Əlaqə Arxiv
news Image
2016.06.17
09:00
| A A A
Rusiyadan Ermənistana sərt təpki
Aydın Ağayev: “Rusiya müdafiə nazirinin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində səsləndirdiyi fikirlər o deməkdir ki, bu məsələdə Moskva Ermənistanın yersiz hay-küyünə əhəmiyyət verməyəcək” Üzeyir Cəfərov: “Son zamanlar Ermənistanda Rusiyaya münasibətdə bir qədər soyuqluq müşahidə olunur”

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib. Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib. Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S.Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Qeyd edək ki, o bütün bunları Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 20-də baş tutacaq görüşü ərəfəsində söyləyib. Xatırladaq ki, görüş Sankt-Peterburq şəhərində keçiriləcək. Onu da bildirək ki, aprel döyüşlərində aldıqları sarsıdıcı zərbədən özünə gələ bilməyən Ermənistan rəhbərliyi həmin olaydan dərhal sonra Rusiyanı Azərbaycana silah satmaqda itiham edərək, bunun dərhal dayandırılmasını tələb edirdi. Bu da onunla bağlı idi ki, Azərbaycan Ermənistandan fərqli olaraq digər dövlətlər, o cümlədən Rusiyadan əsasən müasir tələblərə cavab verən ən yeni silah və hərbi texnika alıb. Ermənistanın isə hələ də hərbi arsenalı köhnə, sovet dönəmindən qalma, istifadə müddəti bitmiş silah və sursatlardan ibarətdir. Hansı ki, məhz köhnə və yararsız olması səbəbindən aprel döyüşlərində işğalçıların təmas xəttinin əks istiqamətinə atdıqları çoxsaylı mərmilər partlamamışdı. Ermənistanın hay-küy qaldırmasına baxmayaraq, Şoyqunun açıqlamasından da göründüyü kimi Bakı ilə Moskva arasında hərbi sahədə də əməkdaşlıq yüksələn xətt üzrə gedir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Rusiya müdafiə nazirinin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində səsləndirdiyi fikirlər o deməkdir ki, bu məsələdə Moskva Ermənistanın yersiz hay-küyünə əhəmiyyət verməyəcək: "Şoyqunun sözügedən açıqlamasını Ermənistana mesaj deyil, əslində, real vəziyyətə Rusiya hökumətinin rəsmi mövqeyi hesab edərdim. Rusiya hökuməti üçün bu şərait qaneedicidir. Moskva kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanla hərbi-texniki əməkdaşlıqda maraqlıdır. İkincisi, Rusiya hökuməti bu məsələyə görə Ermənistandan ortaya atılan, səsləndirilən tənqidi fikirlərə əhəmiyyət vermir. Bu, həm də o anlama gəlir ki, Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq davam edəcək".

Hərbçi-ekspert Üzeyir Cəfərov isə bildirir: "Əslində, Rusiya müdafiə nazirindən Azərbaycanın xeyrinə ola biləcək bir addım gözləmirəm. Bu kimi məsələlər heç də Şoyqunun iradəsindən asılı olan məsələ deyil. İstər Şoyqu, istər Lavrov, istərsə də Dövlət Dumasının deputatları olsun, onların hamısı prezident Vladimir Putindən asılı şəxslərdir.

Şoyqu bilir ki, Azərbaycanın müəyyən silahları almağa həm maliyyə imkanı, həm də həvəsi var. Ona görə də onlar ölkəmizlə hərbi əməkdaşlığın yüksək olduğu fikirlərini səsləndirməklə guya Azərbaycanla əməkdaşlığa önəm verdiklərini diqqətə çatdırırlar.

Şoyqunun Zakir Həsənovla görüşdə səsləndirdiyi həmin fikirlər də daha çox könlümüzü almaq üçün irəli atılan fikirlərdir. Ermənistan 2049-cu ilə qədər Rusiyanın diqtəsi altında yaşayacaq bir ölkədir və onlar bu ölkəni itirmək istəmir. Düzdür, son zamanlar Ermənistanda Rusiyaya münasibətdə bir qədər soyuqluq müşahidə olunur. Amma bunlar hamısı oyunun bir tərkib hissəsidir. Ermənistan gözəl bilir ki, hər zaman Rusiya onun arxasında duracaq. Moskva bizə silah satır, Ermənistana isə onu bağışlayır, yaxud da daxili qiymətlərlə verir, bəzi hallarda da barter əməliyyatları həyata keçirir".

Sizin Reklam Yeriniz