Əlaqə Arxiv
news Image
2016.06.11
07:00
| A A A
İrandan Azərbaycana qarşı qeyri-rasional mövqe
Riyakarlıq həmişə sülhə mane olub

Müstəqil dövlətin xarici siyasətinin coğrafi miqyasını şərti olaraq qonşuluq, regional və dünya bölümləri kimi dəyərləndirmək olar. İşğalçı Ermənistanı çıxmaq şərtilə Azərbaycan birtərəfli qaydada beynəlxalq hüquqi normalardan irəli gələn vəzifələrini həmişə vicdanla yerinə yetirib. Söhbətimizin məğzi məhz qonşuluq siyasətinə bağlıdır. Atalar sözü kimi dilimizdə tez-tez işlədilən "yaxın qonşu uzaq qohumdan yaxşıdır" məsəlini siyasi əlaqələrə də şamil etsək, tamamilə yerinə düşər. Ölkəmizin münasibətinə adekvat addımlarla qarşılıq göstərən ölkələrlə əlaqələr qısa müddətdə sürətlə inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu mənada Türkiyə, Gürcüstan nümunə, Rusiya, Qazaxıstan, Türkmənistan strateji qonşuluq, İran isə sadəcə, yaxud da məcburi qonşuluq kimi dəyərləndirilə bilər.

Qonşuluq siyasətindən bəhs edəndə İran İslam Respublikası barədə xüsusi vurğu ilə danışmaq vacibdir. Çünki, tarixən bizim o qədər ümumi dəyərlərimiz, ortaq mənəvi sərvətimiz var ki, bəzən bunları fərqləndirmək belə çətin olur. İran əhalisinin az qala yarısını təşkil edən etnik azərbaycanlıların tarixi vətənləri kimi bu ölkənin ictimai-siyasi həyatında oynadıqları rolu da unutmaq olmaz. Bəs, bu ortaqlıq siyasətdə özünü necə göstərir?

Gəlin, bəri başdan etiraf edək ki, cənub qonşumuzun apardığı siyasət malik olduğumuz dəyərlərə cavab vermir. Axı, Azərbaycan müstəqil olan andan bu islam ölkəsinin suverenliyinə dərin hörmətlə yanaşıb, beynəlxalq hüquq normaları əsasında onunla hər cür siyasi və iqtisadi əlaqələr qurmağa çalışıb. Dünyanın hegemon gücləri İrana qarşı embarqolar qoyanda, sanksiyalar tətbiq edəndə Azərbaycan hökuməti bu siyasətə qoşulmadı. Əksinə, öz qonşusu üçün qapılarını geniş açdı. İqtisadi əlaqələri genişləndirdi. İran əhalisinin Avropaya gediş-gəlişi Bakı vasitəsilə təmin olundu. Bəs İran?! Qarşılıq necə oldu?

İran İslam Respublikası Azərbaycan torpaqlarını işğal edən Ermənistan Respublikası ilə əlaqələri səylə gücləndirməyə başladı. Gah, onunla elektrik stansiyası, gah sərhədyanı yaşayış məntəqələrində qazbölüşdürücü şəbəkə tikməyi müzakirə edir, gah da ticarəti genişdırır. Artıq İrəvanla Tehran arasında üçüncü yüksəkvoltlu elektrikötürmə xəttin tikintisini bərpa etmək üçün 120 milyon dollar məbləğində saziş imzalanıb. Təsadüfi deyil ki, bir neçə il əvvəl İrana səfər edən Ermənistan prezidenti Serj Sarkisyan deyib: "Ermənistan hər dəfə boğulmaq üzrəykən İran ona nəfəs verib". İranlılar demiş: "Xob!"

Bəs onda islam həmrəyliyi? Axı İran İslam Respublikasının rəhbərliyi ölkəsini dini lider, islamın hamisi sayır?! Ermənistan qoşunlarının müsəlmanların başlarına gətirdikləri vəhşiliklərin qaysağı göz qabağındadır. İslam irsinin daşıyıcıları olan məscidlərimizin dağıdılması, qəbirlərin təhqir olunması nə tez yaddan çıxdı? Yaddan çıxdı nədir, heç İranın dövlət mənsubları bunu gördülərmi, yaxud dini inanclarının müqəddəsliyi barədə düşündülərmi?

Dağlıq Qarabağ münaqişəsi müasir Azərbaycanın və ümumilikdə regionun sosial-iqtisadi və siyasi inkişafında tormozlayıcı rol oynayır. Ən yaxın qonşu kimi İran bu məsələdə hansı mövqeni sərgiləyir? İlk baxışda bitərəf və seyrçi, amma əslində, təcavüzkarın tərəfdaşı rolunda çıxış edir. Hazırda Ermənistanla İran arasında ticarət bir neçə yüz milyon dollar təşkil edir. Bu göstərici üzrə İran Ermənistanın tərəfdaşları arasında 4-cü yeri tutur. Beləcə müsəlman ölkəsinin torpağını işğal edən xristian dövləti islam respublikasının himayəsi ilə təcavüzü davam etdirməkdədir. Bu yerdə məsafə sarıdan uzaq olan Pakistan İslam Respublikasını misal çəkmək yerinə düşər. Pakistan müsəlman ölkəsi olmaq etibarilə Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkəni 25 ildir ki, tanımır. Ədaləti və dini dəyəri belə qoruyarlar. İran isə hərdən şifahi olaraq "Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq" deməklə kifayətlənir. Həqiqətdə isə fəaliyyəti ilə ermənilərə havadarlıq nümunəsi göstərir.

Ümumiyyətlə, İranın regionda müsəlman ölkəsi kimi Türkiyəyə münasibəti də anlaşılmazdır. Türkiyə inkişaf səviyyəsi ilə İran üçün güclü tərəfdaş nümunəsi ola bilər. Təbii ki, İran bunu istəsə. Amma təəssüf ki, İranın istər ruhani, istərsə də dövlət başçıları türk dövlətlərinə qarşı münasibətdə qeyri-rasional mövqe nümayiş etdirirlər.

Azərbaycan cənub qonşusu ilə strateji tərəfdaşlıq niyyətini bu gün də gizlətmir. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi prioritet məsələ kimi qarşıya qoyulub. Lakin İran dərhal Ermənistanla dəmiryol xəttinin çəkilməsi barədə köhnə danışıqlarını canlandırıb. Bəlkə o, belə addım atmaqla Azərbaycanı bu nəqliyyat layihəsindən çəkindirmək istəyir? İndi bunu necə qiymətləndirmək olar: pozuculuq fəaliyyəti, riyakarlıq yoxsa daha nə..?

Azərbaycanın dövlət rəhbərliyinin, hökumət nümayəndələrinin bəyanat və konkret fəaliyyətlərinə İrandan adekvat cavab verilməsi tamamilə qanunauyğun olardı. Tək əldən heç vaxt səs çıxmayıb. Qonşuluq siyasətinin gücünü regional birlikdə axtarmaq gərəkdir, daha hegemonluqda yox. Yoxsa, irəli gedənlərin dalınca baxıb təəssüflənməyin mənası olmayacaq.

Sizin Reklam Yeriniz