Əlaqə Arxiv
news Image
2016.06.21
07:00
| A A A
“Formula-1” yarışlarının Azərbaycana qazandırdığı böyük dividendlər
Mais Səfərli: “Xaricdə bizə qısqanc yanaşmaq kimi yanlış fikirlərin aradan qaldırılması üçün belə tədbirlərin əhəmiyyəti olduqca böyükdür” Azər Həsrət: “Formula-1” yarışları ölkəmizin dinc, insanların rahat olaraq yaşaya bilməsi üçün əlverişli yer olaraq müsbət mənada tanıdılması baxımından faydalı oldu”

Azərbaycan "Formula-1" yarışlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bunu gələn qonaqlar və yarış iştirakçıları da təsdiqləyirlər. Ümumiyyətlə, Bakı "Formula-1" yarışlarında adı qeyd olunan yeni bir şəhər oldu.

Qeyd edək ki, Azərbaycan dəfələrlə müxtəlif idman yarışlarına ev sahibliyi edib. Bu yarışlar arasında keçən il baş tutan ilk Avropa Oyunlarını da göstərmək olar. İndi də ölkəmiz "Formula-1" yarışlarına ev sahibliyi etdi. Adətən, keçirilən bu və ya digər tədbirlər, xüsusən də idman yarışları həmin ölkələrin dünyada nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada sözügedən yarış Azərbaycana, onun dünyadakı imicinə nə qazandırdı?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, Azərbaycan haqqında düşmənlərimiz tərəfindən xarici ölkələrdə formalaşan mənfi düşüncələrin aradan qaldırılması üçün belə tədbirlərin böyük əhəmiyyəti vardır: "Azərbaycan müstəqilliyini yenicə əldə etmiş bir dövlətdir. Azərbaycanın müstəqillyinin tarixi cəmi 25 ildir. Bu mənada da ölkəmizin dünyada hələ də tanıdılmasına ehtiyac var. Azərbaycan olduqca əhəmiyyətli bir dövlətdir və onun tanıdılması üçün əlimizdən gələni etməliyik.

İnkişaf etməkdə olan Azərbaycan kimi dövlətlərə istər xristian dünyasında, istərsə də dünyanın digər hissələrində müəyyən qüvvələr böyük qısqanclıqla yanaşırlar, paxıllığımızı çəkənlər çoxdur. Düşmənlərimiz həmişə çalışıb ki, bizi gözdən salsın, mədəniyyətdən, sivilizasiyadan uzaq bir xalq kimi tanıtsınlar. Ona görə də bu kimi yanlış fikirlərin aradan qaldırılması üçün belə tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Bu məsələnin böyük siyasi, mənəvi və mədəni tərəfi vardır. Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə yanaşı, onun dünyadakı imicinin möhkəmlənməsi, dövlət və xalqımızın daha yaxından tanıdılması üçün mümkün olan hər şeyi edir. Sözügedən idman yarışının keçirilməsi də məhz bu qəbildəndir. Dünyanın elə bir ölkəsi olmadı ki, bu tədbirdən yazmasın. Tədbirə gələn jurnalistlər təkcə idman yarışından deyil, Azərbaycan xalqının qonaqpərvərliyindən, necə mədəni, inkişaf etməsindən də yazırlar. Atılan bu addımlar onu göstərdi ki, Azəbaycan bundan sonra da daha böyük mədəni, kütləvi, idman tədbirlərinə ev sahibliyi etmək qabiliyyətindədir. Həmin yarışın Bakıda baş tutması ölkəmizə dünya miqyasında böyük bir imic gətirdi. Bu yarış xalqımızın nə dərəcədə sülhpərvər olduğunu dünya ictimaiyyətinin gözü qarşısında bir daha möhkəmləndirdi".

Siyasi şərhçi Azər Həsrət də düşünür ki, "Formula-1" yarışı Azərbaycanın yaxşı mənada tanıdılmasına daha bir töhvə verdi: "Ölkəmizdə keçirilən müxtəlif səpkili tədbirlər Azərbaycanın müsbət imicinin formalaşmasında öz sözünü deyir. Azərbaycan ümumiyyətlə, dünyaya tanınmalı olan ölkələrdəndir. Çünki uzun illər ərzində bolşevik Rusiyasının işğalı altında olmuşuq və dünya bizi müstəqil vahid kimi tanımayıb. O baxımdan əlbəttə ki, Azərbaycanın özü haqqında imic formalaşdırmasına böyük ehtiyac var. Bu mənada da düşünürəm ki, Bakıda baş tutan "Formula-1" yarışları Azərbaycanın yaxşı mənada tanınmasına ciddi töhfə verdi.

Dünyanın hər tərəfində bu yarışlar maraqla izlənilir. Bakıdakı tədbir zamanı da bunun şahidi olduq. Azərbaycanı tanıyan, tanımayan hər kəs 3 gün ərzində diqqitini bura cəmlədi. Nəticədə də ölkəmiz haqqında yeni təəssüratlara sahib oldular. Bu baxımdan "Formula-1" yarışları ölkəmizin dinc, insanların rahat olaraq yaşaya bilməsi üçün əlverişli yer olaraq müsbət mənada tanıdılması baxımından faydalı oldu. Bu əsasda əldə edilən informasiyaya uyğun olaraq ölkəmizə çoxsaylı turistin gələcəyi haqqında da proqnoz vermək olar. Bütün bunlar sadəcə, ölkəmizin adının tanıdılması ilə bitmir. Eyni zamanda, ölkəyə iqtisadi, mədəni faydaların da gətirilməsində öz sözünü deyəcək".

Sizin Reklam Yeriniz