Əlaqə Arxiv
news Image
2016.06.30
09:30
| A A A
Dəhşətli terrorun şok pərdəarxası məqamları
Vüqar Zifəroğlu: “Türkiyə-İsrail-Rusiya yaxınlaşmasının bədəlini terrorda həlak olanlar verdi” Adıgözəl Məmmədov: “Terror hadisəsinin arxasında ilkin baxışda iki qüvvəni sezmək olar”

Türkiyə növbəti dəfə dəhşətli terrorun qurbanı oldu. Üç terrorçu-kamikadzenin Atatürk Hava Limanına hücumu nəticəsində onlarla insan ölüb, 140 nəfərdən çox insan yaralanıb.

Məsələnin digər diqqət çəkən məqamı isə yenə də hadisənin şantaj xarakterli olmasıdır. İddialar səslənir ki, terror Türkiyənin Rusiya və İsrail ilə münasibətlərini yaxşılaşdırmaq cəhdlərinə qarşı yönəlib. Bu ehtimalı Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosacev də istisna etməyib. O, bu barədə özün "Facebook" səhifəsində qeydlər edib. Komitə rəhbərinin sözlərinə görə, Türkiyə hakimiyyətinin versiyası (terroru İŞİD-in törətməsi ehtimalı) ağlabatan görünür: "Bu, Ankaradan çəkinən kürdlər deyil. Bunlar, həqiqətən də, İŞİD döyüşçüləridir. Amma terror törədənlər bilməlidirlər ki, bu, Rusiya ilə Türkiyə münasibətlərinə təsir göstərməyəcək, əksinə, hər iki ölkə liderlərinin daha da yaxınlaşmasına köməklik edəcək. Çünki biz heç nəyə baxmayaraq, Türkiyə ilə həmrəyik".

Rus rəsmisi ilə oxşar düşünənlər çoxdur. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun fikrincə, burada əlaqələr var: "Çünki, Türkiyənin İsrail və Rusiya ilə münasibətlərinin normallaşması bölgədə yeni proseslərə start verəcək. Bu münasibətlər bölgədə ciddi dəyişikliklərə səbəb olacaq. Türkiyə-İsrail münasibətlərinin normallaşmasında 3 məsələ həllini tapacaq. Bunun ilk növbədə Fələstin və Suriya problemlərinə müsbət təsiri olacaq.

Eyni zamanda, İsrail ilə qaz ixracı məsələsində razılaşma var. Deməli, ortaya ciddi qaz layihəsi çıxacaq. Rusiya mediasında da Türkiyə ilə yaxınlaşma özünü göstərir. Yəni, proseslər ciddi nəticələrə hesablanıb. Belə bir məqamda xəbərdarlığın olacağı gözlənilirdi. Türkiyə-İsrail-Rusiya yaxınlaşmasının bədəlini terrorda həlak olanlar verdi. Bu hadisələri bir-birindən kənar görmək mümkün deyil".

Politoqun fikrincə, terror hadisəsinin arxasında İŞİD və PKK görünə bilər: "Nəzərə alaq ki, Türkiyə son illər İŞİD və kürd separatçılarına qarşı ciddi hərbi əməliyyatlar həyata keçirir. Yəni, hər iki terror təşkilatının bu hadisəni həyata keçirməsi üçün əsas var. Xüsusi ilə turizm dövründə hava limanının hədəf seçilməsi elə-belə deyil. Düzdür, İŞİD-ə işarə var, lakin yerdə "Kalaşnikov" avtomatı qalmışdı. Halbu ki, İŞİD "Kalaşnikov" avtomatından istifadə etmir. Bundan başqa, 1982-ci ildə Ankara-İstanbul hava limanında ASALA terror hadisəsi həyata keçirmişdi. İndiki ilə həmin hadisədə üst-üstə düşən bir çox məqamlar var. Əslində, PKK, PYG ASALA-nın varisləri hesab olunur. Bu mənada PKK da ağla gələ bilər. Eyni zamanda xarici kəşfiyyat orqanlarının da əməli ola bilər. Kimin etməsindən asılı olmayaq, əsas məqsəd Türkiyəni şantaj etməkdir".

Slavyan-Türk Birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov bildirdi ki, heç vaxt görünən və üzdə olan detallara istinad etmək olmaz: "Düzdür, terror hadisəsini ölkələrin yaxınlaşması ilə əlaqələndirmək asandır. Lakin nəzərə alaq ki, yaxınlaşma da səthidir. İsrail-Türkiyə yaxınlaşması Rusiya-Türkiyə yaxınlaşmasından fərqlənir.

Rusiya-Türkiyə münsibətləri heç də əvvəlki kimi olmayacaq. Artıq baxışlar dəyişib. Rusiya Avrasiya coğrafiyasında əvvəlki kimi Türkiyə ilə strateji fəaliyyət prinsiplərini özünə rəva görmür. İsrail-Türkiyə yaxınlaşması isə Ankara-Təl-Əviv-Vaşinqton yaxınlaşmasıdır. Sanki, Türkiyəni Sovetlər dövründə olan missiyasına qaytarırlar. Yəni, Orta Şərqdə status-kvonu saxlamaq üçün güc mərkəzi kimi saxlamağa çalışırlar. Odur ki, son hadisələri yaxınlaşma ilə əlaqələndirmək olmaz. Bu, Türkiyəyə qarşı olan qüvvələrin terror təxribatıdır. Proseslərə monoton baxmaq düzgün olmazdı. Türkiyənin xarici siyasətində razı qalmayan qüvvələri nəzərə almaq lazımdır. Onu da unutmayaq ki, son illər Türkiyə qlobal siyasətin daxilində ABŞ ilə bərabərdir".

Politoqun fikrincə, terror hadisəsini arxasında ilkin baxışda iki qüvvəni sezmək olar: "Birincisi, İŞİD-i göstərmək mümkündür. Çünki, Türkiyə İŞİD-lə açıq müharibəyə başlayıb. Eyni zamanda bunu kürd terroru ilə də bağlamaq olar. Çünki, PKK daim Türkiyədə terror aktları törədib".

Sizin Reklam Yeriniz