Əlaqə Arxiv
news Image
2016.06.15
09:15
| A A A
Sarksiyan Hitlerin yolu ilə gedir
Elman Nəsirov: “Ermənistanda faşizmə xidmət edənlərə abidə qoyulması bu dövlətin faşist ideologiyasına xidmət etməsinə əyani bir sübutdur və ona qarşı bütün bəşəriyyət səviyyəsində mübarizə aparılmalıdır ” Mais Gülalıyev: “Belə bir qeyri-insani, qeyri-humanist ideologiyaya xidmət edənlərə abidə qoyulması gələcək üçün çox təhlükəli tendensiyadır”

Faşist Almaniyasına xidmət edən Njde Qareqin və Drasmat Kanayanın ("Dro") Ermənistanda heykəllərinin ucaldılması, həmin şəxslərin "milli qəhrəmanlar" kimi ölkə rəhbərliyi səviyyəsində təqdim edilməsi Rusiyanın etirazına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb. Ermənistan isə Rusiyanın bu məsələyə qarışmasının əsassız olduğunu iddia edir və  faşizm ideologiyasına xidmət edənlərin xatirəsini əbədiləşdirmək yolunu tutub. 

Ermənistan adlanan dövlət yarandığı gündən faşizm ideologiyasını öz fəaliyyətində demək olar ki, hakim ideologiyaya çevirib. Belə ki, Ermənistan və onun cani rəhbərləri azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. Bundan başqa Ermənistanda, öz doğma vətənlərində yaşayan azərbaycanlılar deportasiyaya məruz qalıblar. Həyata keçirilən bu soyqırım, deportasiya siyasəti nəticəsində hazırda Ermənistan əsasında faşist ideologiyasının dayandığı monomilli bir dövlətə çevrilib. Hansı ki, vaxtilə Hitler Almaniyası da həmin yolu tutaraq özlərini ali irq hesab etməklə digər millərlərə qarşı düşmən münasibət sərgiləyiblər. Bunun da nəticəsində keçən əsrin 30-cu illərin ikinci yarısı, 40-cı illərin birinci yarısı ərzində faşistlər tərəfindən milyonlarla insan başqa millətə mənsub olduqlarına görə amansızcasına məhv edilib. İndi isə vaxtilə Hitlerin getdiyi bu yolu Ermənistanın hazırkı rəhbərliyi gedir. Görəsən, Ermənistanda faşist ideologiyasına xidmət edənlərin xatirəsinin əbədiləşdirilməsi nədən qaynaqlanır? 

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Ermənistanda faşizmə xidmət edənlərə abidə qoyulması bu dövlətin faşist ideologiyasına xidmət etməsinə əyani bir sübutdur və ona qarşı bütün bəşəriyyət səviyyəsində mübarizə aparılmalıdır: "Əslində, ermənilərin atdığı bu addımda təəccüblü bir şey yoxdur. Çünki Ermənistan adlanan dövlətdə terrorizm artıq dövlət siyasəti səviyyəsinə  yüksəlib. Hər kəsə də məlumdur ki, bəşəriyyətə qarşı ən ağır cinayətləri alman faşistləri həyata keçirib. Bu nöqteyi-nəzərdən terrorçu dövlətin faşist ideologiyasına əl atması, onu özünün ideoloji bazası hesab etməsi qətiyyən təəccüb doğurmur.  

Bir qədər öncə Azərbayan Prezidenti İlham Əliyev "Rossiya 24" kanalına müsahibəsi zamanı həyəcan təbili çaldı ki, bu gün Avropa ölkələrində faşist ideologiyası artıq geniş yayılmağa, gəncləri cəlb etməyə başlayıb. Bir sıra Avropa ölkələrində neofaşistlərin yürüşləri keçirilməkdədir. Ən dəhşətlisi odur ki, hazırda bir çox dövlətlərdə, o cümlədən Ermənistanda faşist ideologiyasından bəhrələnirlər. Eyni zamanda, faşizmə xidmət etmiş insanlara qəhrəman kimi yanaşır, onlara abidə qoyur, adlarına küçələr verir, parklar salırlar. Prezident İlham Əliyev qeyd etmişdi ki, "sivil dünya buna qarşı öz etiraz səsini ucaltmasa, onda dünyamızı nələr gözləyir sualına müsbət cavab vermək mümkün deyil". Belə olan təqdirdə hesab edirəm ki, birbaşa faşizmlə əlaqəli olan, müharibə dövründə Hitlerə xidmət etmiş Nijde Qaraginə Ermənistanda heykəl qoyulması yuxarıda dediklərimizi bird aha təsdiqləyir. Bu hadisə Rusiyanın özündə də mənfi qarşılanıb. Rusiya BMT  Təhlükəsizlik Şurasının daimi üzvü olaraq hələ 2014-cü ildə faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılmasının əleyhinə yönələn qətnamənin qəbuluna nail oldu. 


Njde kimi erməni olub faşist ideologiyasına xidmət etmiş insanlara qəhrəman kimi yanaşılması çox qorxulu bir tendensiyadır. Eyni zamanda Rusiyanın BMT-də qəbuluna nail olduğu həmin qətnaməyə daban-dabana ziddir. Ermənistanda atılan bu addım hesab edirəm ki, dünyada ciddi etiraza səbəb olmalıdır. Ona qarşı müəyyən kompleks addımlar düşünülməlidir. Çünki faşizmə xidmət etmiş insanları qəhrəman etməklə əslində, yeni gənc nəsl üçün kim qəhrəman olmalıdır sualına cavab verirsən. Nəticədə müasir gənclər neofaşist təşkilatları yaradır, nəticədə dünyamız üçün son dərəcədə təhlükəli bir prosesin əsası qoyulur. Həmin prosesin qarşısı alınmasa, 10-15 ildən sonra faşistpərəst qüvvələr hakimiyyətə gələrlərsə dünyamızı nələr gözlədiyi sualına cavab vermək çətin deyil.  Dünyamızı III dünya müharibəsi gözləyir.  

Ona görə də Ermənistanda faşistlərə xidmət etmiş şəxslərin xatirələrinin əbədiləşdirilməsinə qarşı təkcə Azərbaycan deyil, bütün sivil bəşəriyyət ayağa qalxmalı, öz səsini ucaltmalı, konkret təzyiq, təsir mexanizmlərini işə salmalıdır.  Bu istiqamətdə Rusiyanın səsi eşidilməkdədir. Amma bu proses davamlı olmalı, həmin abidələr sökülməli, faşistlərə xidmət edən ermənilərə qoyulan küçə və parkların adları dəyişdirilməlidir. Əks təqdirdə, dünyamızı yaxın perspektivdə ciddi təhlükə və fəlakətlər gözləyir".   

Politoloq Mais Gülalıyevin fikrincə də, Hitler Almaniyasına xidmət edənlərə abidə qoymaqla Ermənistan da faşizmə dəstək olduğunu ortaya qoymuş olur: "Ermənistanda faşist Almaniyasına xidmət edən şəxslərə abidə qoyulması təhlükəli haldır. Alman faşizmin cinayətlərini bütün dünya qəbul edib. Faşistlərin törətdiyi vəhşiliklər elə də uzaq keçmişdə deyil, elm, texnikanın inkişaf etdiyi bir dövrdə olub. İndi də o dövrü görən nəsillərdən yaşayanlar var. Ona görə də bütün sahələrdə alman faşizminə xidmət edən  istənilən şəxsin dəstəklənməsi yolverilməzdir. 

Alman faşizmində antisemitizm güclü olub ki, milyonlarla yəhudi faşistlər tərəfindən qətlə yetirilib, onlara qarşı genosid törədilib. Dünya alman faşizminin xofundan bu günə qədər çıxa bilmir. Belə bir qeyri-insani, qeyri-humanist ideologiyaya xidmət edənlərə abidə qoyulması gələcək üçün çox təhlükəli tendensiyadır. Çünki  bu kimi adamların dəstəklənməsi o deməkdir ki, Ermənistanda onların fəaliyyətinə haqq qazandırırlar. Bu isə o anlama gəlir ki,  həmin fəaliyyət yenidən təkrar oluna bilər. Həmin fəaliyyət də Ermənistan tərəfindən Cənubi Qafqazda təkrar oluna bilər. Ermənistanda belə bir abidə qoyulursa, bu, o deməkdir ki, cəmiyyət həmin şəxslərə bir növ bəraət qazandırır. Bəraət isə faşizmə xidmət edən o şəxslərə dəstək vermək deməkdir. Ermənistanın bu hərəkətinə son qoyulması üçün ona qarşı ciddi təzyiqlərin olması istiqamətində ciddi təbliğat aparılmalıdır.  Faşizmi dəstəkləmək insanlığa qarşı cinayətdir. Bunu etmək olmaz".


Sizin Reklam Yeriniz