news Image
2016.07.02
09:15
| A A A
Qarabağ münaqişəsilə bağlı mühüm yenilik
İlqar Vəlizadə: “Bütün məsələlər konkret addımlardan asılıdır” Hasan Oktay: “Azərbaycan indi daha qüvvətlidir”

Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə Qarabağ nizamlanması üzrə substantiv (predmetli) danışıqlar başlayıb. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib. Nazir əlavə edib ki, üzərində iş aparılan sənəd var, biz bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Münaqişənin nizamlanmasında Rusiyanın rolu və Moskvanın münaqişə tərəflərinin silahla təchiz etməsi haqda suala cavabda Məmmədyarov deyib ki, Rusiya regiona yaxın ölkədir, Cənubi Qafqazda sabitlik onun üçün əhəmiyyət kəsb edir və o, bunun üçün səy göstərir.

Siyasi şərhçilərin sözlərinə görə, nazirin bu çıxışı münaqişənin həllində yenilikdən xəbər verir. Politoloq İlqar Vəliyev bildirdi ki, ümidlər son dəqiqəyə qədər mövcud olur: "İş burasındadır ki, belə bəyanatları çox eşidirik. Təəssüflər olsun ki, bu məsələ tək bizdən aslı deyil. Görüşdə yəqin hansısa konkret razılıqlara gəlinib. Lakin əsas məsələ bunlara əməl edilməsidir. Ötən illərdə də Ermənistanla müəyyən prinsiplər üzrə razılığa gəlmişik. Lakin bunun həyata keçirilməsi ilə bağlı məsələlərdə problemlər qalmaqdadır. Prinsipcə, ümidverici hallar çoxdur. Biz həmişə razılaşmalarla bağlı qəti addımlar atmağa hazırıq. Narahatçılıq Ermənistanın razılıqlara əməl etməməsidir.

Sank-Peterburq görüşündən sonra Ermənistan prezidenti dərhal Qarabağa getdi. Bu, nəyə işarə idi? Müəmmalı qaldı. Əgər səfərin arxasında qondarma rejimə təzyiq etməkdirsə, yaxşı haldır. Yox, əgər məqsəd yenə də cəbhə xəttində vəziyyəti gərginləşdirmək idisə, irəliləyişdən danışmağa dəyməz. Yəni, bütün məsələlər konkret addımlardan asılıdır".

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay "Mövqe"yə bildirdi ki, Rusiya bölgənin ən yaxın və ən əhəmiyyətli ölkəsi olaraq bu problem ilə birbaşa maraqlanması Qarabağın sülh yolla həllinin açarı rolunu oynayır: "Azərbaycan üçün əvvəlcə işğal altındakı torpaqların azad olunmasında bir irəliləyiş olmadan barış haqqında danışmaq mümkün görünmür. Ermənistan baxımından isə mövcud vəziyyətin davamı olduqca əhəmiyyətlidir. Amma vəziyyət dəyişir. Rusiya buna görə indi Qarabağıda sülh yolu ilə həlli gündəmə gətirir.

Bu nöqtədə Azərbaycan və Türkiyə Qarabağın sülh yolu ilə həlli üçün diplomatiyalarını daha gücül şəkildə işə salmalıdılar. Çünki Azərbaycan indi daha qüvvətlidir. Bunu və Rusiyaya qarşı Qərbin mövqeyini yaxşı qiymətləndirmək lazımdır. Qarabağın həllində müharibə ən son variantdır. İndi diplomatiya zamanıdır".