Əlaqə Arxiv
news Image
2016.06.24
15:52
| A A A
Qənirə Paşayeva: "Niyə ermənilərdən soruşmursunuz ki, işğalçı əsgərlərinin Azərbaycan torpaqlarında nə işi var?"

Millət vəkili Qənirə Paşayeva bu gün AŞ PA-da Avropada miqrantlarla bağlı məruzənin müzakirəsi zamanı çıxış edib.


Q.Paşayeva Azərbaycan və Türkiyə əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib: "Hesabatda da ifadə edildiyi kimi, Avropada qaçqınlara qarşı hücumların artması burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Avropadakı iqtisadi böhranın səbəbkarları qaçqınlar və məcburi köçkünlər deyil. Bu baxımdan biz Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq.


Dəyərli həmkarlarım, mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, 24 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evindən köçkün düşdü. Bu işğal nəticəsində hər səkkiz azərbaycanlıdan biri toprağını, evini, işini itirərək köçkün statusuna düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə Özbəkistanda baş verən hadisələrin nəticəsində oradan qaçmaq məcburiyyətində qalmış on minlərlə Ahısqa türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. Dəyərli həmkarlarım, Suriyada davam edən savaş səbəbindən bu ölkədən qaçan milyonlarla insan qaçqın durumuna düşdü. Ermənistan bu hadisədən belə, özünün işğalçılıq siyasəti üçün yararlanmağa çalışır".


O vurğulayıb ki, Ermənistan Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına köçürür: "Hesab edirəm ki, Ermənistanın bu qeyri-insani fəaliyyətlərinə Miqrasiya komitəsi səssiz qalmamalıdır. Mən buradan sizin qarşınızda Ermənistan heyətindən soruşuram. Siz nə üçün Ermənistanda o qədər yerlər qala-qala, Suriyadan gələnlərin bir hissəsini qeyri-qanuni olduğunu bildiyiniz halda işğal etdiyiniz Azərbaycan torpaqlarında yerləşdirirsiniz? Bunu dayandırın. Əziz həmkarlarım, bilirsiniz ki, bir neçə il öncə ATƏT-in faktaraşdırıcı missiyası Ermənistanın işğal etdiyi Azərbaycan topraqlarında araşdırma aparmışdır. Araşdırma nəticəsində hazırlanan hesabatda Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarına süni məskunlaşma aparmaması, kənardan insanlar gətirib yerləşdirməməsi tələb olunmuşdur. Bunun beynəlxalq hüquq qaydalarına zidd olduğu qeyd edilmişdi. Amma Ermənistan, ATƏT-in bu çağırışlarına baxmayaraq, indi də Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirir. Mən buradan Qaçqınlar komitəsinə çağırış edirəm. Bu məsələyə səssiz qalmayın, Ermənistanı ciddi şəkildə xəbərdar edin və Ermənistanın beynəlxalq hüquqazidd addımlarına qarşı geçikmədən lazımi tədbirlər görün. Ermənistan nümayəndə heyəti üzvlərinin Azərbaycan və Türkiyə əleyhinə çıxışlarını təəssüflə izlədik və kəskin qınayıram. Ermənistan nümayəndə heyəti üzvləri Türkiyə əleyhinə çıxış edərək deyir ki, 1915-ci ildə Osmanlıdan ölkəmizə qaçan ermənilər. Deyəsə,n Ermənistan millət vəkili tarixi unudub, ya da yanlış məlumatlar vermək istəyir. Birincisi, 1915-ci ildə Ermənistan adlı dövlət yox idi, ikincisi, səsləndirdikləri məlumatlar yanlışdır. Ermənistan heyətinin Azərbaycanla bağlı səsləndirdiyi yalan məlumatlara gəlincə. Ermənistan millət vəkillləri bir az öncə deyir ki, guya apreldə Azərbaycan sərhəd boyunca Ermənistana hücum edib və s. Assambleyadan, siz millət vəkillərindən xahiş edirəm, xəritəni alın əlinizə və Ermənistan millət vəkillərindən sizə toqquşma dedikləri yerləri göstərmələrini deyin. Baxıb görəcəksiniz ki, göstərdikləri yerlər Azərbaycan torpaqlarıdır. O zaman bunlara sual edin ki, sizin işğalçı ordunuzun, əsgərlərinizin Azərbaycan torpaqlarında nə işi var? Siz o zaman bütün suallarınıza da, həqiqətlərə də tam aydınlıq gətirə biləcəksiniz və Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə çıxışının yalan olduğunu görəcəksiniz".

Sizin Reklam Yeriniz