news Image
2016.06.14
08:00
| A A A
Terror Qərb dünyasını silkələyir
“Bu hadisələrin hamısı insanlığa yönəlmiş cinayət hesab olunmalıdır”

Xəbər verildiyi kimi, ABŞ-ın Orlando şəhərində terror hadisəsi baş verib. 50 nəfər həyatını itirib, 53 nəfərin isə yaralandığı masına açıqlanıb. Qanlı aksiyanı həyata keçirdikdən sonra polislərlə atışmada öldürülən terrorçunun 29 yaşlı ABŞ vətəndaşı Ömər Mətin olduğu bildirilir. Polisin onun yaşadığı yerdə və tanışları arasında apardığı araşdırmalardan sonra məlum olub ki, Ömər Mətin terror aktını törətməzdən əvvəl İŞİD-ə sədaqət andı içibmiş.

Politoloq Elşən Manafov ABŞ-da baş verən son terror olayından sonra da terrorizmə qarşı mübarizədə kardinal dəyişikliklərin olacağını düşünmür. Amma bununla belə o qənaətdədir ki, Vaşinqton bu istiqamətdə fəaliyyətini genişləndirəcək: "ABŞ Florida ştatında baş verən bu terror hadisəsindən sonra ekspertlərin əksəriyyəti terrorizmə qarşı mübarizənin daha ciddi olaylarla nəticələnəcəyini güman edir. Güman olunur ki, Vaşinqton terrorizmə qarşı mübarizəni daha da gücləndirəcək. Bu fonda bizi maraqlandıran amil ondan ibarətdir ki, bu halda ABŞ Azərbaycan iqtidarına Dağlıq Qarabağda separatizmə qarşı antiterror kampaniyası aparmaq hüququnu tanıyacaq, ya yox. Təbii ki, yadınızdadırsa, 2001-ci ildə ABŞ-da daha dəhşətli terror hadisəsi baş vermişdi. Həmin hadisələrdən də ABŞ özünün dövlət maraqları kontekstində bəhrələndi. Məlum terror hadisəsindən sonra ABŞ Bin Ladeni axtarıb zərərsizləşdirmək adı ilə Əfqanıstana girdi, daha sonra İraqa daxil oldu. Güman olunur ki, ölkəsində baş verən son terror aktından sonra da ABŞ özünün yeni dünya nizamı ilə bağlı maraqlarından çıxış edərək müəyyən addımlar atacaq. Yəni baş verən bu terror aktının ABŞ-ın maraqlarına xidmət edəcəyi kimi də qiymətləndirilir".

Həmsöhbətimiz bu fonda terroru dəstəkləyən ölkə olsa da dünya güclərinin Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edəcəyini gözləmir: "Son hadisələrdən sonra da Ermənistana münasibətdə dünya dövlətlərinin terror sanksiyalarının tətbiq edilməsinə razılıq verəcəyini də düşünmürəm. ABŞ indiyə kimi Ermənistana münasibətdə distansiya gözləyib. Ona görə Azərbaycanın erməni terrorizminə qarşı mübarizəsində ciddi olayların baş verəcəyini zənn etmirəm. Bu baş verərsə, daha çox ABŞ-ın dövlət maraqları kontekstində baş verəcək, amma Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı proseslərə təsir göstərməyəcək. İŞİD-lə bağlı məsələyə gəldikdə, bəlli məsələdir ki, bu terror təşkilatı zamanında ABŞ xüsusi xidmət orqanlarının xeyir-duası ilə yaradılan bir qurum idi. O mənada güman edirəm ki, İŞİD-də qarşı mübarizəni daha real müstəvidə Rusiya aparır, nəinki ABŞ və onun müttəfiqləri".

Politoloq Elşən Mustafayev dünya güclərinin terroru dəstəkləyən Ermənistana qarşı cəza tətbiq edəcəyini gözləmir: "Çoxsaylı insanların ölümü və yaralanması ilə nəticələnən terror hadisələrini bütün dövlətlər pisləməlidir. ABŞ-da baş verən olay da sözsüz ki, böyük bir faciədir. Amma hələlik həmin olayın terror hadisəsi olub-olmadığı aydınlaşmayıb. Ona oxşar terror hadisəsi Norveçdə də olmuşdu. Amma onu terror adlandırmadılar. İstənilən halda bu hadisələrin hamısı insanlığa yönəlmiş cinayət hesab olunmalıdır. Ümumiyyətlə, dünyada terror təhlükəsi tükənməyib və bu gedişlə tükənməyəcək. Ona qarşı mübarizə aparılır, amma fikrimcə, həmin münarizə üsulları yetərincə olmayıb ki, belə hadisələr hələ də davam edir.

ABŞ kimi nəhəng dövlət terrora qarşı mübarizədə ciddi nəticələr əldə edə bilmirsə, deməli, hardasa nələrsə əldən verilib. Ermənistan 20 ildən artıqdır ki, bir dövlət olaraq Azərbaycana qarşı terror əməlləri törədir. İşğal altında olan torpaqlarda insanlarımızın öldürülməsi də faktiki olaraq dövlət terrorudur. Lakin təəssüf ki, dünyada Ermənistana qarşı heç bir real addımlar atılmır. İnanmıram ki, 23 il ərzində Ermənistanın bu cinayətlərinə terror hadisəsi olaraq qiymət verməyiblərsə, bundan sonra da dünya dövlətlərinin həmin işğalçı ölkəni terror dövləti kimi dəyərləndirəcəyini gözləməyinə dəyməz. Sadəcə, burada maraqlar toqquşur. Terrorla mübarizə aparmaq üçün onu yaradan səbəblərlə mübarizə aparılmalıdır. Bu səbəblər aradan qalxmayana qədər terrorun da kökü kəsilməyəcək. Dövlət səviyyəsində olan terroru dayandırmaq daha asandır, amma bunu etmirlər. Ermənistan kimi terrorçu dövlətin ünvanı, adı, yerləri bəllidir. Amma ona dur deyən yoxdur. Ümumiyyətlə, kimlərinsə Ermənistanı terrorçu dövlət adlandırmasını gözləməyinə nə vaxt ayırmaq, nə də ümidlərimizi ona bağlamağına dəyməz. Problemi özümüz həll etməliyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs