Əlaqə Arxiv
news Image
2016.06.22
09:45
| A A A
Dünya iqtisadiyyatı üçün «Brexit» təhdidi gəlir
Elman Nəsirli : “İngiltərə Aİ-dən çıxarsa, bu, Aİ-də müəyyən mənada mərkəzdənqaçma qüvvələrinin fəallaşmasına səbəb ola bilər”

Dünyanın diqqəti Böyük Britaniyadadır. Bu ayın 23-də ingilislərin Avropa İttifaqından (Aİ) çıxıb-çıxmamasına dair referendum keçiriləcək. Hələlik ehitmallar yarıbayarı görünür. Bir sıra ekspertlər prosesin "domino" effekti yaradacağını düşünürlər. Yəni, Böyük Britaniya Aİ-dən çıxarsa (bu proses "Brexit" adlanır), bütövlükdə qurumun dağılma ehtimalı var. Bu isə Aİ-nin iqtisadi partnyoru olan ölkələrə də təsirsiz ötüşməyəcək. Hansı ki, həmin ölkələrdən biri də məhz Azərbaycandır. Qeyd edək ki, ötən il Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47 faiz, 2016-cı ilin birinci rübündə isə 43 faiz olub.

Milət vəkili Elman Nəsirli düşünür ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması real görünməyən məsələdir: "Bu, daha çox siyasi "oyun"a bənzəyir. Çünki, ölkənin baş naziri bu ideyanı həm dilə gətirən, həm də əleyhinə olan şəxsdir. Yəni, özü manevr edir. Böyük Britaniya onsuz da Şengen zonasının üzvü olmayıb. Bundan başqa öz valyutası olub. Böyük Britaniya bu refenduma getməklə növbəti dividendlər qazanmaq niyyətindədir. Lakin əgər İngiltərə Aİ-dən çıxarsa, bu, Aİ-də müəyyən mənada mərkəzdənqaçma qüvvələrinin fəallaşmasına səbəb ola bilər. Amma Aİ-nin dağılma ehtimalı kifayət qədər aşağıdır.

Böyük Britaniya Aİ-dən çıxmayacaq. Lakin əgər hadisələr bu ssenari üzrə inkişaf etsə, Aİ üçün güclü zərbə olacaq. Tək Aİ üçün yox, bütövlükdə dünya iqtisadiyyatı üçün zərbə olacaq. Artıq bir çox dövlətlər gözləmə mövqeyindədirlər ki, bu halda nə etsinlər. Böyük Britaniya çıxarsa, Aİ daxilində qarşıdurmalar üçün münbit şərait yaranmış olacaq. Lakin bu, baş versə də, Aİ kimi nəhəng qurumun bir dövlətin çıxması ilə dağılması real görünmür. Əgər analoji addımı Almaniya, yaxud Fransa atsa idi, bu, Aİ-nin sonunun başlanğıcı ola bilərdi. Onu da nəzərə alaq ki, Norveç üzvü olmasa da, Aİ-yə İngiltərədən çox inteqrasiya edib".

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, referendumun nəticələri Aİ-nin gələcək taleyində mühüm rol oynayacaq: "İngiltərənin Aİ-də qalıb-qalmaması məsələsində ehtimallar bir-birinə yaxındır. Əgər İngiltərə Aİ-dən ayrılacaqsa, İttifaqın gələcəyini çox böyük sual altına qoyacaq. Sonradan Birliyin idarə olunmasında yeni formatların yaradılmasının şahidi ola bilərik".

Ekspert əlavə etdi ki, Azərbaycanın ən böyük ticarət partnyotu Aİ ölkələridir: "Amma Azərbaycanın ayrılıqda ölkələrlə münasibəti daha öndədir. Ona görə də hətta Aİ dağılması belə Azərbaycana birbaşa ciddi təsir göstərməyəcək. Lakin Böyük Britaniyanın Aİ-dən çıxması dünya maliyyə bazarlarına təsirsiz ötüşməyəcək. Dünya maliyyə bazarlarına təsir göstərməsi isə Azərbaycandan yan keçə bilməz. Həm dolların məzənnəsi, həm də neftin qiymətləri ilə əlaqəli müəyyən effektlər yarada bilər. Yəni, maliyyə bazarlarında, birjalarda yaşanan təlatümlərin ölkəmizə də təsiri mümkündür".

Sizin Reklam Yeriniz