Əlaqə Arxiv
news Image
2016.07.05
08:00
| A A A
Ermənistanın özünə qarşı yönəlmiş əməlləri
«Metsamor» AES-in bağlanmasını istəyən beynəlxalq təşkilatların sayı artır

Bu gün Cənubi Qafqaz regionu dünyanın ən güclü dövlətlərinin apardığı strateji siyasətin  orbitində yerləşir desək, yəqin ki, yanılmarıq. Regionda marağı olan qüvvələr iqtisadi və siyasi müstəvidə bütün məsələlər üzrə mövqelərini bildirir, imkan daxilində proseslərin gedişində birbaşa iştiraka səy göstərirlər. Bu isə regionda heç də adekvat olmayan fəaliyyətə səbəb olur. Söhbət təkcə sırf siyasətdən yox, təbii proseslərin siyasətlə çulğaşmasından gedir. Bu cür tendensiya mümkün təhlükələrin miqyasını dəfələrlə artırır.

Ermənistan Respublikasının başabəla fəaliyyəti Cənubi Qafqazın baş ağrısına çevrilib. Bunun başlıca arqumentlərindən biri ölkənin ərazisində yerləşən "Metsamor" AES-dir. Köhnə sovet texnologiyası ilə tikilmiş stansiyanın istismar müddəti bitib. Malik olduğu bütün parametrlər üzrə ömrünü başa vurmuş stansiya regionun başı üzərində "domokl" qılıncına çevrilib. Onun hər an qəzaya uğraması gözləniləndir və bu səbəbdən ətraf ölkələrin ictimaiyyəti stansiyanın bağlanması üçün ciddi səylər göstərir. Beynəlxalq və regional təşkilatlar həyəcan təbili çalır, Ermənistan hökumətinə müraciətlər və təkliflər ünvanlanır. Əfsus ki, bütün bu müraciət və çağırışlar cavabsız qalır. 

Ermənistan rəhbərliyinin etinasızlıq sindromu heç cür səngimək bilmir. Beynəlxalq ictimaiyyətin narahatlığı fonunda hökumət atom elektrik stansiyasını 2026-cı ilə qədər işlətmək fikrindədir. Bu isə daha 10 il əhalinin dəhşətli "ölümlə" təhdid edilməsi denəkdir. Halbuki, stansiya tikildiyi ötən əsrin 70-ci illərində belə sovet alimləri Ermənistanda atom elektrik stansiyasının tikilməsini təhlükəli sayırdılar. Çünki, ölkənin ərazisi seysmik cəhətdən fəal zonada yerləşir və belə ərazilərdə uran elementi ilə bağlı müəssisələrin tikilməsi qəbul edilmiş ümumi təhlükəsizlik qaydalarına ziddir. Amma xarici dövlətlərdəki erməni lobbisinin fəaliyyəti sayəsində Kreml güzəştə gedərək stansiyanın nəzərdə tutulduğundun daha kiçik gücdə tikilməsinə icazə verib. Amma yenə də "Metsamor" AES böyük ölçüdə təhlükəliliyini saxlayır. Təsadüfi deyil, stansiyanın 1976-cı ildə istifadəyə verilən 1-ci blokunda bir neçə il sonra baş vermiş yanğın onun tikilməsi ilə nə qədər böyük səhvə yol verildiyi sübut olunub. Lakin ermənilərin "erməniliyi" öz işini görüb. 1980-ci ildə stansiyanın ikinci bloku istifadəyə verilib. Bununla da təhlükənin əhatə dairəsi daha da genişlənib. Belə ki, stansiya Azərbaycan və Gürcüstan sərhəddinin 120 km-də, İrandan 60 və Türkiyədən 16 km-lik məsafədə yerləşir. Hadisə baş verəcəyi təqdirdə Ermənistanın əz əhalisinin üzləşəcəyi faciənin miqyası isə hamıya məlumdur. 

"Metsamor" AES-in təhlükəlilik dərəcəsi yalnız coğrafi dairə ilə məhdudlaşmır. Əldə olan faktlar sübut edir ki, stansiya beynəlxalq nüvə qaçaqmalçılığı üçün açıq mənbə rolunu oynayır. Çox ola bilsin ki, 40 il əvvəl atom stamsiyasının tikilməsinə israrlı səylər hesabına nail olan erməni lobbisinin məqsədi elə bu imiş. Çünki, son 17 ildə yalnız üstü açılmış cinayətlərin statistikası üzrə "Metsamor" AES-dən 12 dəfə "çirkli nüvə bombası" yaratmaq üçün istifadə olunan maddələrin çıxarılması faktı qeydə alınmışdır. Bunların içərisində yüksək səviyyədə zənginləşdirilmiş Uran-238 elementi də olub. Halbuki, beynəlxalq qanunlarla bu elementlərin hər hansı məqsədlə dövriyyəsi qadağandır. Ermənistan kimi dövlətçilik ənənəsinə malik olmayan və müstəqilliyi kağız üzərində təsbit edilən, habelə hakimiyyətdə olanların cinayətkarlığı açıq-aşkar təbliğ etməsi bütün dünya xalqları üçün təıhdid yaradır. 

Bu günlərdə daha bir beynəlxalq təşkilat "Metsamor"AES-in fəaliyyətinin dayandırılması barədə müvafiq təklifi qəbul edib. Belə ki,  Güsrcüstanın paytaxtı Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) İqtisadiyyat, Elm, Texnologiya və Ətraf mühit komitəsinin iclasında iqtisadi məsələlərlə yanaşı, ekologiya, müxtəlif bölgələrdə təhlükəsizlik və həmçinin Çernobıl hadisəsi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan nümayəndəsi iclasda sovet dönəmindən qalan və regiondakı seysmik zonada yerləşən atom elektrik stansiyalarının istismarının dayandırılması təklifi ilə çıxış edib. 10-cu maddə üzrə təklif edilən düzəliş Komitənin ikinci iclasında qəbul olunub. Ermənistan nümayəndəsinin etirazı digər nümayəndələr tərəfindən müdafiə olunmayıb. İclasda Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanın mövqeyini dəstəkləyib. 

İndi ictimaiyyəti bir məsələ düşündürür: görəsən, Avropanın nüfuzlu təşkilatı sayılan ATƏT PA-nın mövqeyini Ermənistan hökuməti qulaqardına vuracaq yoxsa "təklif"i qəbul edəcək? 

Məsələ burasındadır ki, ATƏT hüquqi əsaslara malik deyil. O yalnız tövsiyə verir. Yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi sanballı ada malik qurumun qəbul etdiyi sənədlər məcburi deyil. Sadəcə, məsələni araşdırıb nəticəsi barədə məlumat verən təşkilat qarşılıqlı anlaşma üzərində fəaliyyət göstərir. Düzdür, təşkilata üzv dövlətlər üzvlük vəzifəsi  kimi səsvermə qaydasında qəbul edilən təkliflərə hörmət etmək borcu daşıyır. Amma təkliflərə etdiyi hörmətsizliyə görə hər hansı dövlətin cəzalandırılması, məsələn, sanksiyalara məruz qalması proseduru yoxdur. Lakin təşkilat, hörmətsizlik göstərən dövlətə qarşı sanksiyaların tətbiqinə çağırışlar səsləndirə bilər. Məsələyə praktiki baxımdan yanaşsaq, ATƏT PA-nın təklif və çağırışlarında üzv dövlətlərin siyasəti və qarşılıqlı münasibətləri əsas rol oynayır. 

ATƏT PA-nın hüquqi statusu fonunda Ermənistan tipli dövlətin atom stansiyasının bağlanması təklifinə müsbət cavab verəcəyi gözlənilmir. Bu da təbiidir. Çünki, ATƏT-in Ermənistanı təcavüzkar sayan müvafiq qətnaməsi də var. Qətnamə necə qəbul edilibsə, eləcə də kağız üzərində qalıb, heç bir nəticəsi olmayıb. Belə bir şəraitdə Ermənistan çətin ki, yeni qətnamələrə müsbət reaksiya versin.

Belə olacağı tərzdə bu Avropa təşkilatı nüfuzdan düşmürmü? Axı, təşkilatın Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa və digər ambisiyalı üzv dövlətləri var?! Təəssüf ki, Avropa təşkilatlarının fəaliyyəti əksər hallarda Aİ-nin siyasətinə uyğunlaşdırılmış təkliflər, tövsiyələr verməkdən ibarətdir. Lazım gəldikdə həmin dövlətlər kifayət qədər hay-küylü təbliğat və təşviqat aparır, əks təqdirdə isə sadəcə susqunluq nümayiş etdirirlər.

ATƏT PA-nın "Metsamor" AES-in bağlanması barədə təklifi region ölkələri üçün müvafiq kampaniyaların təşkilində tutarlı fakt ola bilər. Buna görə də təhlükəsizliyə ciddi əngəl olan stansiyanın bağlanması üçün ciddi hərəkata başlamaq üçün şərait yaranıb.


 



Sizin Reklam Yeriniz