news Image
2016.06.15
10:10
| A A A
Rusiyanın üzərinə qoyulan Qarabağ məsuliyyəti
Kreml status-kvonu dəyişmək barədə düşünür

Qarabağ münaqişəsinin həlli indiyədək sanki dalana dirənmişdi. Ara-sıra baş qaldıran ümidlər də çox sürüşkən idi. Çünki hamı bildiyi bir həqiqəti gizlədirdi. Gah prinsiplər irəli sürülür, gah beynəlxalq hüquqdan danışılır, gah da bu işə baş qoşanlar  sakitcə başlarını yellədirdilər. Minsk qrupunun həmsədrləri kimi deməyə söz olmayanda isə vaxtilə Fransanın təmsilçisi olmuş Bernar Fasye timsalında "yemək-içməkdən" danışırdılar.

Ancaq hamı bilirdi, bilirdi ki, münaqişənin baş təlimatçısı Rusiyadır. Kimsə diplomatik qaydalara, kimi geosiyasi marağa görə, kimi də "nə işimə qalıb, özləri bilərlər" misalına rəğmən həqiqəti dilə gətirmirdi. Düzdür, zərərçəkən tərəf kimi daim cəsarətli gedişləri ilə fərqlənən Azərbaycan Prezidenti bir neçə il əvvəl Ermənistanın forpostluğuna açıq işarə edərək bildirmişdi ki, heç demə biz üçüncü ölkə ilə söhbətimizi aparmalıyıq. Amma nə Minsk qrupunun həmsədrləri (onlar danışıqların keçirilməsində birbaşa məsuliyyəti öz üzərlərinə götürüblər), nə də digər maraqlı dövlətlər bu məlum həqiqəti dilə gətirmişdi. Heç kəsin gözləmədiyi halda ötən il Almaniyanın federal kansleri Angela Merkel "Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya və Ermənistan dayanır" mesajını verərək Azərbaycana dəstək ifadə edib. Bu il iyunun 7-dəki brifinqdə də kansler fikrini daha konkret ifadə bildirib: "Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır".

Almaniyanın get-gedə münaqişənin həllinə daha praqmatik yanaşması göstərir ki, torpaqların işğaldan azad olunması artıq zərurətə çevrilib. Qafqazda sivil metodlarla möhkəmlənmək arzusunda olan Avropaya sülh və tərəqqi sərf edir. Münaqişə və ya düşmənçilik münasibətləri saxlayan iki qonşu ölkə ilə üçüncü ölkənin əlaqələri simmetrik ola bilməz. Üstəlik, əgər dövlətlərdən biri güclü, digəri əlaltı olarsa. Bu mənada A.Merkel münaqişənin həllini istəsə də bu işdə həlledici olmaq imkanından məhrumdur. Buna görə də həll açarının yerini göstərməklə məsələnin həllini sürətləndirmək istəyib. Həm də Rusiyanın məsuliyyəti üzərində dayanıb.

Hazırkı durumda başqa bir niyyət də gizlənib. Qərb Ermənistanı Rusiyanın əlindən qoparmaq istəyir. Amma neçə illərdir, buna nail ola bilmir. Ermənistan dövlətini yox yerdən Rusiya yaradıb və 100 ildir onun keşiyində durur, istədiyi kimi idarə edir və təbii ki, strateji məasədlərinin quluna çevirib. Tarixdə elə bir hal olubmu ki, dünya dövləti əlində olan imkanı heç nədən, deyək ki, söz-söhbət əsnasında əlindən versin?! Rusiya Ermənistanı bu gün sərbəst buraxsa, gülüş hədəfinə çevrilər və bu, onun imicinə böyük zərbə olar. Ən əsası isə tarix bunu ona bağışlamaz. Bu səbəbdən Ermənistanın Rusiyadan qopması hələlik müşkül işdir. Digər tərəfdən münaqişədə status-kvonun saxlanması da Rusiyanın işidir. Ermənistanın belə ciddi işə gücü çatmaz. Amma son vaxtlar Kremlə bağlı siyasi ekspertlərin müxtəlif səviyyələrdə vaxtilə vilayət statusu daşıyan Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılmasının zəruriliyi barədə versiyalar irəli sürmələri, Ermənistana müharibənin başlayacağı xofu ilə xəbərdarlıq etmələri bunu deməyə əsas verir ki, Rusiya status-kvonu dəyişmək barədə düşünür. 

İyunun sonlarında Rusiyanın moderatorluğu ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün olacağı barədə xəbərlərin mətbuata sızdırılması da bununla bağlı ola bilər. Ancaq hələ də hadisələr gümanlar, fərziyyələr fonunda cərəyan edir. Qafqaz həmişə olduğu kimi yenə öz qaynarlığını saxlayır. Geosiyasi maraqların yeni çözüm kəsb etməsi an məsələsidir. Ancaq Azərbaycan tərəfinin israrlı və konkret mövqeyi hər bir halda müəyyən rol oynayır və ölkəni tərəfdaşa çevirmək istəyən ölkələr bunu nəzərə almaya bilməzlər. Əslində, indiyədək Azərbaycanın haqlı və əyilməz mövqeyi maraqlı tərəflərin ölkəmizə qarşı hiyləgər niyyətlərinin üstündən xətt çəkib. Kimin moderatorluğundan asılı olmayaraq Azərbaycan növbəti görüşə də sətiraltı mənası olmayan aydın təkliflərlə gedəcək. Təki haqq-ədalət pozulmasın, torpaqlarımız həqiqətən işğaldan azad olunsun.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs