Əlaqə Arxiv
news Image
2016.11.29
09:15
| A A A
Cəbhə təxribatları ermənilərə baha başa gəlir
Elman Məmmədov: “Hərbi güc tətbiq etməklə elə bir vəziyyət yaratmalıyıq ki, işğalçı dövlət özü yalvarıb, xahiş edib, məcbur olub Azərbaycanla görüşə, danışığa can atsın” Azər Həsrət: “Ermənilər bir qayda olaraq daim səksəkə içində yaşadıqlarından....”

İlin sonuna az qalmış cəbhədə düşmən təxribatları artır. Bu fonda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Belə ki, noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib. 

Amma bütün hallarda görünən odur ki, ilin sonuna doğru düşmən təxribatları daha intensiv xarakter almağa başlayır. 
Görəsən, ilin sonuna az qalmış artan düşmən təxribatları nə ilə bağlıdır? 
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, son zamanlar artan düşmən təxribatları aprel döyüşlərindən sonra hərbi və mənəvi-psixoloji cəhətdən ağır duruma düşən işğalçı orduda guya əhval-ruhiyyəni qaldırmağa hesablanmış addımlardır: “Ermənistanın hazırkı prezidenti, hərbi cani Serj Sarkisyan aprel döyüşlərində düçar olduqları məğlubiyyətin əvəzini çıxmaq gücündə deyil.  Bu birmənalıdır. Amma son zamanlar cəbhə bölgəsində təxribatları artırmaqla işğalçı rejim düşdükləri uğursuzluqlar nəticəsində Ermənistan cəmiyyəti və ordusunda mövcud olan əhval-ruhiyyəni dəyişməyə cəhd edirlər. Guya ki, bu kimi təxribatlarla öz ordularındakı aşağı düşmüş əhval-ruhiyyəni yüksəltmək, onları özlərinə inandırmaq istəyirlər. Bunlar hamısı boş söhbətlərdir. Təbii ki, Azərbaycan düşmənə apreldə olduğundan da güclü zərbələr vurmaqla müxtəlif istiqamətlərdə ərazilərimizi hissə-hissə işğaldan azad etməyə davam edəcək. 
Digər tərəfdən, bu gün Ermənistan cəmiyyətində Serj Sarkisyan və onun komandasına qarşı olan etimadsızlıq, inamsızlıq, etirazlar da onu göstərir ki, bu iqtidarın və quldurun özünün də sonu gəlib. Belədə Sarkisyan siyasi hakimiyyətini qorumaq, iqtidarın ömrünü uzatmaq üçün  cürbəcür cəhdlərə əl atır. Bir tərəfdən də düşmən ordunu döyüş vəziyyətində saxlayıb status-kvonun qorunub saxlanılmasına nail olmağa çalışır. Məsələnin başqa tərəfi də var. Serj Sarkisyan bir daha bütün beynəlxalq qurumlara, o cümlədən ATƏT-in Minsk qrupuna, həmsədr dövlətlərə onu sübut etdirməyə çalışır ki, işğal etdikləri torpaqlardan çəkilmək, onu azad etmək  niyyətləri yoxdur. Bu sözləri Sarkisyan özü də çox ürəklə deyir. Çünki tam olaraq əmindir ki, özünü havalandıran, həvəsləndirən, yedirdən, silahlandıran, qoruyan böyük güclər var. 
Bu yaxınlarda şimal qonşumuz Ermənistanla birləşmiş qoşun qruplarının yaradılması ilə bağlı növbəti bir müqavilə imzaladı. Bunların hamısı Ermənistanı həvəsləndirən amillərdir. Dünyada hazırda belə bir atmosfer hökm sürür, güclüsənsə, arxan, havadarıın varsa, nə istəsən elə, amma cəzasız qalacaqsan. Azərbaycan danışıqlar kampaniyasına aldanıb vaxt uduzmamalıdır. Hərəkətə gəlib, hərbi gücümüzü işə salıb torpaqlarımızı azad etməklə məşğul olmalıyıq. Ancaq bununla demək istəmirəm ki, danışıqları dayandırmalıyıq. Hər ikisi paralel aparılmalıdır. Hərbi güc tətbiq etməklə elə bir vəziyyət yaratmalıyıq ki, həmsədr dövlətlər və yaxud digər kimsə xahiş edib bizləri görüşdürməsin. İşğalçı dövlət özü yalvarıb, xahiş edib, məcbur olub Azərbaycanla görüşə, danışığa can atsın. Bu isə ancaq güc göstərən vaxtı olur. Güc qarşısında onlar əzilir, davam gətirə bilmir və belədə danışığa gəlməyə məcbur olurlar. Başqa çıxış yolu yoxdur”.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, ermənilər səksəkə içində yaşadıqlarından ara-sıra belə təxribatlara yol verirlər: “Əslinə qalanda, cəbhə xəttində artan erməni təxribatları adi haldır və görünənlərdir. Çünki ermənilər bir qayda olaraq daim səksəkə içində yaşayır. Çünki işğalçıdırlar. İşğalçı olduqlarından da başa düşürlər ki, günün birində Azərbaycan Ordusu mütləq şəkildə torpaqlarını geri alacaq. Bu əsasda Ermənistan Azərbaycan ordusunun kifayət qədər güclü olduğunun da fərqindədir. Ona görə də ermənilər daimi olaraq təxribatlara əl atmaqla Azərbaycanın  sayıqlığını yoxlamaq, ordumuzun gücünü, ümummilli ruhumuzun yüksək olması ilə bağlı deyilənləri əməldə sınaqdan keçirmək  istəyirlər. Bu səbəblərdən ermənilər son zamanlar təxribatlarını intensivləşdiriblər.  
Belə təxribatlar əvvəllər də olub, yəqin ki, gələcəkdə də baş verəcək. Amma ermənilər öz təxribatlarının qarşısının alınması zamanı rastlaşdıqları durumdan məmnun qalmırlar. Çünki görürlər ki, anında atdıqları hər addımları Azərbaycan tərəfindən izlənilir, ordumuz sayıqlığını bir an belə itirmir, bu da erməniləri daha çox səksəkəyə düşməyə məcbur edir”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz