Əlaqə Arxiv
news Image
2016.06.15
12:15
| A A A
“Freedom House” yenə anti-Azərbaycan mövqe sərgiləyir
Başqasının uğuruna kölgə salmaq istəyənlərin nəsibi uğursuzluq olur.

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda "Freedom House" ("Azadlıq Evi") adlı bir təşkilat var və bu təşkilatın adı azərbaycanlılara yaxşı tanışdır. Çünki, Azərbaycanda dünyaya səs salan hər hansı bir beynəlxalq tədbir, yaxud incəsənət və ya idman yarışı keçiriləndə dərhal bu təşkilat başlayır "azadlıq" deyə çığırmağa. Amma kimi nədən və ya kimdən azad etmək istəyir, bəlli olmur, sadəcə adamlar çaşqınlıqla bir-birinə baxır və soruşurlar: "Fred nə istəyir?" Qınamalı deyil, ona görə ki, hamı ingiliscəni bilmir. Bilənlərsə gülümsəyib başlarını yelləyir: "yenə başladılar". 

Düzdür, onlara qoşulanlar da olur ki, bu da təbiidir, fikir azadlığı olan yerdə fərqli düşüncələrin olması mütləqdir. Elə "Freedom Hause"un üzərinə götürdüyü missiya da baş verənlərə fərqli baxışın təcəssümüdür və təşkilatın fikri mütləq sayıla bilməz. Amma uzun illərin təcrübəsi göstərir ki, bu qurumu yaradanlar özlərini azadlıq fədaisi sayır və özlərindən (həm də özününkülərdən) başqa gözlərinə bir kimsə görünmür. Hörmətli "Freedom Hause" üzvləri, bizlərdə belələrini "özündənbəy" adlandırır və ciddi qəbul etmirlər. Niyə?

Beynəlxalq hüquq-müdafiə təşkilatı adlanan "Freedom House" bu ilin əvvəlində qurumun keçid dövrü ölkələrinə dair açıqladığı və "Nations in Transit" adlanan illik hesabatında Azərbaycan əvvəlkilər kimi yenə də pis göstəricilər olan ölkələr sırasına daxil edilib. "Freedom House"un əvvəlki illərdə yaydığı hesabatları ilə son hesabatı arasında elə də ciddi fərq olmayıb. Hətta siyasi məhbus adlandırılan şəxslərin həbsdən azad olunmasından sonra da ölkəmizin Rusiya və Ermənistandan daha aşağı sırada yer almasını necə dəyərləndirmək olar? Qərəz, yoxsa araqarışdırma metodu? Bu haqda ətraflı düşünməyə ehtiyac var.

İki gündən sonra paytaxt Bakıda dünyaya səs salan Formula1 - açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatının Qran-pri yarışının növbəti mərhələsi keçiriləcək. Azərbaycan hökumətinin başı yarışın nümunəvi keçirilməsinə qarışıb.Təşkilatçılıq işi, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi məsələsi, on, bəlkə də yüz minlərlə insanın qəbulu, yerləşdirilməsi, qidalanması məsələləri, üstəlik gələnlərin arasında qərbin, şərqin, şimalın və cənubun agentləri, müxtəlif ekstremist birliklərin üzvlərinin xaricdən gələrək təxribat törətmək ehtimallarının qarşısının alınması və sairə bu kimi işlərin qaynadığı bir vaxtda "Freedom Hause" təşkilatının icraçı vise-prezidenti Daniel Kalingert təşkilatın çağırışını yayır. Çağırışda ölkəyə daxil olacaq jurnalistlərə müraciət edilərək böyük azarkeşlər ordusunun səbirsizliklə gözlədiyi bu idman bayramını siyasi qalmaqala çevirmək təklif olunur. Qeyd olunur ki, guya Azərbaycan hökuməti "Formula-1" yarışları kimi hadisələrdən istifadə edərək özünü müasir, mərhəmətli hakimiyyət kimi göstərməyə çalışır, öz vətəndaşlarının əsas azadlıqlarına qarşı repressiya tətbiq edir və başqa cür düşünənlərin səsini batırır. Anlaşılmaz məntiqdir! 

"Formula-1"   yarışlarının bir mərhələsinin Bakıda keçirilməsi barədə qərarı bizim hökumət yox,  inkişaf etmiş ölkələrdən olan şəxslər verib və Azərbaycanda müasir ab-hava, şərait olmasa idi, bu qərar verilməzdi. Bu aksiomadır! 

Çağırışda səslənən siyasi məhbus məsələsinə gəldikdə isə... Bəzən xaricilər xalqımıza elə bir baxış bucağından yanaşırlar ki, sanki onların ağızlarından çıxan hər kəlmə Azərbaycanda Quran ayəsi kimi qəbul edilməlidir. Kimin siyasi, kimin qeyri-siyasi məhbus olmasını məhkəmə araşdırır, cinayəti olan məhbəsə göndərilir, günahsız olan azadlığa buraxılır. Bəs onda, belə böhtan atanların məqsədləri nədir? Onları kimlər bu işə təhrik edir? Cavab mürəkkəb deyil: geosiyasi məqsədlər güdən qüvvələr. Olsun. Amma Azərbaycanda hadisələrin sətiraltı mənaları gözəl başa düşülür və vaxtında adekvat tədbirlər görülür.

Təşkilat hər məlumatının sonunda eıan edir ki, "Freedom House" demokratik dəyişiklikləri dəstəkləyir, müstəqildir, dünyada azadlığın vəziyyətinə nəzarət edir və sairə. Buna görə də azadlıq "carçı"larına sonda bir sual ünvanlamaq, məncə, yerinə düşər: Azərbaycanın 20% torpağının əsarətə salınması, 1 milyon əhalisinin mülkiyyətində olan torpaqda yaşamaq və işləmək azadlığının əlindən alınması, rahat yaşamaq azadlığının tapdalanması barədə "Freedom Hause" təşkilatının hüquq müdafiəçiləri 25 il ərzində bir dəfə səslərini çıxarıblarmı, təcavüzkarı və onun havadarlarını lənətləyiblərmi? Və yaxud, "Formula-1"in sonuncu mərhələ yarışı Kanadada keçirilib. Deyin görək, onda səs-küy salmışdınızmı ki, Kanadanın Kvebek əyaləti müstəqil olmaq istəyir, amma Kanadanın "mürtəce" hakimiyyəti buna yol vermir, ay jurnalistlər, işinizi-gücünüzü qoyun bir yana, yarışları boykot edin!

Cənablar, demokratiyadan danışıb özünü öyən inkişaf etmiş ölkələr 250 ildir bu yolla irəliləyir, amma hələ də axsayırlar, nə qədər aradan qaldırılacaq nöqsanları var. Bizim ölkə cəmi 25 ildir ki, sovetlər imperiyasının caynağından qurtarıb. Azərbaycanın 25 illik inkişafı 250 illiklə müqayisədə, bəlkə də ölçüyəgəlməzdir. Nöqsansız inkişaf yoxdur. Amma daim nöqsan axtarmaq özü nöqsandır və ara qarışdırmaqdan başqa heç nəyə yaramır. Azərbaycan qalmaqal yox, əməkdaşlıq edən dostlar axtarır. Dünyanın hər yerindən olan dövlətlər və təşkilatlarla qarşılıqlı əlaqələrimiz kifayət qədərdir. "Formula-1"   yarışları da həyatın bir sahəsində qazanılan uğurdur. Başqasının uğuruna kölgə salmaq istəyənlərin nəsibi uğursuzluq olur.




Sizin Reklam Yeriniz