Əlaqə Arxiv
news Image
2012.04.22
00:34
| A A A
“Avroviziya” yarışmasını siyasətə çevirmək olmaz
“Vicdanı olan hər bir Azərbaycan vətəndaşı belə tədbirdən qürur duymalıdır”

Parlamentin dünən keçirilən plenar iclasında bir çox deputatlarla yanaşı, vitse-spiker Ziyafət Əsgərov da çıxış edərək səslənən fikirlərə münasibət bildirib. Z.Əsgərov millət vəkili İqbal Ağazadənin siyasi məhbuslarla bağlı qaldırdığı məsələyə etiraz edərək bildirib ki, təkcə Azərbaycanda deyil, Amerikada da siyasi məhbus anlayışı var: "Siyasi məhbuslarla bağlı, İqbal Ağazadə, Fazil Mustafa danışdı. Mənə deyə bilərsinizmi vicdan məhbusu anlayışı hüquqi cəhətdən necə izah olunur? İzah edə bilməyəcəksiniz. Bu məsələlərlə bağlı mütəxəssislərlə danışmışam. Belə anlayış yoxdur. Mən deyə bilərəm ki, təkcə Azərbaycanda yox, elə Amerikada da siyasi məhbus anlayışı var"-deyə vitse-spiker deyib.

Ziyafət Əsgərov daha sonra bildirib ki, İqbal Ağazadənin səsləndirdiyi ölüm hökmü ilə bağlı  fikirlər çox yanlışdır.

"İqbal Ağazadə məsələ qaldırmışdı ki, 1998-ci ildə Azərbaycan parlamentində ölüm hökmü ləğv olunduğundan ömürlük həbsdə olanların işinə yenidən məhkəmədə baxılsın. Bu çox yanlış məsələdir. Ölüm hökmü ləğv olunandan sonra qanunvericiliyə müvafiq dəyişiklik olunub. Ona görə bu məsələ ilə bağlı yanlışlıq yaratmaq lazım deyil".

Daha sonra Z.Əsgərov "Avroviziya" müsabiqəsilə bağlı parlamentdə səslənən fikirlərə münasibət bildirib. O, qeyd edib ki, mahnı yarışmasını siyasətə çevirmək olmaz.

"Bu müsabiqə mütləq olacaq. Mümkün deyil ki, kimsə bunun qarşısını alsın. Mahnı müsabiqəsini siyəsətə çevirmək istifadə etmək lazım deyil. Müstəqilliyimizi qazandığımız gündən bu günə tariximizdə yaşadığımız unikal bir tədbirdir. Bu müsabiqənin Azərbaycanın dünyaya tanıdılmasında böyük rolu olacaq. Vicdanı olan hər bir Azərbaycan vətəndaşı belə tədbirdən qürur duymalıdır"-deyə Z.Əsgərov əlavə edib.

Z. Əsgərov paytaxtda aparılan abadlıq-quruculuq işlərinin bəzi dairələr tərəfindən "Avroviziya" mahnı müsabiqəsi ilə əlaqələndirildiyini deyərək bunu tənqid edib: "Görülən işlərin "Avroviziya"ya aidiyyəti var?".

Sizin Reklam Yeriniz