Əlaqə Arxiv
news Image
2016.07.02
09:45
| A A A
Ermənilər ruslara da xəyanət edir

Son bir neçə ayda Ermənistanda sanki ictimaiyyət hərəkərə gəlib. Xüsusilə erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərində ciddi itkilərə məruz qaldıqları aprel döyüşlərindən sonra insanların hərəkəti ardıcıl mitinqlərə çevrildi. Sosial sıxıntılar ucbatından əhali küçələrə çıxıb etiraz edəndə polisin zorakılığı ilə rastlaşırdı. Lakin bu dəfəki mitinqlər Rusiyaya qarşı yönəlmişdi və guya demokratiyaya istinadla hökumət iştirakçılara mane olmurdu. Bəs, mitinqçilər nə deyir və nə istəyirdilər?

Regiondakı proseslərdən bixəbər insanlar üçün mitinqlərdə ermənilərin irəli sürdükləri tələblər qəribə mənzərə yaradır. Onlar mahiyyətinə varmadan aprel döyüşlərində ordularının uğursuzluğunu Rusiyanın adı ilə bağlamağa çalışırlar. Bu mövzuda səsləndirilən suallar və şüarlar tamamilə ritorikdir: nə üçün Rusiya bizə ən müasir silahlar vermir? Rusiya Azərbaycana tərəfkeşlik edir və sairə. Qəribədir, həddən artıq baha başa gələn silah-sursatı Rusiya nə üçün Ermənistana verməlidir? Əgər ermənilərin iddia etdikləri kimi Ermənistan müstəqil dövlətdirsə, onda bütün qaydalar çərçivəsində pulunu ödəyib istədiyi silahı almalıdır. Necə ki, Azərbaycan təcavüzkar dövlətə qarşı lazımi səviyyədə mübarizə aparmaq üçün boğazından kəsib yığdığı vəsaitlə silah alıb ordusunu gücləndirir. Yox, əgər Ermənistanı silahlandırmaq Rusiyanın borcudursa, onda ermənilər nala-mıxa vurmadan forpost olduqlarını rəsmi sənədlərdə təsbit etsinlər, ölkələrini Rusiya ərazisi elan edib otursunlar yerlərində, onda Rusiya hər nə silah lazımdırsa, özü gətirib oralara tökəcək. O ki qaldı Azərbaycanı müdafiə etməyə, aprel döyüşləri sübut etdi ki, Azərbaycanın kiminsə müdafiəsinə ehtiyacı yoxdur.

Gələk, indi Ermənistanda Rusiya əleyhinə olan çıxışların mahiyyətinə, bunun səbəbini araşdıraq. Torpaqlarını azad etmək uğrunda mübarizəsini qətiyyətlə davam etdirən Azərbaycanın həmlələrinə davam gətirməyən düşmən vurnuxma içərisindədir. Ermənilər bilirlər ki, əvvəl-axır işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Sosial çətinliklər qoynunda boğulan xalqın səsini boğmaq üçün işğaıçılıq siyasəti Ermənistan hakimiyyətinin əlində "tutarlı" səbəbdir. Bəs "postişğalçılıq" dövründə xalqı nə ilə aldatmaq lazımdır? Rusiya əleyhinə yönəlmiş narazılıq da bu məqsədə hesablanıb. Rusiya əleyhinə danışıb Qərbin diqqətini cəlb etməklə bu gün üçün maddi yardım əldə etmək, gələcəyə müəyyən zəmanət qazanmaq. Əsas məsələlərdən biri də əhalinin diqqətini hökumətdən yayındırmaqdır.

Məlumdur ki, aprel döyüşlərindən sonra kənar qüvvələr yenə fəallaşıb. "Status-kvo bu şəkildə qala bilməz" deyə-deyə hər bir qüvvə məsələni öz baxış bucağından həll etmək üçün çağırışlar səsləndirir. Gah köhnə prinsiplərdən danışılır, gah yeni təşəbbüslər irəli sürülür. Hətta Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəkləri yer uğrunda da arasıkəsilməz mübarizə gedir.

Amma bu prosesdə iki dəyişməz mövqe var. 1.Azərbaycan Dağlıq Qarabag ərazisinə geniş muxtariyyət status vermək barədə vədinə sadiqdir. 2.Ermənistan da Rusiya, ABŞ və Avropa arasında buqələmunluq fəaliyyətini davam etdirməkdə israrlıdır. Lakin Ermənistan hakimiyyəti biclik və siyasət arasında sərhədin haradan keçdiyini bilmədiyindən məsələni həmişə çaş-baş salır. Bicliklə kimdənsə yardım-filan qopartmaq mümkündür. Ancaq bu fəaliyyət siyasətdən uzaqdır. Rusiya beş-on erməninin küçəyə çıxıb nə isə deməyinə rəğmən, strateji məqsədlərində dəyişiklik etməz. Siyasət prizmasından yanaşdıqda isə bu faktdan yalnız istifadə edər.

Məsələ belədir: hazırda Cənubi Qafqazda bütün iqtisadi və siyasi addımların önündə Qarabağ münaqişəsinin həlli durur. Təsadüfi deyil ki, Almaniya Federativ Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bu günlərdə regiona səfər edib. ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışıb. Bir neçə gün sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfər edəcək. Belə bir məqamda ermənilər Rusiya əleyhinə yönəlmiş çıxışları ilə nə isə əldə etmək, yəni münaqişənin həllində birtərəfli qaydada Rusiyadan tərəfkeşlik qazanmaq istəyirlər. Həqiqətdə isə forpostu olduqları dövlətin əlinə yaxşı bir "zopa" vermiş olurlar. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın strateji məqsədlərində dəyişiklik etməsinə bu yolla nail olmaq mümkün deyil. Demək, antirusiya əhval-ruhiyyəsi ilə də nəyisə dəyişmək olmaz.

Sizin Reklam Yeriniz