Ekspertlərin fikrincə, bütövlükdə erməni cəmiyyətin belə düşüncələrə köklənməsi ölkəmiz üçün müsbət haldır. Bu amil danışıqlara da təsir edə bilmək gücündədir.

Hərbiçi-ekspert Üzeyir Cəfərov hesab edir ki, Samvel Babayanın fikirləri iki məqsəd güdür: "Həm reallığı deyir, həm də özünün məqsədlərinə çatmaq üçün cəhdlər göstərir. O, uzun müddət Moskavada olub, indi də Dağlıq Qarabağa gəlib. Tərəfdarları da onun separtçı rejimdə rəhbərliyə qayıtmasını istəyirlər. O demək istəyir ki, sabah həqiqətən də gərginlik olacaq və bu zamanın ona ehtiyac yaranacaq. Ona görə də bu fikirləri səsləndirib. Biz də bunu gizlətmirik.

Kəmiyyət və keyfiyyət baxımından silahlarımız, ordumuz Ermənistan silahlı qüvvələrindən qat-qat güclüdür. Bunu bütün Ermənistan etiraf edir. Bizim heç istifadə olunmayan silahlarımız var. Hansı ki, onlar düşmənə aman verməyən texnikalardandır. Babayanın bəzi dediklərində həqiqət var. O, birinci Qarabağa savaşının iştirakçısı olub və vəziyyəti bilir. Ona görə də bu gün ermənilərin narahatçılığı başadüşüləndir. Onlar bilirlər ki, Azərbaycan arsenalındakı silahlardan istifadə etsə, qısa zaman ərzində düşmənin itkilərinin sayı minlərlə olacaq. Babayan deyir ki, vaxtdan istifadə edib silahlanmalıyıq. Guya Azərbaycanın müharibə etməsi üçün bir qədər vaxt lazımdır. Amma onlar heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Son həbslər də onu göstərdi ki, Ermənistan ordusunda vəsaitlərin təyinatı üzrə xərclənmədiyi faktları var. Belə faktları bir müddət əvvəl əsir düşmüş əsgər də səsləndirmişdi. Odur ki, silahlarla bağlı fikirlərlə razılaşmaq lazımdır. Bunu erməni cəmiyyəti də bilir. Bütün ölçülərini də buna uyğun götürməyə məcburdular".

Siyasi şərhçi Qabil Hüseynli fikrincə, təhlükəli tendensiya onda ibarətdir ki, Rusiya Ermənistan hava məkanının qorunmasını da öz üzərinə götürüb: "Orada havadan müdafiə sistemləri qururlar. Lakin Babayanın söylədiklərində həqiqət durur. Onlar nə qədər çalışsalar da, Azərbaycanın əldə etdiyi hava hücumundan müdafiə sistemləri öz texnoloji parametrlərinə görə onlarıın texnikasından üstündür.

Bundan başqa, Rusiyanın Ermənistan ilə yaratdığı hava hücumundan müdafiə sisteminin Dağlıq Qarabağa aidiyyatı olmadığı da bəllidir. Əgər Azərbaycana qarşı təcavüz niyyətində qurularsa, Azərbaycandakı müasir silahlarla cavabları veriləcək. Düzdür, işin o həddə çatması real deyil. Amma Babayanın fikirləri ermənilərə onu xatırladır ki, xəyallara qapılmayın".

Qabil Hüseynli qeyd etdi ki, ordular arasındakı güc fərqi son dövlər açıq hiss edildi: "Əvvəllər güc fərqindən ermənilərin anlayışları yox idi. Amma aprel hadisələrindən sonra güc fərqini açıqca hiss etdilər".

Sizin Reklam Yeriniz