news Image
2016.06.21
08:00
| A A A
Azərbaycan Ordusu yenə düşməni vahiməyə salır
Üzeyir Cəfərov : “Güclü ordusu olan ölkənin əsəblərini heç kəs tarıma çəkməyə çalışmaz” Ramil Məmmədli: "Azərbaycan Silahlı Qüvvələrinin istənilən təlim və sınaqları Ermənistana mesajdır"

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub. Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

Bir sıra ekspertlər Azərbaycan Ordusunun bu təlimlərinin xüsusi əhəmiyyətini onda görürlər ki, bu, Ermənistan üçün növbəti mesajdır. Hərbi məsələlər üzrə mütəxəssis Üzeyir Cəfərov bildirdi ki, hər bir təlimin məqsədi var: "O məqsədlərdən biri də ordunun öz gücünü göstərməsidir. Nəzərə alaq ki, torpaqlarımız işğal altındadır. Ona görə də düşmən bu təlimlərdən nəticə çıxartmalıdır. Azərbaycan boş yerə bu qədər şəxsi heyəti təlimlərə cəlb etməyib.

Təlim bütün silahlı qüvvələrin gücünün yoxlanılması məqsədi daşıyır. Düzdür, prezidentlərin Sankt-Peterburq görüşü ilə vaxt baxımından üst-üstə düşür. Eyni zamanda əsas məqsəd qoşunların döyüş sistemlərinin uzlaşdırılmasıdır. Yəni, bütün qoşun növlərinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılır. Prezidentlərin görüşünə elə də ümid bəsləmək lazım deyil. Çünki, ATƏT dərhal yaxasını kənara çəkdi. ABŞ və Fransa hiss etsə idi ki, Rusiya hansısa müsbətə imza atacaq, dərhal özləri də orada olmağa çalışardılar. Lakin bilirlər ki, Rusiya bu dəfə də qeyri-səmimilik nümayiş etdirəcək. Ona görə də dedilər ki bu görüşün onlara aidiyyatı yoxdur. Odur ki, bütün məsuliyyət yenə də ordunun üzərinə düşəcək. Ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində bu amil özünü göstərir. Çünki, güclü ordusu olan ölkənin əsəblərini heç kəs tarıma çəkməyə çalışmaz. Azərbaycan Ordusu aprelin əvvəlində düşmənə və havadarlarına bu illər ərzində nə qədər güc topladığını göstərib. Nəzərə alaq ki, apreldə ordumuz döyüş əməliyyatlarına başlamadı. Bu, baş verərsə, ortada tamamilə başqa mənzərə olacaq.

Hər bir halda təlimlərin böyük önəmi var. Təlimlərin həm daxilə, həm də xaricə hesablanmış əhəmiyyəti var. Xalq öz silahlı qüvvələrinin hazırlıq vəziyyəti ilə tanış olur, həmçinin də xaric Azərbaycan Ordusunun gücünü görür. Bir neçə il əvvəl biz təlimləri hərbi paradlarla əvəz edirdik. İndiki təlimlər isə döyüş hazırlığına böyük təkan veəcək".

Hərbi-siyasi şərhçi Ramil Məmmədli bildirdi ki, təlimlər plana uyğun həyata keçirilir: "Azərbaycan Silahlı Qüvvələrinin istənilən təlim və sınaqları Ermənistana mesajdır. Bu təlimin isə əhəmiyyəti olduqca böyükdür. Birincisi, təlimlərdə bütün qoşun növləri iştirak edir. İkincisi, təlimlərin böyük hissəsi cəbhəboyu ərazidə həyata keçiriləcək. Üçüncüsü isə təlimlər hücum əməliyyatları üzərində qurulub. Yəni, hərbçilərimiz düşmənin müdafiə istehkamlarının məhv edilməsi bacarıqlarını təkmilləşdirəcəklər. Məhz bu məqam Ermənistan üçün ciddi ismarıcdır. Hesab edirəm ki, Ordumuzun hər bir təlimi bizi qələbəyə yaxınlaşdırır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs