news Image
2016.11.29
07:00
| A A A
Azərbaycan beynəlxalq kreditor ölkəyə çevrilir
Beynəlxalq imicin iqtisadi göstəricisi ölkəmizin dünya miqyasında nüfuzunu daha da yüksəldir

Bu günlərdə Bakıda keçirilən “Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda maraqlı fikirlər səsləndirilib. Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çıxışı zamanı bildirib ki, Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq. Aydındır ki, bu bildiriş artıq eyniadlı yolun çəkilişini başa çatdırmaq üçün veriləcək kredit barədədir. Çünki, Şimal-Cənib nəqliyyat dəhlizinin yaradılması ideyası artıq xeyli vaxtdır ki, gündəmdədir. Yolun tikintisi çoxdan başlayıb və bir sıra məsafələr üzrə yekunlaşma mərhələsindədir.

İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: “İran tərəfdə işlər bu ilin sonu yekunlaşacaq”. Məlumatalara görə, İran və Azərbaycan Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində kreditin ayrılması üzrə razılığa gəliblər. Bu vəsaiti Azərbaycan İrana kredit verəcək. 
Azərbaycan və İran Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun inşası və iki ölkənin dəmir yolunun birləşdirilməsi işlərini tezləşdirməyə çalışırlar. Qeyd edək ki, “Astara (Azərbaycan) – Astara (İran) dəmiryolunun uzunluğu 7 kilometrdir ki, onun 2 kilometri İranın ərazisində tikiləcək. Lakin iş bununla bitmir. Əsas məsələ İranın ərazisində başlanmış Qəzvin-Rəşt-Astara dəmiryolu tikintisinin tez bir zamanda tamamlanmasıdır. Bu dəmir yolu Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışına, eləcə də İranın şimal bölgəsini cənub bölgəsinə birləşdirir. Bundan başqa, İran bu dəmir yolu vasitəsi ilə Orta Asiya, Qafqaz və Avropaya birləşir.
Dəmiryol marşrutu kifayət qədər mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Qəzvin-dən Rəştə qədər olan hissəsində işlər 90 faiz tamamlanıb. Rəştdən Astaraya qədər 161, Rəştdən Ənzəliyə kimi isə 41 kilometrlik dəmir yolunun inşası isə maliyyəşdirmə məsələsinə görə yubanır. Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. İşlərin tezləşdirilməsi üçün İran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına cəlb edir.
Azərbaycanın bu işə kredit ayırması xoş münasibətdan yaranmış xoşbəxt təsadüf deyil. Bir neçə il əvvəl Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi üçün Azərbaycan qonşu Gürcüstana da 750 milyon dollar və aşağı faizlə kredit ayırmışdı. Bundan başqa Belarus Respublikasının çətin vəziyyətdə qaldığı vaxtlarda Azərbaycan bu ölkəyə əlverişli şərtlərlə kredit ayıraraq onun xilas olmağına yardım etmişdi. Serbiya da ölkəmizdən kredit alan dövlətlər sırasındadır. Lazım gələndə ehtiyacı olana kömək etmək Azərbaycanın həm regionda liderlik mövqeyinə yüksəlməsinin, həm iqtisadiyyatının sabit inkişafının, həm də dünyada sülh və əmin-amanlıq, dinc yanaşı yaşamaq və quruculuq yolu ilə getmək amacının təsdiqidir. 
Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır. Bu minvalla artıq Azərbaycan regionda kreditvermə qabiliyyətinə malik dövlət kimi tanınır. Ölkə bununla nəinki nüfuzunu artırır, üstəlik qloballaşma prosesinin təşəbbüsçü oyunçusuna çevrilir.
 

N.NOVRUZ 
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs