Əlaqə Arxiv
news Image
2016.11.29
09:22
| A A A
Qarabağ münaqişəsi Avropa İttifaqının xüsusi diqqət mərkəzində
Elman Nəsirov: “Aİ-nin həmin məsələdə fəal mövqedə olması təbii ki, tənzimləmə prosesinə təsirsiz qalmaz, onun inkişafına səbəb ola, prosesə dinamizm gətirə bilər” Elxan Şahinoğlu: “Danışıqlar xeyli müddət apara bilər”

Yaxın zamanlarda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji saziş imzalanacaq.  Sazişin aspektlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ olacaq. 

Qeyd edək ki, hazırda Aİ-Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu yaxınlarda Bakıda olan Aİ nümayəndələrinin Prezident İlham Əliyevlə görüşündən sonra münasibətlərdə yeni yüksəlişə start verilib. 
Bundan başqa, Aİ son illər Qarabağ konfliktinin həlli prosesində aktiv işirak etmək niyyətlərini dəfələrlə gündəmə gətirib. Düzdür, hələlik bu yöndə Aİ-nin real olaraq aktiv fəaliyyətə keçdiyinin şahidi deyilik. Amma indi vəziyyət dəyişir. Bu fonda gözləmək olarmı ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində fəal iştirak etsin? 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, prosesə intensivlik vermək baxımından Aİ Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər: “Bilirsiniz ki, 1 il öncə Avropa Parlamentinin tutduğu qərəzli yanaşmalar üzündən Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər xeyli soyumuşdu. Faktiki olaraq, bu fonda münasibətlər də dondurulmuşdu.  Bu ilin sentyabrın 7-də Avropa Parlamentinin  15 nəfərlik  nümayəndə heyəti Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüş keçirdi. Cənab Prezident onların Azərbaycana münasibətdə qərəzli, ikili standartlara söykənən siyasətini faktlar və arqumentlərə söykənməklə kəskin tənqid etdi. Bu səfər həm də bir barışıq səfəri idi. 
Onlar artıq etiraf edirlər ki, Azərbaycana münasibətdə bir çox hallarda düzgün mövqe tutmayıblar. Bu fonda artıq münasibətlərin bərpası istiqamətində işlərə start verildi. Bu da ilk növbədə Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin işinin bərpasında öz əksini tapdı. Bunun üçün bizim tərəfdən mənim də daxil olduğum 10 nəfərlik heyət təsdiqləndi. Eyni zamanda Avronestlə də əlaqələrin bərpası və onun yeni tərkibi müəyyən edildi. Artıq bu istiqamətdə işlər gedir. 
Ən mühüm  sənəd isə Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlığı özündə ehtiva edən  sənədin  imzalanması ilə bağlıdır.  Azərbaycan Avropa İtttifaqı ilə münasibətlərində bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verib. Yalnız bu şəkildə münasibətləri tənzimləmək olar. 
Xüsusilə də yeni sənəddə Dağlıq Qarabağ münaqişəsilə bağlı Aİ-nin bir qədər daha fəal iştirakı məsələsinin öz əksini tapması planlaşdırılır. Nəzərə alaq ki, Aİ-nin lokomotiv ölkələrindən biri olan Fransa həmsədr ölkədir.  Lakin indiki halda küll halında Aİ-nin prosesdə daha fəal iştirakı məsələsindən söhbət gedəcək. Dağlıq Qarabağ konflikti lokal, məhəlli bir münaqişədir. İkincisi onun qəlizliyi ondadır ki, regional münaqişədir. Yəni burada Türkiyə, İran və Rusiya amili var. Üçüncüsü, bu həm də beynəlxalq, yəni qlobal səviyyəyə çıxmış bir konfliktdir. Burada, ABŞ, NATO, Avropa İttifaqı və digər oyunçular da var. Bu nöqteyi-nəzərdən Aİ-nin həmin məsələdə fəal mövqedə olması təbii ki, tənzimləmə prosesinə təsirsiz qalmaz, onun inkişafına səbəb ola, prosesə dinamizm gətirə bilər. Buna inanmaq istərdik. Amma Aİ beynəlxalq səviyyədə bu prosesə qatılır. Burada regional oyunçuların olduğunu da nəzərdən qaçırmayaq. Belə olan vəziyyətdə Aİ-nin prosesə intensivlik baxımından töhfəsi ola bilər, amma qurum münaqişəni həll etmək missiyasına malik deyil. Bunu ATƏT-in Minsk qrupu üzərinə götürüb. Aİ ən yaxşı halda qeyd etdiyi kimi Ermənistanla Azərbaycan münaqişənin həllilə bağlı razılaşma əldə edib tarixi sülh sazişi imzaladıqdan sonrakı proseslərdə maliyyə dəstəyi və müəyyən digər proqramların reallaşdırılması yolu ilə  iştirak edə bilər. Bu nöqteyi-nəzərdən 
Aİ münaqişənin həll edilməsində vasitəçi tərəf deyil, vasitəçi tərəflərə dəstək verən tərəfdir. Aİ bağlanacaq sənədlərdə də hesab edirəm ki, məhz dəstək vermək sahəsində qurumun imkan və potensialının genişləndirilməsilə bağlı məqamlar öz əksini tapa bilər”.
Politoloq Elxan Şahinoğlu isə Aİ-nin Qarabağ konfliktinin həllində Minsk qrupu həmsədrləri ola-ola aktiv iştirak edəcəklərini gözləmir: “Öncə onu qeyd edim ki, Aİ ilə Azərbaycan arasında strateji sazişin yaxın müddətdə imzalanacağını güman etmirəm. Bunun üçün danışıqlar mərhələsi başlamalıdır. Hələlik isə ancaq mandatlar təsdiq olunub. Belədə danışıqlar xeyli müddət apara bilər. Çünki tərəflərin özünəməxsus istək və tələbləri olacaq  ki, onu da uzlaşdırmaq müəyyən vaxt aparacaq. 
Strateji saziş sənədində Dağlıq Qarabağla bağlı məsələnin yer almasına gəldikdə, bu da müzakirə predmeti olacaq. Belədə danışıqlar müəyyən vaxt aparacaq və uzun çəkəcək. Başqa bir tələb də odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olsun. İndilikdə Azərbaycandan başqa bütün qonşu ölkələr bu qurumun üzvüdür. Bu məsələnin sənəddə necə əks olunacağı da sual altındadır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz