news Image
2016.07.01
07:00
| A A A
Terror əsrin ən böyük bəlasına çevrilir
Qabil Hüseynli: “Nifrət üzərində insanları terrora təhrik etmək daha asanlıqla başa gəlir” İlham İsmayıl: “Artıq terrorçular haranısa partladıb qaçmaq yox, əraziləri tutub dövlətlər yaratmağa başlayıb”

İstanbulda baş verən hadisə terrorun nə qədər acı nəticələr doğurduğunu bir daha təsdiqlədi. Daha pisi odur ki, bu gün heç bir dövlət terrordan tam sığortalanmayıb. Son illər əsasən İslam ölkələri terrordan əziyyət çəksə də, bunu ümumiyyətlə əsrimizin bəlası hesab etmək olar. Artıq demək olar ki, hər gün terror hadisəsi baş verməkdədir. Hadisələrlə yanaşı, terrorçu qruplaşmaların da sayı artır. Ekspertlər bunu dövrün döyüş üsulu hesab edirlər.

Politoloq Qabil Hüseynli bildirir ki, bunun birinici səbəbi qloballaşma və onun yaratdığı iqtisadi çətinliklərdir: "Ölkələr arasında qütbləşmənin çoxalması, daha zəngin, daha kasıb ölkələr və bu ölkələrdə hökm sürən səfalət, digər neqativ hallar insanları dinə doğru itələyir. İnsanlar ümid yolunu dində və onun radikal qanadında axtarmağa başalayırlar. Çox təəssüflər oslun ki, bəzi dinlər insanların ümidsiz vəziyyətindən istifadə edərək onların problemlərinin əsl səbəbini inkişaf etmiş, zəngin ölkələrdə görürlər. Belə ölkələrdə insanları terrora, varlının dövlətini ələ almağa təhrik, zəngin insanlara nifrət təlqin etmək çox asandır. Nifrət üzərində də insanları terrora təhrik etmək daha asanlıqla başa gəlir. Bu gün konkret dinlə bağlı terrorun olmadığını söyləsək də, bu və ya digər dinlərin, xüsusi ilə İslam dinin müəyyən törəmələrinin adını qeyd etməyə məcburuq. İslamın fundamental prinsipləri ilə əlaqəsi olmasa da, İŞİD İslam dövləti yaradıb. İslam bayrağı altında terroru bütün dünyaya yayıb. Amma terror təşkilatlarının arxasında ya teokratik rejimə malik olan dövlətlər, ya da hansısa dini təriqətlər dayanır.

Dünyadakı ədalətsiz bölgü, bu bölgüdən yaranan iqtisadi problemlər və burada ideoloji cəhətdən qoşulmuş radikal dini təmaüllər indiki dövrdə terror qruplaşmalarının sayının və terror hadisələrinin artmasına təkan verən amillərdəndir".

Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl bildirir ki, terror yeni məsələ deyil: "20-ci əsrin 70-ci illərindən böyük vüsət almağa başlayan terror 21-ci əsrdə daha da təkmilləşib. O dərəcədə təkmilləşib ki, artıq terrorçular haranısa partladıb qaçmaq yox, əraziləri tutub dövlətlər yaratmağa başlayıb. Bunu İŞİD-in timsalında bütün dünya görür.

Terrorun böyük vüsət almasının səbəblərindən birincisi budur ki, dövlətlərarası münasibətlər hədsiz gərgin vəziyyətə çatanda müharibələr olur. Lakin indiki halda nüvə silahının mövcudluğu dünya müharibələrinin qarşısını alır. O baxımdan da təzyiq vasitəsi kimi sivil formada sanksiyalar tətbiq olunur. Qeyri-sivil formada təzyiq etmək üçün isə terror həyata keçirirlər. Əvvəllər özbaşına yaranan terror təşkilatlarının arxasında artıq hansısa dövlət dayanır. Dövlətlər bir-birinə təzyiq etmək üçün terror təşkilatlarından istifadə edirlər. Yəni, terrorun vüsət almasının səbəbi təkcə hansısa qruplaşmanın, dini, irqi, milli təşkilatların hansısa dövlətə təzyiqi ilə bağlı deyil. Onların arxasında böyük maliyyə, silah dəstəkləri dayanır. O qədər silahı ötürmək də yalnız qaçaqmalçılıqla mümkün deyil. Burada hansısa dövlətin təminatı olmalıdır. Ona görə də 21-ci əsrdə terror bu həddə çatıb. Türkiyə artıq hər ay terror hadisəsi baş verir. Lakin Türkiyədəki terror hadisəsinin qarşısını almaq mümkün deyildi. Çünki, onu həyata keçirənlər kamikadzelərdir. Onlar da ölümə gedən insanlardır. Mövcud təhlükəsizlik sistemi kamikadzeni zərərsizləşdirməkdə acizdir. Ona görə də Avropadakı terror hadisələrindən fərqli olaraq Türkiyədəki terrorun xarakterik xüsusiyyəti odur ki, burada kamikadzelər iştirak edirdi. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi də dedi".