news Image
2016.06.10
08:00
| A A A
Qarabağ münaqişəsinə dini don geyindirmək cəhdləri də iflasa uğrayır
Tofiq Abbaslı: “Zaman keçdikcə Azərbaycan diplomatiyası problemin məğzini dünyaya çatdırdı” Fikrət Sadıxov: “Ermənistanın dini amil siyasəti laxlayıb”

"Ermənistan rəhbərliyi bu münaqişəyə dini don geyindirməyə çalışır". Bu sözləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən bildirib. Prezident daha sonra qeyd edib ki, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıdıb. Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər.

Prezident Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğulayıb. Dövlət başçısı onu da deyib ki, bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü ilə baxdığını təsdiq edir.

Siyasi şərhçilər Ermənistanın bu cür siyasətini arxasında torpaq iddiası yatdığını deyirlər.Politoloq Tofiq Abbaslı bildirir ki, bu, Ermənistanın sırf dağıdıcı mövqedən çıxış etməsi ilə əlaqəlidir: "Çünki, azərbaycanlıları Ermənistandan qovduqdan sonra Ermənistan rəhbərliyi bir neçə kursu işə saldılar. Onların həyata keçirdiyi əsas kurslardan biri münaqişənin guya dini zəmində olması idi. Çünki, dünyada nüfuzlu dairələr, güc mərkəzlərinin böyük əksəriyyəti xristian dininə mənsubdurlar. Ermənilər bu çətirin altında özləri üçün yer düzəltmək istəyirdilər ki, özlərinin ərazi iddialarını beləcə legitimləşdirsinlər. Daha doğrusu, ona dəstək qazandırsınlar. Yəni, xristian birliyi, Vatikan, ABŞ tərəfindən dəstək umurdular. Xristian amilini irəli çəkir, lakin bunu arxasında ərazi iddialarının olduğunu gizlədirdilər. Buna görə də münaqişədə çaşqın vəziyyət yaratdılar ki, Azərbaycanı təkləsinlər.

Azərbaycanı müsəlman dövlət kimi belə neqativ obrazda təsvir etməyə çalışırdılar. Lakin zaman keçdikcə Azərbaycan diplomatiyası problemin məğzini dünyaya tanıtdı. Aydın oldu ki, bu məsələdə erməni millətçilərinin Azərbaycana qarşı qərəzi, ərazi iddiaları var. Ona görə də din amilinin heç bir rolu olmadığı bilindi.

Azərbaycanın multikultural dövlət olması göz önündədir. Müxtəlif ölkələrdə Azərbaycanın multikultural modeli tətbiq olunur, mənimsənilir. Ona görə də hazırda siyasi üstünlük bizim tərəfimizdədir. Qarabağ problemi ilə bağlı dünya birliyi anlayır ki, burada dini amilin heç bir əsası yoxdur. Çünki, Azərbaycanda digər dinin daşıyıcıs olan azlıqlar rahat şəkildə yaşayılar".

Digər siyasi şərhçi Fikrət Sadıxovun sözlərinə görə, Ermənistan münaqişənin lap əvvəlindən məsələyə dini don geyindirməyə çalışıb: "Təəssüflər olsun ki, bir sıra dövlətlər, xüsusi ilə xristian aləmində bu amilə müsbət yanaşıblar. Son illər ərzində, bu, daha qabarıq şəkildə öz əksini tapır.

Biz həm Avropa Şurasının üzvüyük, həm də Rusiya ilə münasibətlərimiz kifayət qədər genişdir. Eyni zamanda Avropa Birliyi ilə əməkdaşlığımız inkişaf edib. Ona görə də bizi bu şəkildə günahlandırmaq məsələyə başqa don geyindirməkdən başqa nəsə deyil. Ermənilər ona görə buna üstünlük verir ki, guya təsiredici məqam kimi xristian dövlətlərini cəlb edə biləcəklər. Amma nəzərə alaq ki, bir neçə ölkənin parlamenti Xocalı soyqrımını tanıyıb. Yəni, dünyada Azərbaycana münasibətdə müsbət tendensiyalar var. Azərbaycan ilə müxtəlif layihələr həyata keçirilir. Bu, özlüyündə Azərbaycanın üstünlüyüdür. Yəni, Ermənistanın dini amil siyasəti laxlayıb. Dünya bu iddianı birmənalı qarşılamır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs