Əlaqə Arxiv
news Image
2016.06.23
07:00
| A A A
“Metsamor” təhdidinə dünyanın biganəliyi davam edir
Elman Məmmədov: “Həmin AES istismar müddəti çoxdan başa çatan və hazırda yararsız vəziyyətdə olan bir obyektdir”

Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının bölgəyə xüsusi təhlükə yaratdığı artıq dünya ictimaiyyətinə də bəllidir. Bu AES köhnə, yararlılıq müddəti artıq çoxdan bitmiş avadanlıqla təchiz edildiyinə görə qəzaya və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. Digər tərəfdən, "Metsamor" AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdləri barədə çoxsaylı faktlar mövcuddur.

Azərbaycan tərəfi "Metsamor"un yaratdığı təhlükəni nəzərə alaraq dəfələrlə müvafiq beynəlxalq instansiyalar qarşısında onun bağlanması barədə məsələ qaldırıb. Təhlükə göz önündə olsa və bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, dünya ictimaiyyəti məsələnin çözülməsi istiqamətində hələ də lazımı addımlar atmaqdan yayınır.

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, dünyanın "Metsamor" AES-dən qaynaqlanan təhlükələrə qarşı lazımı addımlar atmamasının kökündə onların bu məsələyə də biganə və laqeyd münasibəti dayanır: "Ermənistanın region üçün təhlükə mənbəyi olaraq qalan "Metsamor" Atom Elektrik Stansiyasını işlətməkdə davam etməsi çox ciddi bir məsələdir. Burada söhbət təkcə Azərbaycan və digər qonşu dövlətlərdən getmir, eyni zamanda həmin stansiya Ermənistanın, onun xalqının özü üçün də real təhlükə mənbəyidir. Ermənistan rəhbərliyi öz xalqının qayğısına qalırsa, ilk növbədə özlərini fikirləşməlidirlər ki, istənilən halda ən dəhşətli fəlakət baş verə bilər və onun da əsas ağırlığı məhz onların öz üzərinə düşəcək.

Həmin AES istismar müddəti çoxdan başa çatan və hazırda yararsız vəziyyətdə olan bir obyektdir. Bütün Cənubi Qafqaz, həmçinin Türkiyə və İran üçün də ciddi təhlükə mənbəyidir. Burada baş verən bilən və baş vermə ehtimalı da böyük olan hər hansı bir təhlükə nəticəsində küləyin istiqamətindən asılı olaraq böyük bir ərazi radiaktiv çirklənmə ilə üz-üzə qala bilər. Həmin vəziyyət isə çoxsaylı insan tələfatına gətirib çıxarar. "Metsamor"da baş verəcək hər hansı bir təhlükə həmçinin qısa zaman deyil, uzun müddətli dövr üçün bir təhlükə yarada bilər. Burada söhbət on illərlə davam edə biləcək bir fəlakətdən gedir. Bu sahəyə cavabdeh olan beynəlxalq qurumlar var və onlar həmin stansiyanın fəaliyyətinin dayandırılmasına nail olmalıdırlar. Azərbaycan bu məsələni qaldırmaqla təkcə özünü düşünmür. Azərbaycan həm də regionun bütün digər dövlətləri üçün də həyəcan təbili çalır. Stansiyanın yaratdığı təhlikədən xilas olmaq üçün o bağlanmalıdır. Bunun üçün də sözü və gücü olan dövlətlər, bu məsələdə məsuliyyət daşıyan beynəlxalq rəsmi qurumlar təcili olaraq əməli fəaliyyətə keçməlidir. Həmin Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib və bu gün də eyni vəziyyət davam edir. Bu məsələyə laqeyd olan beynəlxalq qurum və dövlətlər elə təhlükə mənbəyi olan "Metsamor" AES məsələsində də anoloji laqeyd münasibəti bəsləyirlər. Onlar Ermənistanın törətdiyi cinayətlərə qarşı biganə qaldıqları kimi, bu ölkənin geniş bir bölgə üçün təhlükə mənbəyi olan atom elektrik stansiyasına münasibətdə də eyni dərəcədə biganədirlər"

Sizin Reklam Yeriniz