Əlaqə Arxiv
news Image
2016.06.30
08:30
| A A A
Gözlənilən barışıq Qarabağ münaqişəsinin həllini də sürətləndirəcək
Türkiyə və Rusiyanın addımları region ölkələrinin də maraqlarına cavab verir

Ötən ilin məlum təyyarə hadisəsindən sonra sürətlə bir-birindən uzaqlaşan Rusiya və Türkiyə hökumətləri arasında bu günlərdə bərqərar olan münasibətlər sözügedən yaxınlığı arzulamayan qüvvələrdən başqa bütün digər dairələrdə razılıq hissi ilə qarşılanıb. Coğrafi və tarixi tellərlə bir-birinə sıx bağlanmış olan bu iki güclü dövlətin yenidən siyasi və iqtisadi əlaqələri gücləndirməsi dünyanın güc balansında dəyişikliyə əhəmiyyətli təsir göstərəcəkdir.

Məsələ burasındadır ki, yaxınlaşma gözlənilən və labüd idi. Suriyada baş alıb gedən və sonu hələlik görünməyən müharibə fonunda Rusiya hərbi təyyarəsinin Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulması münasibətlərin pisləşməsinə səbəb olmuşdu. Hadisədən sonra baş vermiş qalmaqal və açıqlamalar göstərirdi ki, bu hadisə strateji tərəfdaşlığa doğru irəliləyən iki dövlət arasında ziddiyyətlərdən yox, Suriya məsələsində fərqli baxışlardan doğur. Ən pisi isə ortada "üçüncü əl"in olması faktoru idi. Məlumdur ki, söhbət Qərbdən gedir.

Türkiyə dünyanın ən qaynar nöqtəsinin ən güclü dövlətidir. ABŞ, Avropa və Rusiya arasında regionda hegemonluq uğrunda gedən mübarizədə Türkiyə 4-cü oyunçu rolunda çıxış edir. Amma onun üzərinə iki missiya düşür. Birincisi, regionu kiminsə təsiri altına düşməkdən qorumaq. İkincisi, digər qüvvələrdən biri ilə əməkdaşlıq edərək qüvvələr balansına nail olmaq. Gümanlar arasında gələcəyə hesablanmış üçüncü bir missiya da var ki, bu da tədricən region ölkələrinin birləşməsinə nail olub dünyanın yeni bir güc vahidinə çevrilmək.

Bütün bu hadisələr fonunda tarixi nihilizmdən qurtula bilməyən digər qüvvələrin əsas məqsədlərindən biri də ümumiyyətlə Türkiyəni parçalayaraq xırda dövlətlər halında "buyruq qulu" halına gətirməkdir. Əgər Osmanlı dövründən tutmuş müasir dövrə qədər baş vermiş hadisələrin xronologiyasını izləsək, aydın görərik ki, Türkiyə daim xarici qüvvələr arasında siyasi manevrlər burulğanı yaşayıb. Amma əsas odur ki, ABŞ, Avropa və Rusiya istər siyasətdə, istərsə də iki dünya müharibəsi zamanı açıq döyüşlərdə məqsədlərinə çata bilməyiblər.

Bu gün regionda vəziyyət daha mürəkkəbdir və getdikcə də inkişaf edir. Çünki, Türkiyə həmişə fizikanın "təsir əks təsirə bərabərdir" qanunu ilə irəliləyib. Onu sıxdıqca daha güclü müqavimət göstərib və nəticə etibarilə siyasi və iqtisadi gücünü artırıb. Tarixi "türk dünyası"nın çox böyük ərazisini bir neçə əsr əsarətdə saxlayan rus imperiyası dağılandan sonra yeni bir anlamda Türk Birliyi ideyasının meydana çıxması hazırkı durumun başlıca atributu sayılır. Düzdür, dünya siyasətində bu məsələni görməməzliyə vururlar. Ancaq əslində, çox diqqət və əndişə ilə hadisələrin inkişafı izlənilir.

Bir çox rus alimləri öz fundamental tədqiqatları ilə təsdiq edirlər ki, "Finlandiyadan tutmuş Kamçatkaya qədər bütün xalqların damarlarında türk qanı var". Siyasətdə bu amillər ciddi rol oynamasa da dolayısı təsirləri güclü olur. Bəzən bu düşüncənin cazibə qüvvəsindən də qurtulmaq mümkün görünmür. Məhz belə tarixi və mənəvi amillərin Türkiyənin dünya siyasətindəki roluna və durumuna təsiri qaçılmazdır. Bu mənada Rusiya və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin bərpası mənəvi bağlılığın güclənməsinə şərait yaradır. Belə bir əsasda isə gələcək strateji tərəfdaşlıq və əməkdaşlığın, habelə mümkün inteqrasiyanın üfüqləri aydın görünür. Lakin bu hipotezi Qərb nə qəbul, nə də həzm edə bilir. Ancaq bu, gələcəyin işidir.

Bizi bu gün daha çox maraqlandıran Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllində oynayacağı roldur. Əgər desək ki, hər şey müsbətə doğru gedəcək, bu, yalnız sadəlövh düşüncənin məhsulu sayılar. Qarabağ məsələsi qəsdən düyünə salınıb ki, həlli uzansın. Çünki, qərb, şimal və türk aləmi məsələnin çözülməsində söz sahibi olmaq iddiasındadır. Yəni, bu cür mövqe onların maraqlarına cavab verir. Əgər Rusiya-Türkiyə münasibətləri və hər iki tərəfdə qarşılıqlı inam yüksək həddə çatarsa, onda birbaşa yox, bilvasitə Qarabağ məsələsinin həllinə müsbət təsir göstərə bilər.

Qarabağ münaqişəsi Qafqazda rus siyasətinin arqumenti və funksional barometridir. O, bunu heç kəslə bölüşməz. Lakin siyasət mənafelər üzrində qurulub. Əgər Rusiya Türkiyə ilə əlaqələrində əsrlər boyu arzu etdiyi Cənubi Qafqazda indikindən daha çox hərəkət sərbəsliyi əldə etsə və cənub sərhədlərindən tam arxayın olsa, onda Qarabağda ədalətin zəfər çalmasına şərait yaradar. Çünki, sərhədyanı dövlətlərlə strateji tərəfdaşlıq Rusiyanın təhlükəsizliyinin başlıca təminatlarından biridir. Lakin ABŞ və Avropa buna imkan verəcəkmi?!

Cəmi bir neçə ay əvvəl ABŞ və Aİ-i Türkiyənin ittifaqa üzv qəbul edilməsi görüntüsünü yaradaraq onun Rusiya ilə arasını vurmağa çalışırdı. Daha sonra niyyətinin baş tutduğuna əmin olaraq, Almaniyanın timsalında Türkiyə ilə münasibətlərə xələl gətirən addım atdı və Türkiyənin Aİ-ə yolunu bağlayan bəzi bəyanatlar səsləndi. Türk diplomatiyası da ağıllı və çevik tərpənərək Rusiya ilə münasibətlərinə tarazlıq gətirdi. Belə bir ab-havada Qərb diplomatiyasından atılacaq məkrli və hiyləgər addımlara hazır olmaq lazımdır.

Səmərəli faktlardan biri də növbəti Türkiyə-Rusiya anlaşmasında Azərbaycanın Prezidenti İlham Əliyevin vasitəçilik, yaxud barışdırıcılıq rolunun önə çıxmasıdır. Bu, həm Azərbaycanın artmış nüfuzunun təsdiqi, həm də Türkiyə-Rusiya-Azərbaycan tərəfdaşlıq üçbucağının yaranma zərurətinin arqumentidir. Əgər Türkiyə qarşısına çıxan hədləri dəf edə bilsə, Rusiya sanksiyalar fonunda Türkiyə ilə əməkdaşlığını etibarlı və qarşılıqlı mənafe üzərində qurmağa can atsa, biz Qarabağ münaqişəsinin həllində bu addımların müsbət təsirini hiss edəcəyik.

Sizin Reklam Yeriniz