news Image
2016.06.11
23:59
| A A A
Zaxarova: "Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə XİN-in məlumatı korrektə edilməmiş məlumat olub"

"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumatı Prezident administrasiyası yayacaq. Bu bizim yox, onların səlahiyyətində olan məsələdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"O ki qaldı dünən Rusiya XİN-in saytında gedən məlumata, qeyd etmək istəyirəm ki, bu, korrektə edilməmiş məlumat olub. Qriqori Karasinlə Fransa səfirinin görüşündə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi iıə bağlı sammitin keçirilməsinin mümkünlüyü müzakirə olunub. Burada konkret görüşün keçiriləcəyindən deyil, keçirilməsinin mümkünlüyündən söhbət gedir. Ona görə də biz həmin məlumatı korrektə elədik", - deyə M. Zaxarova vurğulayıb.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransa səfiri Jan Moris Riperlə görüşünə dair Rusiya XİN-in məlumatında tərəflərin Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdikləri qeyd olunub. Sonradan isə həmin hissə dəyişdirilərək, görüşdə sadəcə Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu yazılıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs