news Image
2016.06.21
09:30
| A A A
İslam həmrəyliyinin güclənməsi Azərbaycan nümunəsinin tətbiqindən keçir
Seyid Camal: “Hazırda həmrəylik istiqamətində Azərbaycanda mövcud olan nümunə İslam həmrəyliyinin güclənməsində, müsəlman ölkələri arasında sabitliyin yaranması və möhkəmlənməsində mühüm rol oynaya bilər” Gövhər Baxşəliyeva: “İlk növbədə bu dinə mənsub ölkələr arasında səmimi, saf münasibətlər olmalıdır”

Qafqaz Müsəlmanları İdarəsində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində çıxışı zamanı Prezident İlham Əliyev müsəlman həmrəyliyinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb: "Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir".

Aydın məsələdir ki, son illər İslam dünyasına nəzər saldıqda burada bir sıra xarici qüvvələrin əli ilə həmrəyliyin pozulduğunun və yaxud buna cəhdlərin olduğunun şahidi oluruq. Hazırda Suriya, İraq, Əfqanıstan, Liviya kimi müsəlman ölkələrində eyni dinə mənsub insanlar həmrəylikdən qat-qat uzaqdırlar. Əksinə, indi həmin ölkələrdə müsəlmanlar təəssüf ki, bir-birini məhv etməklə məşğuldurlar. Digər tərəfdən, bəzi İslam ölkələri də var ki, öz qərəzli maraqlarından çıxış edərək, təcavüzə məruq qalan din qardaşlarını müdafiə etmək əvəzinə, işğalçıya dəstək verir. İranın Azərbaycan torpaqlarını işğal edən Ermənistana hərtərəfli dəstək olduğunu burada qeyd etmək kifayətdir. Buradan belə çıxır ki, hələ də İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atılmalıdır. Bəs, bu istiqamətdə nə kimi addımların atılması vacibdir? Azərbaycanın bu prosesdə hansı rolu ola bilər?

Şərqşünas Seyid Camal Əzimbəyli qeyd etdi ki, hazırda həmrəylik istiqamətində Azərbaycanda mövcud olan nümunə İslam həmrəyliyinin güclənməsində, müsəlman ölkələri arasında sabitliyin yaranması və möhkəmlənməsində mühüm rol oynaya bilər: "Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar süfrəsində etdiyi çıxışı təqdir olunmalıdır. Ona görə ki, Azərbaycan müsəlman ölkəsi olmaqla bərabər, ölkəmizdə istər dinlər, məzhəblər, istərsə də millətlərarası tolerantlıq dünyanın heç bir ölkəsində olmayacaq qədər yüksək səviyyədədir. Bu da İslam həmrəyliyinin gücləndirilməsi yolunda gözəl bir nümunədir. Bu nümunənin dünyaya yayılması yolunda Azərbaycanda ideoloji baxımdan iş də aparılır.

Azərbaycan dünyəvi ölkə olsa da, burada insanların dini ayinlərini sərbəst şəkildə həyata keçirməsi də dünyaya, o cümlədən İslam həmrəyliyinə bir nümunədir. Digər din mənsublarına da öz ayinlərinin icra olunmasına hərtərəfli şərait yaradılıb. İraqda, Suriyada, Pakistanda görürük ki, bir mənsəb təmsilçisi digər mənsəb nümayəndələrinin olduğu məscidə bomba ataraq orada çoxsaylı insanın ölümünə bais olur. Azərbaycanda isə tam əksinədir, hər bir kəs digərinin dini inancına hörmət edir, bütün dini inancların tam sərbəst və könüllü şəkildə icrasına hərtərəfli şərait yaradılır. Ona görə də Azərbaycan bu müqəddəs dəyərlərin dünyada, o cümlədən İslam aləmində daha geniş baxımdan təbliğ olunması istiqamətində mühüm rol oynaya bilər. Xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, həmin iftar süfrəsində Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrin səfirləri də iştirak edirdi. Bu baxımdan İlham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində etdiyi çağırışda çox düşündürücü və ciddi mesajlar var.

Bu günləri İran müsəlman ölkəsi olsa da, Azərbaycanın əbədi düşməni olan Ermənistanla hər baxımdan əməkdaşlıq edir, hətta viza rejiminin ləğvini həyata keçirirsə, təbii ki, İlham Əliyevin bu çağırışı həqiqətən nümunəvi müsəlman ölkəsi olaraq digər dövlətlərə də İslam həmrəyliyinin vacib olmasını göz önünə gətirir".

Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın fikrincə, İslam həmrəyliyinin güclü olması üçün bir sıra müsəlman ölkələri var ki, onların öz fəaliyyətlərində səmimi olmaları vacibdir: "İslam Əməkdaşlıq Təşkilatının(İƏT) əsas fəaliyyət prinsipi məhz İslam həmrəyliyinə nail olmaqdır. İƏT-in Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq hər il bu qurumun toplantılarında iştirak edirik. Hər il burada müxtəlif səpkili qətnamələr qəbul olunur ki, onlar arasında da ən mühümləri müsəlman həmrəyliyinə yönəlik qəbul edilən qətnamələrdir.

Qarabağ məsələsində də bütün müsəlman ölkələri həmrəyliyə, işğalçı ilə əməkdaşlıqdan imtina etməyə, onunla bütün əlaqələri kəsməyə dəvət edilir. Amma təəssüf ki, qurumun toplantılarında bu məsələyə səs versələr də, qayıdan kimi bəzi müsəlman dövlətləri yenə də işğalçı Ermənistanla hərtərəfli əməkdaşlığı davam etdirirlər. Bunu edənlər sırasında ilk yeri isə qonşu İran tutur. Tehran Ermənistanla nəinki hərtərəfli əməkdaşlıq edir, hətta bu günlərdə onunla viza rejimini də qarşılıqlı olaraq ləğv etdi. Keçən həftə İran xarici işlər nazirinin müavini Hadi Süleymanpurla görüşdə ona da dedim ki, necə olur, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələr bu günə qədər Ermənistanla diplomatik münasibətlər yaratmayıb, amma Tehran nəinki buna gedib, hətta işğalçı ilə sıx əməkdaşlıq da edir.

Biz İrandan bir müsəlman ölkəsi olaraq ona bəslədiyimiz münasibəti gözləyirik. Prezident də dəfələrlə deyib ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayacaq. Yəni, Azərbaycan İrana da səmimi, saf münasibətlər bəsləyir. Bunu deməkdə məqsədim odur ki, İslam həmrəyliyinin güclü olmasına nail olmaq üçün ilk növbədə bu dinə mənsub ölkələr arasında səmimi, saf münasibətlər olmalıdır. Əvəzində İran tərəfdən qeyri-səmimilik görürük ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olur. Azərbaycan da İslam aləminin ayrılmaz bir hissəsidir. Burada əhalinin böyük əksəriyyəti İslam dininə sitayiş edir. VII əsrdən ölkəmizə İslam gəlib. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirib və yetirir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs