Əlaqə Arxiv
news Image
2016.06.14
07:00
| A A A
Hərb cəbhəsində Ermənistanın daha bir zəif nöqtəsi üzə çıxdı
Elman Məmmədov: “Ermənistanda olan silah, hərbi texnikalar azı 30-50 il istismarda olmuş və vaxtı keçmiş hərbi avadanlıqlardır” Üzeyir Cəfərov: “Ermənilərin xeyli sayda top, «Qrad» mərmisinin partlamaması onların hərbi baxımdan geridə qalmasının daha bariz bir nümunəsidir”

Aprel döyüşlərindən sonra cəbhədə işğalçı Ermənistan ordusu tərəfindən atılan, amma partlamayan çoxsaylı mərmilər aşkar edilib. Bu, bir daha göstərir ki, Ermənistanın sahib olduğu silahlar demək olar ki, tamamilə köhnə, istismar müddəti başa çatan silah və hərbi sursatlardır. Bu ölkənin yoxsul səviyyədə yaşadığından müasir silahları almağa maliyyə cəhətdən imkanı yoxdur. Ona görə də ancaq köhnə, istismara yararsız silahları almaqla kifayətlənməli olur.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, işğalçı ölkə olaraq Ermənistan müasir silahları almaq gücündə olmadığından ancaq köhnəlmiş, istismar müddəti başa çatan silahlardan istifadə edir : "Sovetlər dönəmində Zaqafqaziya respublikalarının hər üçündə hərbi bazalar yerləşdirilmişdi. Müstəqillik dövrü başlayandan sonra Azərbaycan və Gürcüstandan bu hərbi bazalar çıxardıldı. Ancaq Ermənistanda qalır. Bir məsələ də var ki, Gürcüstandan çıxarılan Rusiya, sovet hərbi bazalarındakı xeyli sayda silah, hərbi texnika, sursat Ermənistandakı bazaya aparılmaq adı ilə bu işğalçı ölkəyə verildi. Həmin silah, hərbi texnikalar da ən azı 30-50 il istismarda olmuş və vaxtı keçmiş hərbi avadanlıqlardır.

Bu gün də Ermənistan hərbi təxribatları zamanı məhz həmin istismar müddəti başa çatmış hərbi texnikadan istifadə edir. Ona görə də düşmən tərəfdən atılan mərmilərin xeyli hissəsi partlamamış qalır. Belə hadisələr Ermənistan siyasi rəhbərliyindən daha çox, erməni cəmiyyətini, xalqını narahat edir. Yəni onlar görür ki, İrəvandakı siyasi rəhbərlik hərbiyə pul xərcləmək adı ilə yığılan pulu mənimsəyir və dağıdır, əvəzində Rusiyanın onlara peşkəş kimi verdiyi istismara yararsız hərbi texnika ilə kifayətləniblər. Yeni və müasir tələblərə cavab verən silah-sursat almağa isə onların imkanları yoxdur. Ondan-bundan dilənçi kimi pay alır, kredit adı ilə nəsə götürürlər.

Onları qorxuya salan Azərbaycan Ordusunda olan və hər gün yeniləşən silah-sursat bazasıdır. Bizim silah-sursat ehtiyatımız, istehsal etdiyimiz hərbi texnikalar ən müasir tələblərə cavab verir ki, bu da Ermənistanı əməlli-başlı qorxuya salıb. Təbii ki, belə bir vəziyyətdə də Ermənistan Azərbaycanla qarşı-qarşıya gəlmək gücündə deyil. Belədə onlar ciddi narahatçılıq içindədirlər".

Hərbçi-ekspert Üzeyir Cəfərov da qeyd etdi ki, çoxsaylı mərmilərin döyüş dövründə partlamaması o deməkdir ki, Ermənistan hələ də köhnəlmiş, istismar müddəti bitmiş mərmi və hərbi texnikadan istifadə edirlər: "Sözsüz ki, düşmənin istifadə etdiyi mərmi və hərbi texnikanın həm buraxılış ili, həm də keyfiyyəti standartlara cavab vermədiyindən müəyyən suallar doğurur. Ona görə də onların döyüş zamanı atdığı mərmilər arasında partlamayanları da olub. Belə silahların olması barədə ermənilərin özləri də şikayət edirdilər ki, həmin silahlar özünü döyüşdə lazımı şəkildə göstərə bilmədi. Bu da onu deməyə əsas verir ki, ermənilər möcvud silah, sursatlarının yaxın zamanlarda

onları çətin vəziyyətə qoya biləcəyindən narahatdırlar. Çünki düşmən bilir ki, Azərbaycan artıq müasir silahlarla təmin olunub, əksər atıcı, ağır silahlarımz yenilərilə əvəzlənib. Düşmən tərəfdə isə bu məsələ problemlidir. Onların mərmilərinin əksəriyyəti keçmiş sovetlərdən qalma və Rusiyanın 102-ci bazasından onlara ötürülən silah, sursatlardır. Vaxtilə Zaqafqaziya Hərbi Dairəsində ermənilər böyük həvəslə o silahları götürürdülər. Hətta bulud dağıdan "Qrad" qurğularını da götürürdülər. Sən demə, məqsədləri hələ o vaxtdan bəlli idi. Ümumiyyətlə, hərbidə mərmilərin partlamaması çox nadir hallarda rast gəlinən hadisədir. Amma bu dəfə ermənilərdə xeyli sayda top, "Qrad" mərmisi partlamadı. Bu da onların hərbi baxımdan da geridə qalmasının daha bariz bir nümunəsidir".

Sizin Reklam Yeriniz