Əlaqə Arxiv
news Image
2016.06.11
09:03
| A A A
Azərbaycandan türk dünyasının düşmənlərinə sərt mesaj
Azər Həsrət: “Azərbaycan Prezidenti Türkiyə və türk dünyası məsələlərində həmişə həssas olmaqla yanaşı, həm də öndə olub və bu məsələdə kimsəyə güzəştə getməyib” Gövhər Baxşəliyeva: “Prezident həmin hərəkətilə bir daha türk düşmənlərinə göstərdi ki, Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı Bundestaqdakı görüşlərini ləğv edib. Türkiyə mətbuatında yayılan xəbərə görə, dövlət başçısı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbuluna etiraz olaraq, Bundestaqda əvvəldən planlaşdırılan görüşlərdən, o cümlədən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvəri ilə görüşdən imtina edib.

Xəzər strateji institutunun Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı bildirib ki, İlham Əliyev Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib. "Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan qərbin ikili standartına cavabdır. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu da bir daha nümayiş etdirdi".

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, Azərbaycan Prezidenti Bundestaqla bağlı atdığı addımla türk düşmənlərinə o mesajı verir ki, hər hansı bir təzyiqlərə baxmayaraq, hər bir çətinlikdə belə Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq: "Prezident İlham Əliyev Türkiyə məsələsində həssaslığını dəfələrlə ortaya qoyub. Ümumi götürəndə Azərbaycan Prezidenti Türkiyə və türk dünyası məsələlərində həmişə həssas olmaqla yanaşı, həm də öndə olub və bu məsələdə kimsəyə güzəştə getməyib.

Prezidentin Almaniya səfəri çərçivəsində Bundestaqda nəzərdə tutulan görüşlərdən imtina etməsi bir daha sübut edir ki, o, Türkiyəyə qarşı edilən ədalətsizliyə biganə qala bilməzdi. Almaniya səfəri öncəsi Prezident Bakıda Türkiyə baş naziri Binəli Yıldırımla görüşdən sonra mətbuata verdiyi açıqlamasında da Bundestaqın qondarma "erməni soyqırımını" tanıması ilə bağlı atdığı addımı kəskin şəkildə pislədi və Azərbaycanın Ankaranın yanında olduğunu təkrar, kəskin şəkildə vurğuladı.

Almaniya səfəri gedişində bu addımı atmaqla bir daha sübut etdi ki, onun əməlləri sadəcə, sözdən ibarət deyil, həm də konkret əməllərə söykənir. Azərbaycan dövləti və onun başçısı olaraq Prezidentin bu davranışı hər zaman alqışlanmağa layiqdir və onun bu hərəkətlərini hər zaman dəstəkləmişik. O cümlədən Türkiyə ictimaiyyəti, qardaş ölkənin siyasət öndərləri də Azərbaycan Prezidentinin bu kimi addımlarını hər zaman təqdir edib və etməkdə davam edəcəklər. Yəni, Azərbaycan birmənalı şəkildə Türkiyə və türk dünyasının problemlərilə maraqlanır, həmin problemləri öz problemləri kimi qəbul edir və onların həllində qətiyyətli mövqeyini davamlı şəkildə ortaya qoyur. İlham Əliyevin Bundestaqda görüşdən imtina etməsini məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Fikrimcə, Türkiyə, Azərbaycan və digər türk dövlətləri ictimaiyyəti də prezidentimizin bu kimi əməllərinə görə onu türk dünyasının ən parlaq liderlərindən biri kimi qəbul edirlər. Bilirsiniz ki, türk düşmənlərinin tək hədəfi yalnız Türkiyə deyil. Onların hədəfi həm də Azərbaycan, digər türk dövlət və toplumlarıdır. Azərbaycan Prezidenti bu cür qətiyyətli davranışı ilə birmənalı şəkildə türk düşmənlərinə mesaj verir ki, bizim birimizə qarşı olan hücumlar hamımıza qarşı olan hücumlardır və ona qarşı da birgə mübarizə aparılacaq. Yəni, Azərbaycan Türkiyənin, türk dünyasının digər dövlət və toplumlarının hər hansı problemi olarsa, onu öz problemi kimi qəbul edib ona uyğun olaraq da davranır. Ağılı başında olan düşmənlər bundan nəticə çıxarmalı, daha diqqətli olmalıdırlar ki, məhz türk dünyasına qarış çıxmaqla böyük səhvə yol veriblər. Yəni, onlarınq arşısında sadəcə olaraq, tək bir türk dövləti və ya tək lideri deyil, bütövlükdə türk dövlətləri və türk liderləri olacaq. Onlardan da ən öndə gələnlərdən biri qətiyyətli davranışları ilə diqqəti çəkən İlham Əliyevdir".

Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın da fikrincə, Prezident həmin hərəkətilə bir daha türk düşmənlərinə göstərdi ki, Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq: "İlham Əliyev Almaniyaya səfəri gedişində Bundestaqla görüşləri ləğv etməsilə ilk növbədə türk düşmənlərinə o mesajı verib ki, belə bir "soyqırım" sadəcə olmayıb. Bu məsələ ilə bağlı ingilis dilində "Əsassız erməni iddiaları və tarixi faktlar" adlı kitabı nəşr etmişəm. Bu haqda bir müddətdən sonra məqalə "Azərbaycan" qəzetində çıxacaq. Həmin məqalədə də tam olaraq tarixi və hüquqi faktlarla sübuta yetirilib ki, ermənilərin gündəmə gətirdiyi həmin "soyqırım" ümumiyyətlə, olmayıb. Həmin dövrdə həlak olan insanlar da Birinci Dünya Müharibəsinin gedişində yaranmış mürəkkəb şəraitdə baş verən qarşıdurmaların, erməni provokasiyaları və satqınlığının nəticəsidir.

Prezident Bundestaqla bağlı atdığı addımla həm də Türkiyə ilə həmrəy olduğunu, onların mövqeyini bölüşdüyünü və belə bir soyqırımın olmasını tanımadığını bir daha ortaya qoydu. Eyni zamanda, bu addım həm də ona etirazdır ki, 101 il əvvəl ehtimal edilən hadisələr barəsində Qərb ölkələri sənəd qəbul edir, amma 24 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında baş verən hadisələrə isə münasibət bildirmirlər. Bu da bir daha Qərbdə hökm sürən ikili standartların təzahürüdür".

Sizin Reklam Yeriniz