Əlaqə Arxiv
news Image
2016.06.17
08:00
| A A A
“Formula-1” dünyada Azərbaycana diqqəti artırır
Fəzail Ağamalı: “Artıq Bakı dünyanın həm siyasi, həm humanitar, həm incəsənət, həm də idman yarışlarının mərkəzi imicini qazanıb” Şahin İsmayılov: “Yarışın ölkəmizdə də keçirilməsi olduqca müsbət hadisədir”

Paytaxtımız "Formula-1" kimi növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Eyni zamanda 10-12 min xarici turist gəlməsi ehtimal edilir. Hesab olunur ki, Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi beynəlxalq arenada Azərbaycanın populyarlığının və nüfuzunun artmasına xidmət edəcək. Eyni zamanda böyük şirkətlər ilə əməkdaşlıq iqtisadi baxımdan Azərbaycana əlavə təkan verəcək. Həmçinin Azərbaycanda turizmin inkişafına xidmət edəcək. Ümumiyyətlə, "Eurovision", Avropa Oyunları, "Formula-1" kimi tədbirlərin keçirilməsi Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirməkdə davam edir.

Millət vəkili Fəzail Ağamalı bildirdi ki, Azərbaycan bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib: "Bu baxımdan artıq Bakı dünyanın həm siyasi, həm humanitar, həm incəsənət, həm də idman yarışlarının mərkəzi imicini qazanıb. Bu, Azərbaycanın qüdrətinin geniş potensiala malik olmasının nümayişi və təsdiqidir. Nəzərə alaq ki, "Formula-1" yarışının dünyada çoxsaylı azarkeşləri var. Yarış ayrı-ayrı ölkələrdə keçirilərkən ölkələr öz imkanlarını dünya səviyyəsində nümayiş etdirməyə çalışırlar. Bu baxımdan Azərbaycanda "Formula-1" yarışının keçirilməsi ölkəmizin güclü dövlət və beynəlxalq səviyyədə keçirilən oxşar yarışlara ev sahibliyi etməyə qadir olduğunu nümayiş etdirir.

Bununla bərabər Azərbaycanı dünya miqyasında tanıdır, nüfuzunu gücləndirir. Məlumdur ki, dünya ölkələrinin bir hissəsi humanitar məsələlərə daha çox diqqət yetirir, bəzilər isə siyatə daha çox önəm verirlər. Bir çoxları da idmanla daha çox maraqlanır. Unutmayaq, idman dünyada ən məşhur sahələrdən hesab olunur. Ölkələrin tanıdılmasında mühüm rol oynayır. Onların içərisində isə "Formula-1" xüsusi yer tutur. Tam əminliklə deyə bilərik ki, "Formula-1" yarışı Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək. Azərbaycan bir daha özününün geniş imkanlarını dünyaya təqdim edə biləcək. Azərbaycanı dünyaya həm də bir idman ölkəsi kimi tanıdılmasında bu yarış mühüm rol oynayacaq. Yarışla bağlı ölkəmizə gələn insanlar gələcəkdə turist kimi gəlmək seçimi edəcək. Yəni, bu cür yarışlar həm də turizmin inkişafında mühüm rol oynayır. Bütövlükdə yarış özünün müsbət nəticələrini yaxın gələcəkdə göstərəcək".

Digər millət vəkili Şahin İsmayılov ilk olaraq "Formula-1" yarışının böyük bir idman hadisəsi olduğunu xatırlatdı: "Bu idman növü dünyada kifayət qədər məşhurluğu ilə tanınır. Yarışın ölkəmizdə də keçirilməsi olduqca müsbət hadisədir. "Formula-1" yarışının 500 milyonluq auditoriyası var. Dünyanın elit idman növləri sırasına daxildir. "Formula-1" yarışı izləyicilərinin böyük əksəriyyəti turistlər olacaq.

Hazırda paytaxt küçələrində kifayət qədər əcnəbiləri görə bilərik. Eyni zamanda otellərdə araşdırma aparsaq, kifayət qədər qonaqların olduğunu görərik. Artıq Bakı dünyada idman şəhəri kimi tanınır. "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi həm ölkəmizin tanınması, həm də təşkilatçılıq baxımından faydası böyük olacaq. Eyni zamanda ölkəmizdə turizmin inkişafına bir qədər də təkan verilmiş olacaq. Bu da Bakının dünyada turizm şəhəri kimi tanınmasına təsir göstərəcək".

Sizin Reklam Yeriniz