Əlaqə Arxiv
news Image
2016.07.01
08:00
| A A A
Qarabağ münaqişəsinin çözümndə mühüm dəyişikliklər başlanır
Konfliktin həlli istiqamətində Kreml hansı mühüm addımlar atacaq?!

Qarabağ münaqişəsinin həlli məsələsi uzandıqca, bu prosesə öz "töhfəsini" verməyə çalışan qüvvələrin ambisiyaları açılır, rəqiblər arasında açıq mesajlar vermək "dəb" halını alır. Bir müddət əvvəl Almaniyanın federal kansleri Angela Merkelin dediyi "Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir" fikri heç kimdə təəccüb doğurmadı. Çünki, federal kansler, görünür, mənasız yerə söz deməkdən yorularaq hamının bildiyi, amma dilə gətirmədiyi reallığı açıqlayıb. Bundan bir müddət sonra, ATƏT həmsədrlərinin "səyi" ilə keçirilən Vyana görüşündə tərəflərin rolu barədə danışan Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib: "Vyanada Minsk qrupu həmsədrləri (Rusiya, Fransa və ABŞ) vasitəsi ilə həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə razılıq əldə etmək cəhdi bir təkan verdi, lakin ən böyük potensiala Rusiya tərəfi malikdir". A.Lukaşeviç Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsidir. Deməli, hadisələrin, baş tutan müzakirələrin nüvəsində olduğundan məsələnin əsl mahiyyəti ona məlumdur. O, "Rossiya-24" telekanalına verdiyi müsahibədə qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakı və İrəvana səfərləri ilə bağlı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyini gözləmir: "Fəaliyyətdə olan sədr baxmayaraq ki, idarə edir, amma yenə də hər şeyi iştirakçı dövlətlər həll edir. Fəaliyyətdə olan sədr sözsüz ki, mühüm rol oynayır, lakin bu hərəkətverici qüvvə deyil. Hərəkətverici qüvvə üç həmsədri olan Minsk qrupudur".

Əminliklə deyə bilərik ki, Minsk Qrupunun rolu barədə Lukaşeviç yalnız Rusiya həmsədrlərdən biri olduğuna görə deyib. Münaqişənin hərəkətverici qüvvəsi başlanğıcdan Rusiya olub, onun diktəsi davam edir və onun səyi ilə də məsələ tam həllini tapacaqdır. Bu günün reallığı budur. Gələcək üçünsə çox şey dəyişə bilər.

Ancaq siyasətin bir aksioması var: əgər tərəflər üstüörtülü ifadələrdən, sözün məcazi mənasından, gizli sövdələşmələrdən qaçırlarsa, demək, artıq müzakirə olunan mövzu siyasətçilikdən çıxıb və adi qaydada həll olunmalıdır. Bəs, Rusiya belə şəraitdə hansı addımları ata bilər? Onun fəaliyyətində ədalət prinsipləri başlıca meyar ola bilərmi?

Məsələ burasındadır ki, 300 ildən çoxdur Qafqaz regionu Rusiyanın təhlükəsizlik sipəri olmaqdan daha çox Avropanın cənubuna və Yaxın Şərqə açılan pəncərə funksiyasını daşıyır. Bu səbəbdən Rusiya regionu nəzarətində saxlamaq və ondan maksimum yararlanmaq üçün əlindən gələni həmişə edib və edəcəkdir. Bunun üçün Qarabağ münaqişəsi onun əlində başlıca vasitədir. Amma məsələnin qəlizliyi ondadır ki, Rusiya "bir güllə ilə iki dovşan vurmaq" arzusundadır. Əslində o, istəyinə xeyli dərəcədə çatıb. Ucuz ambisiyalarla yaşayan Ermənistan Qarabağ münaqişəsi fonunda müstəqilliyini qurban verərək Rusiyanın forpostuna çevrilib. Lakin necə deyərlər, azadlığın şirinliyini heç nəyə dəyişməyən nəsilli-köklü Azərbaycan isə müstəqillikdən dönmək fikrində deyil. Azərbaycan dövləti əzəli torpağı olan Qarabağ üçün ədalətli və real azadlıq tələb edir. Bu səbəbdən də Rusiya münaqişənin həllini uzatmağa, başqa sözlə, status-kvonun ömrünü mümkün qədər uzatmağa çalışır.

Suriyadakı hərc-mərcliyin həll olunmaması Qarabağ münaqişəsinə birbaşa olmasa da bilvasitə mənfi təsir edir. Belə demək mümkünsə, Suriya Rusiyanın Yaxın Şərqdə son dayaq nöqtəsidir. Buna görə də Rusiyanın artıq dağıdılmış bu şərq ölkəsində nüfuzu mübahisəlidir. Əgər Rusiya orada yerini möhkəmlədib əvvəlki səviyyəsinə çata bilsə, Azərbaycanla münasibətlərini bərabərhüquqlu strateji əməkdaşlıq səviyyəsində qurmağa meyl edəcək. Yox, əgər Rusiya Suriyada tam uduzsa, onda Qafqazda əsaslı və hökmlü şəkildə möhkəmlənmək istəyəcək.

Dediklərimizi yekunlaşdıraraq deyə bilərik ki, Qarabağ münaqişəsinin həlli yolunda indi Rusiyanın qarşısında iki məsələ durur: 1.Forpostunu əldən buraxmamaq. 2.Azərbaycanı imkan çatan qədər öz tərəfinə çəkmək. Amma bu iki məsələ kəskin şəkildə ziddiyyət təşkil edir. Qafqaz regionunda özünü maraqlı tərəf sayan Qərb də eyni formul üzrə hərəkət etməyə çalışır. Bu proseslərdə iri dövlətlərin dinçilik və mənəmlik ambisiyalarını da nəzərə alsaq, məsələnin nə dərəcədə mürəkkəb olduğu aydınlaşar. Buna baxmayaraq, hər bir işdə olduğu kimi bu məsələnin də asan və sadə həll yolu var.

Türkiyə və Rusiya arasında münasibətlərin tənzimlənməsi münaqişənin həlli yolunda ədalətin gözlənilməsində impuls rolunu oynaya bilər. Bu, Türkiyə-Rusiya arasında yeni münasibətlərin hansı səviyyəyədək yüksəlməsindən asılıdır. Yəni, bu iki dövlət Azərbaycanın iştirakı ilə dairəvi şəkildə etibarlı və möhkəm, həm də sabit əməkdaşlıq qursa, onda həmin dairəyə Ermənistan da düşəcəkdir. Bununla da Rusiya həm Ermənistana rəhbərlik edəcək, həm də Qarabağ münaqişəsi həllini tapacaq. Bu isə Rusiyanın arzuladığı ən optimal variantdır. Belə olan təqdirdə Qarabağ münaqişəsinin ədalətli həlli günün tələbinə çevriləcək və Rusiyanın bundan imtina etməsi mümkün olmayacaq.

Sizin Reklam Yeriniz