Əlaqə Arxiv
news Image
2016.06.25
09:15
| A A A
Ermənistanın qeyri-konstruktivliyi müharibəni yenidən başlada bilər
Aydın Ağayev: “Hazırda danışıqlar prosesində cərəyan edən hadisələr Azərbaycanın xeyrinə gedir” Elşən Mustafayev: “Azərbaycan bundan sonra danışıqlar prosesinin uzadılmasına razı olmayacaq”

Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətlə bağlı fərqli fikirlər səslənir. Bir çox ekspertlər artıq bu qənaətdədir ki, münaqişənin çözümü istiqamətində artıq real addımlar atılacaq. Lakin bu qənaəti heç də hamı bölüşmür. Bəzi müşahidəçilərin fikrincə, Sankt-Peterburq görüşündən sonra erməni tərəfi yenə konstruktiv mövqe nümayiş etdirməkdən qaçır. Maraqlıdır, bu dəfə də ermənilər öhdəliyə əməl etməsə, onda müharibə yenidən alovlana bilərmi?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, hazırda danışıqlar prosesində cərəyan edən hadisələr Azərbaycanın xeyrinə gedir: "İndiki şərait vəziyyəti başqa məcraya kökləyir. Güman edirəm ki, indi daha çox diplomatik fəallıq artırılmalıdır. Bu istiqamətdə fəallığı davam etdirməliyik. İkinci bir tərəfdən, rəsmilər tərəfindən söylənilən hər hansı bir rəyi diqqətlə təhlil etmək lazımdır. Nə üçün bu və ya digər fikirlər söylənilir, məqsəd nədir?

Mənasız hay-küy qaldırmaq lazım deyil. Uzun illər bu prosesdə olmuş hər hansı bir şəxsin fikirlərini ciddiyə almaq lazımdır, başa düşmək lazımdır ki, elə-belə heç nə deyilmir. Ona görə də məsələnin sülh və ya müharibə variantı məsələsinə, bu günlərdə, yaxın həftələrdə, ondan sonrakı dövrdə gedəcək proseslər kontekstində bir qədər fərqli yanaşmaq lazımdır. Ordu quruculuğu, onun möhkəmləndirilməsi bizə hələ uzun illər lazım olacaq. Çünki güclü ordu diplomatiyanı, özünə inamı artırır. Ordu öz işindədir, diplomatiya da öz işini görməlidir və görür. Ona görə məsələnin şərhi zamanı qarşı tərəf və yaxud hər hansı bir başqa ölkə tərəfindən söylənilən rəylərə də diqqətli olmaq gərəkdir. Həmin rəylərdən lazım olmayan, əsası olmayan nəticələr çıxardıb ictimai rəyimizə sırımaq gərək deyil.

Hesab etmirəm ki, proseslər ölkəmizin ziyanına gedir, belə düşünməyə qətiyyən əsas yoxdur. Prosesin nizamlanması üçün böyük zəhmət çəkilib, böyük işlər görülüb və proses davam edir".

Politoloq Elşən Mustafayev qeyd etdi ki, hərbi əməliyyatlar hər an başlaya bilər: "Müharibənin başlanması qaçılmazdır. Ermənistan son 23 ildə danışıqlar prosesini nə şəkildə dalana dirəməyə çalışmışdısa, bundan sonra da həmin addımı atacaq. Çünki istənilən halda proses bir işin üzərində qurulub. O da Dağlıq Qarabağın statusunun hansı şəkildə olması ilə bağlıdır. Dövlətlərin razılaşmadığı məqam da budur. Hamı nəticəyə baxır.

Azərbaycan Dağlıq Qarabağın yüksək statusla tərkibində qalmasına razıdır. Məsələ ondadır ki, Ermənistan buna razı deyil. Madrid prinsipində göstərilirdi ki, bütün proseslərin çözülməsindən sonra sonrakı taleləri məsələsini Dağlıq Qarabağ sakinlərinin özləri referendumla müəyyənləşdirəcək. Təbii ki, Azərbaycan da buna heç cürə razı ola bilməz. Belə olan halda sözsüz ki, Ermənistan yenə də prosesi pozmağa çalışmaqda davam edəcək. Ona görə də müharibənin hər an başlaya biləcəyi qaçılmazdır.

Hesab edirəm ki, Azərbaycan bundan sonra danışıqlar prosesinin uzadılmasına razı olmayacaq. Çünki uzandıqca prosesin həlli daha da dalana dirənir. Nəticə etibarı ilə gələcəkdə hərbi əməliyyatların başlanmasına qapı açılacaq şəkildə bir proses ortaya gələ bilər. Nəticənin yaxın zamanlarda müsbət və ya mənfi məcraya gələcəyi bəlli olacaq. Güman edirəm ki, danışıqlar prosesi ən yaxşı halda cari ilin sonuna qədər öz pik həddinə çatacaq. Ondan sonrakı məsuliyyət isə böyük dövlətlərin üzərində olacaq. Rusiya da aprel əməliyyatlarının dayandırılması fonunda məsələnin tezliklə həllinə bir qarant durub. O, sözünün arxasında durmayacağı halda, gələcəkdə hərbi əməliyyatlar zamanı Kremlin onu dayandırmaq fikirlərinə də yer olmayacaq".

Sizin Reklam Yeriniz