Əlaqə Arxiv
news Image
2016.11.19
10:30
| A A A
Azərbaycandan Ermənistana daha bir hərbi xəbərdarlıq
Üzeyir Cəfərov: “Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikanın modernləşdirilməsi proses davam etdiriləcək” İbrahim Rüstəmli : “Ya Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməli, ya da Azərbaycan Ordusunun ayaqları altında əzilməlidir”

Azərbaycanın "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib. Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 milyard manat artırılaraq 1,615 milyard  manatdan 2,642 milyard. manata çatdırılıb. 

Bu vəsaitin 1 milyard 269,9 milyon  manatı müdafiə qüvvələri, 111,9 milyon  manatı milli təhlükəsizlik, 2,6 milyon  manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 milyard 257,6 milyon manatı isə bu kateqoriyalara aid edilməyən sahələrin payına düşüb. Mütəxəssislər gələn il üçün hərbi xərclərin artılmasını müxtəlif rakursdan izah edirlər. Qeyd olunur ki, xüsusən də düşmən tərəfi bunu özünə xəbərdarlıq kimi başa düşməlidir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, hərbiyə ayrılan vəsaitin artırılacağı gözlənilən idi: “Azərbaycanın əraziləri nə qədərki işğaldan azad olunmayıb, düşmənin havadarları ona açıq və ya gizli dəstək verir, Azərbaycan özünün müdafiə qüdrətini, təhlükəsizliyini gücləndirməyə məcburdur. Ölkə başçısı da Nazirlər Kabinetinin yığıncağında açıq şəkildə bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri üçün nə lazımdırsa, ediləcək və alınacaq. Ona görə də vəsaitin artrılacağı gözlənilən idi. 
Əvvəllər narazılıqlar var idi ki, bu il müdafiə xərcləri 634 milyon manat azaldırlır. Amma büdcə xərcləri açıqlandıqdan sonra məlum oldu ki, heç bir azalmadan söhbət getmir. Əksinə, Azərbaycan Silahlı Qüvvələrinə əlavə 1 milyard manat vəsaitin ayrılması gözlənilir. Yeni silahların alınması, digər ölkələrlə yeni danışıqlar, yeni müqavilələrin bağlanması gözlənilir. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikanın modernləşdirilməsi proses davam etdiriləcək. O cümlədən hərbi qulluqçuların sosial durumlarının gücləndirilməsi məqsədi ilə bəzi tədbirlər planlaşdırılır. Odur ki, qərarı alqışlamaq lazımdır. Ölkə müharibə şəraitində olduğuna görə, bu labüddür. Torpaqlar işağaldan azad olunandan sonra hərbiyə ayrılan vəsait də azaldılıb digər sahələrə yönəldiləcək”.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, hərbi xərclərin artırılması ilk növbədə Azərbaycan dövlətinin sülhməramlı maraqlarının təmin olunmasına xidmət edir: “Bunu xüsusi vurğulamaq lazımdır. Yəni, dövlət başçımızın dəfələrlə səsləndirdiyi bəyanatlar, sərgilədiyi mövqe  bir daha ana siyasətimizin sülhə söykəndiyini ehtiva edir. Lakin sülhə, əmin-amanlığa nail olmaq üçün  dövlətin hərbi potensialının daha da gücləndirilməsi ən vacib şərtlərdəndir. Yəni, mövcud vəziyyət hərbi təcavuzə məruz qalmış bir dövlət kimi Azərbaycanda  Silahlı Qüvvələr quruculuğunu günün tələbi kimi xarakterizə edir. O üzdən hərbi xərclərin artırılması yalnız müharibə təhlükəsinə alternativ variant kimi dəyərləndirilməməlidir. Çünki Azərbaycan artıq uzun müddətdir ki,  bu təhlükə, yəni işğal faktı ilə üz-üzə dayanıb. 
Özünümüdafiə, ərazi bütövlüyünü təmin etmək bizim beynəlxalq hüquqla tənzimlənən haqqımızdır.  O haqqı bu xalqa qaytarmaq dövlətin qarşısında dayanan ən mühüm vəzifədir. Ona görə də ölkəmizdə Silahlı Qüvvələr quruculuğu dövlət başçısı səviyyəsində prioritet elan olunub”.
Hərbiçi əlavə etdi ki, bu gün Azərbaycanda  hərbi xərclərin artırılmasını  Ermənistan üçün xəbərdarlıq kimi dəyərləndirmək qeyri-adi hal sayılmamalıdır: “Əgər düşmən dövlət öz iddiasından əl çəkmirsə, üstəlik, prezident səviyyəsində Azərbaycanı daha böyük ərazilərin işğalı ilə hədələyirsə, biz nə etməliyik!? Əlbəttə,  Sarkisyanın sərsəm bəyanatlarının real vəziyyətə qətiyyən dəxli yoxdur. Yəni Azərbaycan Ordusu öz müdafiə potensialına görə erməni silahlı birləşmələrini dəfələrlə geridə qoyur. Bunu sadə erməni xalqı da aydın başa düşür və  S.Sarkisyanın siyasi gedişlərini növbəti avantüra kimi dəyərləndirir. Əgər müharibə başlasa, Ermənistanda çox ciddi faciələr yaşanacaq və bu faciələrin ən böyük məsuliyyəti ermənistan iqtidarının, ən böyük yükü isə erməni xalqının  sadə, sülhpərvər kəsiminin çiyninə düşəcək. Məhz buna görə də indi Ermənistanda Sarkisyan rejiminə etimad göstərənlərin sayı kəskin azalıb. Bəli, bu gün Azərbaycanda  hərbi xərclərin artırılması  Ermənistan üçün kifayət qədər ciddi və real xəbərdarlıqdır. Düşmən tərəfin bunu vaxtında anlaması, yəni, məntiqsiz siyasi iddialarını erməni xalqının milli maraqlarına qurban verməsi,  qarşıda dayanan ən optimal variantdır. Başqa çıxış yolu yoxdur. Ya Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməli, ya da Azərbaycan Ordusunun ayaqları altında əzilməlidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz