Əlaqə Arxiv
news Image
2016.06.29
07:00
| A A A
Qarabağda Ermənistan üçün vaxt limiti
Aydın Ağayev: “Prezident münaqişənin nizamlanması ətrafında indiyə qədər davam etmiş prosesləri Azərbaycanın milli maraqları baxımından yekunlaşdırdı” Elman Məmmədov: “Artıq konkret əməli fəaliyyətə keçilməlidir, cənab Prezident də məhz bu mesajı verib”

Prezident İlham Əliyev bu günlərdə Dağlıq Qarabağla bağlı daha bir mühüm açıqlama verib: "Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq".

Bu açıqlamadan göründüyü kimi, Azərbaycan artıq konfliktin həllilə bağlı konkret vaxt tələb edir. Qeyd edək ki, bu, həm də Azərbaycan diplomatiyasının aprelin əvvəlində ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra başlanan Vyana, ardınca Sankt-Peterburq görüşlərində əldə etdiyi uğurlu fəaliyyətinin nəticəsidir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdüri Aydın Ağayev cərəyan edən proseslərə əsasən münaqişənin həllilə bağlı vaxt tələbinin qoyulmasının həll prosesini sürətləndirəcəyini bildirdi: "Konkret vaxt tələb edilməsi münaqişənin həllini sözsüz ki, sürətləndirə bilər. Bundan əvvəlki proseslərə baxsaq, həmin nəticəyə gəlmək mümkündür. Aprel döyüşlərinin ardınca atəşkəs təmin olunduqdan sonra iyun ayında deyildiyi kimi üçtərəfli görüşlər keçirildi və fikrimcə, burada çox mühüm məsələlər müzakirə olundu. Yəni, kimlərsə güman edirsə ki, proses körtəbii şəkildə davam edir və yaxud Azərbaycan ziyanına hansısa proseslər gedir, onlar səhv edirlər.

Prosesdə canlanma var və Prezidentin məsələlərə aydınlıq gətirməsinin çox mühüm əhəmiyyəti oldu. O mənada ki, proseslə bağlı siyasi dairələrdə, şərhçilər, jurnalistlər arasında müxtəlif yanaşma və təhlillər aparılırdı. Azərbaycan dövlət başçısı məsələlərə çox konkret münasibət bildirdi. Məsələni lazım bildiyi qədər açdı və hesab edirəm ki, münaqişənin nizamlanması ətrafında indiyə qədər davam etmiş prosesləri Azərbaycanın milli maraqları baxımından yekunlaşdırdı. Bu yekunlaşdırmada habelə növbəti məsələlərə keçid də var. Yəni Azərbaycan açıqdır, məsələləri belə qoymayacaq. Nizamlanma prosesi apreldən əvvəlki vaxta bir daha heç zaman qayıtmayacaq. Bax, onun şahidi oluruq. Proses bu cür davam edəcək. Növbəti görüşlər barədə ciddi mənbələrdə hansısa informasiyalar gedirsə, onlar gec-tez öz təsdiqini tapır. Ümid etmək olar ki, proses daha sürətlə gedəcək".

Milli Məclisin deputatı Elman Məmmədov da bildirdi ki, konkret vaxtın tələb edilməsi prosesin həllini sürətləndirə bilər: "Sonsuz danışıqlar görün, nə qədər müddətdir davam edir. Ortalıqda konkret əməli fəaliyyətin olmaması Ermənistana və onun işğal siyasətini müdafiə edən tərəflərə sərf edir. Ancaq bu Azərbaycan tərəfini qane etmir.

Bizim torpaqlar işğal altındadır. Bu səbəbdən cənab Prezident özünün ifadə etdiyi kimi çox güman, son görüşdə də bu fikri ortaya qoyub ki, işğalçı dövlətin silahlı qüvvələrinin torpaqlarımızı nə vaxt tərk edəcəklərilə bağlı konkret vaxtı bilməliyik. Hər şey də bundan sonra başlayacaq. Yəni, sülhə, qarşılıqlı etimada nail olmaq üçün ilkin bir hərəkət olmalıdır. Bu hərəkət də işğalçı tərəfin silahlı qüvvələrinin Azərbaycan ərazilərini qeyri-şərtsiz tərk etməsidir. Bundan sonra dayanıqlı sülhə necə nail olunması, qarşılıqlı etimadın necə olacağı, gələcəkdə Azərbaycanın tərkibində Qarabağ ermənilərinə hansı status veriləcək kimi məsələlər isə sonrakı mərhələlərin məsələsidir. Cənab Prezident konkret vaxt məsələsini ortaya atmaqla həmsədr dövlətlərin qarşısında da şərt qoyur ki, işğalçı tərəflə danışıb bu məsələlərin nə vaxt başlanacağını razılaşdırsınlar.

Təbii ki, son danışıqlardan sonra Ermənistan prezidenti və xarici işlər naziri erməni cəmiyyətinə yenə də ağıllarına gələni danışdılar. Belə davam etsə, bu, ölkəmizi qane etməyəcək və biz nə isə etmək məcburiyyətində qalacağıq. Nə isə etmək də o deməkdir ki, müharibə başlana bilər. Bu qaçılmazdır. Artıq konkret əməli fəaliyyətə keçilməlidir. Cənab Prezident də məhz bu mesajı verib".

Sizin Reklam Yeriniz