news Image
2016.06.29
08:00
| A A A
Qarabağ münaqişəsi ABŞ-ı daha çox narahat etməyə başlayıb
Şahin Cəfərli: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllini səmimi şəkildə arzuladığına və bu prosesə töhfə vermək istədiyinə şübhə yoxdur” Elşən Manafov: “ABŞ-ın bölgədə cərəyan edən hadisələrə Rusiya qədər təsir etmək imkanları yoxdur”

"ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan irəliləyişləri dəstəkləyir və problemin həlli üçün əlindən gələni edir".

Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink bəyan edib. O bəyan edib ki, Dövlət Departamenti həmsədrlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışır". ABŞ rəsmisinin bu cür açıqlaması bəzi şərhçilər tərəfindən ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində aktivləşməsi kimi izah edilir.

Politoloq Şahin Cəfərlinin fikrincə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllini səmimi şəkildə arzuladığına və bu prosesə töhfə vermək istədiyinə şübhə yoxdur: "Lakin bu məsələdə reallıq başqadır. Münaqişənin həlli prosesi Rusiyanın inhisarındadır və onun dominantlığı altında gedir. ABŞ və Avropa Birliyi isə bu durumdan heç də narahat deyil. Əksinə, Rusiyanın bu yükü onların çiyinlərindən götürməsindən məmnun görünürlər.

Bu gün ABŞ və Avropanın kifayət qədər problemləri var, bir də bunlara əlavə olaraq Qarabağ məsələsi ilə məşğul olmağa həvəsləri yoxdur. Atəşkəsin davam etməsi onları qane edir, Rusiyanın vasitəçiliyi ilə əldə oluna biləcək sülhə dəstək verəcəkləri də şübhəsizdir. Dağlıq Qarabağın yekunda kimin nəzarətində qalacağı vasitəçilər üçün elə də önəm kəsb etmir. Eyni zamanda, Rusiyanın təşəbbüslərinin iflasa uğraması və sülhün baş tutmaması ehtimalı da Vaşinqtonu narahat etmir. Çünki bu halda məsuliyyət Rusiyanın üzərində qalacaq və onun regional təsiri müəyyən qədər zəifləyəcək. Əgər Rusiyanın vasitəçiliyi nəticə verməzsə, ABŞ bu missiyanı öz üzərinə götürə bilər, lakin bunun üçün münaqişə tərəflərinin razılığı və müraciəti lazımdır. Bu mərhələdə isə münaqişənin həlli mümkün olmayacaq və proses yenə uzanacaq. Bunun mənfi tərəfləri ilə birlikdə müsbət tərəfləri də var. Çünki masada olan təkliflər bizim maraqlarımıza uyğun deyilsə, əlverişsiz sülhə getməkdənsə, münaqişənin daha bir müddət donmuş vəziyyətdə qalması daha sərfəlidir. Gələcəkdə regional və qlobal proseslər bizim üçün daha əlverişli durumun yaranmasına gətirib çıxara bilər. Maraqlarımıza zidd sülh sazişi imzalamaqdansa, həmin məqamı gözləmək daha məqsədəuyğundur".

Digər siyasi şərhçi Elşən Manafov bildirdi ki, Rusiyanın təşəbbüsü ilə keçirilmiş görüş həm ABŞ-a, həm də bölgədə maraqları olan Avropa dövlətlərinin siyasi elitalarına münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda həlledici mövqeyin və ciddi resursların Rusiyaya məxsus olduğunu göstərdi: "İstisna deyil ki, Rusiyanın Kazan prinsipləri hər iki dövləti qane edir. Kazan görüşünün prinsipləri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsini özündə ehtiva edir. Bu istiqamətdə danışıqların aparılması mümkündür.

ABŞ da Rusiyanın dominatlığından narahat olmağa başlayıb. Lakin ABŞ-ın bu bəyanatı getmiş qatarın dalınca baxmaqdan başqa nəsə olmayacaq. ABŞ dəfələrlə belə mövqedən çıxış edib. Təbii ki, ABŞ problemin çözülməsində maraqlıdır. Lakin ABŞ problemin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllində birmənalı mövqe sərgiləmir. Həmsədrlər daim ikili standartlardan çıxış ediblər. ABŞ-ı naraht edən məqam Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roludur ki, Rusiya buna nə dərəcədə təsir göstərə bilər. Rusiyanın bu məsələdə Azərbaycana təsir imkanları isə yox dərəcəsindədir. ABŞ həmçinin perspektivdə Azərbaycanın Avrasiya Birliyinə, Gömrük İttifaqına daxil ola biləcəyindən narahatdır. Amma ABŞ-ın bölgədə cərəyan edən hadisələrə Rusiya qədər təsir etmək imkanları yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs