news Image
2016.11.30
09:15
| A A A
Minsk də Qarabağ münaqişəsinə görə İrəvana təzyiqləri artıracaq
Elşən Manafov: “Belarus dövləti işğalçı Ermənistana qarşı daha sərt mövqe sərgiləmək imkanlarına malikdir” Asim Mollazadə: “KTMT-nin üzvü olan Belarus və Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistanın tutduğu mövqe ilə bağlı olaraq İrəvana öz etirazlarını bildiriblər”

Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ölkəmizlə əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, bu əlaqələrin bundan sonra da inkişafında maraqlı olduğunu açıqladı.  Qarşıdakı müddət ərzində Azərbaycan və Belarus əlaqələrinin daha dinamik inkişaf edəcəyi gözlənilir. 

Qeyd edək ki, Belarus işğalçı Ermənistanın da daxil olduğu KTMT-nin və Avrasiya İttifaqının üzvüdür. Lakin buna baxmayaraq, rəsmi Minsk Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir. Bu fonda hətta Minsk İrəvana qarşı bir çox hallarda sərt mövqe də sərgiləyib, onun sözügedən məsələdə haqsız olduğunu diqqətə çatdırıb. 
Hazırda isə Minsk ilə Bakı arasında əməkdaşlıq sürətlə inkişaf edir. İndi Azərbaycanla Belarusun əməkdaşlığının güclənməsi fonunda Minskin İrəvana qarşı daha sərt mövqe tutmasını gözləmək olarmı? 
Politoloq Elşən Manafov bildirdi ki, Belarus dövləti işğalçı Ermənistana qarşı daha sərt mövqe sərgiləmək imkanlarına malikdir: “Təbii ki, Azərbaycan və Belarus dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də siyasi faktorlar üzərində qurulub. İqtisadi kontekstdə Belarusun Azərbaycana ehtiyacı vardır. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Minsk rəsmən Bakıdan 200 milyon dollar kredit istəmişdi. Azərbaycan tərəfi də böyük məmuniyyətlə bu krediti Belarusa vermişdi. İstisna etmirəm ki, Lukaşenkonun Azərbaycana olan bu səfəri də məhz iqtisadi faktorlarla bağlıdır. 
Gözləmək olar ki, bağlanan müqavilələrdə bu istiqamətdə müəyyən razılıqlar əldə edilib. Bir məqam da ondan ibarətdir ki, Minsk Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu ilin aprel ayında Ermənistanla Azərbaycan arasında baş verən qarşıdurma şəraitində Belarus və KTMT-yə daxil olan digər dövlətlərin də hərbi əməliyyatlara seyrçi və loyal mövqelərini müşahidə etdik. Eyni zamanda, xatırlayırıq ki, o zaman Belarusun İrəvandakı səfiri Ermənistan Xarici Işlər Nazirliyinə çağırıldı. Burada işğalçı ölkənin XİN-i Belarusun Ermənistanla eyni hərbi-siyasi blokda təmsil olunmasına baxmayaraq, Minskinin ünvanına nota verdi. Bu, onu göstərir ki, İrəvan və Minskinin münasibətlərində müəyəyn çatlar yaranıb. Bu çatların yaranması da təbii ki, Azərbaycan iqtidarı və diplomatiyasının Belarusla daha münasib münasibətlər qurmaq istəyi və imkanlarından irəli gəlir. Belə bir vəziyyətdə Belarusla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycana bir çox üstünlüklər verir. Belarus MDB məkanında ciddi hərbi-sənaye kompleksinə malik bir ölkədir. Belorus və Azərbaycanda hərbi sənaye nazirliyinin olduğunu nəzərə alsaq tərəflər arasında silah-sursat mübadiləsi və alınması kimi məsələlərdə hansısa razılıqların əldə edilməsi mümkündür. Digər tərəfdən Belarus həm də Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı danışıqlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və problemin ölkəmizin ərazi bütövlüyünü çərçivəsində tənzimlənməsinə tərəfdar olan bir dövlətdir. Bu mənada Belarus dövlətinin ən azı KTMT-də Qarabağ problemilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycanın tərəfində duracağı və bizim haqq işimizi dəstəkləyəcəyilə bağlı mövqeyi birmənalı və şəksizdir. Şübhə etmirik ki, Lukaşenko iqtidarda olduğu dönəmdə bu münasibət dəyişməyəcək. Azərbaycanla münasibətlərin inkişafı fonunda Belarus özü dövlət olaraq Ermənistana qarşı təbii ki, sərt mövqe sərgiləyə bilər. Azərbaycanla əlaqələrin inkişafı fonunda prosesin Belarusla Ermənistan arasında iqtisadi ticarət münasibətlərinin forması və dövriyyəsinə təsirsiz ötüşməyəcəyini də istisna etmək olmaz. Belarusun belə imkanları vardır. Minsk iqtisadi-siyasi kontekstdə İrəvana təsir etmək imkanına malik olan bir dövlətdir.
Bununla belə, unutmayaq ki, KTMT-də aparıcı dövlət Rusiyadır. Güman etmirəm ki, Belarusun Rusiyaya ciddi təsir imkanları olsun. Bu mənada Minskinin sözügedən təşkilat daxilində Moskvaya təsir imkanları yetərincə zəifdir. Ona görə də Belarusun Ermənistanla münasibətlərdə Moskvanın müəyyən etdiyi qırmızı xətti keçməyəcəyi də birmənalıdır. Lakin hər halda Belarusla Azərbaycan arasında münasibətlərin inkişafı həm iqtisadi, siyasi, həm də diplomatiya sahəsində ölkəmiz üçün ancaq xeyirli ola bilər”.  
Milli Məclisin deputatı Asim Mollazadə isə vurğuladı ki, Ermənistan müstəqil dövlət statusunu itirərək artıq Rusiyanın bir əyaləti olduğundan bu fonda Belarusun İrəvana münasibətdə daha sərt davranacağı elə də gözlənilmir: “Əslində, KTMT-nin üzvü olan Belarus və Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistanın tutduğu mövqe ilə bağlı olaraq İrəvana öz etirazlarını bildiriblər. Bu mənada həmin iki dövlət işğalçı Ermənistanın mövqeyini heç zaman dəstəkləməyib. Sadəcə olaraq,  məsələ ondadır ki, Ermənistan müstəqil dövlət olaraq artıq mövcud deyil. Ermənistanın iqtisadiyyatı da Rusiya tərəfindən özəlləşdirilib, silahlı qüvvələri də artıq Moskvanın silahlı qüvvələri tərkibindədir. Bu mənada problemdən ən yaxşı çıxış yolu Minsk qrupunun danışıqları Azərbaycanla Rusiya arasında aparması olardı. Çünki Ermənistan müstəqil dövlət deyil, Rusiyanın hərbi əyalətlərindən biridir. Ona görə də Belarus Ermənistana heç nə edə bilməyəcək. Çünki burada söhbət artıq Ermənistandan deyil, Rusiyadan gedir. Ermənistan isə müstəqil dövlət olaraq artıq mövcud deyil”.
Rüfət NADİROĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs