Əlaqə Arxiv
news Image
2016.12.01
07:00
| A A A
Azərbaycan hərbi mövqelərini daha güclü vəziyyətə gətirir
Üzeyir Cəfərov: “Belarusdan alınan “Polonez” raket kompleksləri ilə Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksələcək” Fərəc Quliyev: “Azərbaycanla Belarus dövləti arasında çoxşaxəli sahələr üzrə isti münasibətlər formalaşıb”

Prezident İlham Əliyevlə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında Bakıda keçirilmiş danışıqlarda Azərbaycana bu ölkədə istehsal olunan "Polonez" yaylım atəşi raket sistemlərinin satışı məsələsinin müzakirə olunduğu istisna deyil.  Bunu bildirən belaruslu hərbi ekspert Aleksandr Alesin deyib ki, Ermənistanın "İskəndər" operativ-taktiki kompleksləri əldə etdiyi dövrdə Azərbaycan "Polonez" YARS-ın alınmasında maraqlıdır. 

Qeyd edək ki, Belarus dövləti özü “Polonez”in yeni modelinin ilk sınağını bu ilin yayında keçirib. “Polonez”in atış uzaqlığı 200 km təşkil edir və onun 300 kilometrə çatdırılması nəzərdə tutulur. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Bu raketlərin alınması Azərbaycana nə vəd edir? 
Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, Belarusdan alınan “Polonez” raket kompleksləri ilə Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksələcək: “Hələ keçmiş sovet dövründə Belarus Hərbi Dairəsi və Hərbi Sənaye Kompleksi SSRİ-nin ən aparıcı müdafiə sistemi respublikası olub. Ukrayna və Rusiya ilə yanaşı, Belarus da hər zaman özünün hərbi texnikası ilə tanınıb. 
Hazırda Azərbaycan Belarus respublikası ilə öz Silahlı Qüvvələri, müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə yaxından əməkdaşlıq edir. Belarus prezidentinin Azərbaycana səfəri zamanı da ikitərəfli münasibətlərin daha yeni mərhələyə çatdırılması istiqamətində razılıq əldə olunub. Bu razılığın içərisində bütün sahələrdə olduğu kimi sözsüz ki, hərbi texniki sahədə də bəzi müzakirələr olub. Azərbaycan Belarusdan bundan sonra da bəzi vacib silah-sursat və texnikanı almaq niyyətindədir. “Polonez” kompleksi də Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini xeyli dərəcədə artıracaq. Həmin raket kompleksi son illər Belarus alimləri və hərbi-sənaye kompleksinin ərsəyə gətirdiyi ən uğurlu nəticələrdən biridir. Bir neçə silah sərgisində həmin raket kompleksini nümayiş etdiriblər və Azərbaycan da ona maraq göstərib. Belədə prinsip etibarı ilə məsələ demək olar ki, müsbət həllini tapıb. Böyük ehtimalla, yaxın zamanlarda həmin kompleks artıq Azərbaycan Silahlı Qüvvələrinin tam istifadəsində olacaq. Qaydaya görə, hər hansı bir ölkə hansı silaha maraq göstərirsə, öncə onun nümunəsini əldə edir və özünü doğrultduğu təqdirdə həmin silahı alır. 
Belarusla təkcə həmin sistem deyil, digər hərbi sənaye məhsullarının alınması üzrə də əməkdaşlığımız vardır. Bildiyim qədər, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də Belarusla bir neçə vacib birgə işlər həyata keçirəcək. Belaruslu dostlar dəfələrlə vurğulayıb ki, Minsk özünün çətin dövründə Azərbaycanın ona kömək əli uzatdığını heç zaman unutmur və unutmayacaq. Güzəştli və tərəfləri qane edəcək şərtlər daxilində Azərbaycana yeni hərbi silah-sursatlar veriləcək”.    
Milli Məclisin deputatı Fərəc Quliyev də qeyd etdi ki, Belarusdan alınacaq raket komplekslərilə Azərbaycan öz hərbi arsenalını genişləndirəcək: “Azərbaycanla Belarus dövləti arasında çoxşaxəli sahələr üzrə isti münasibətlər formalaşıb. Çox prinsipial məsələlərdə Belarus həmişə Azərbaycanın yanında olub. Azərbaycan da Belarusun ağır günlərində ona dəstək verib. 
Ölkəmiz bütün dost ölkələrdən silah-sursat alır. Başqa, dost olmayan ölkələrdən də ticarət məqsədilə silah-sursat alırıq. Amma müasir tələblərə cavab verən modern silahların dost ölkələrdən alınması da gözləniləndir. Çünki son zamanlar işğalçı Ermənistanın Rusiyadan siyasi, hərbi dəstək alması, birgə ordu qüvvələri yaratmaları onu göstərir ki, Azərbaycan həm müttəfiqləri, həm də silah bazarında tərəfdaşlarının siyahısına yenidən baxmalıdır. Bu mənada Belarusdan “Polonez” tipli raket komplekslərinin alınması təklifi yerinə düşən və Azərbaycanın mənafeyinə cavab verən təklifdir. Atılan bu addım ordumuzun döyüş qabiliyyətini daha da qaldıracaq. Azərbaycan tədricən silah-sursat təminatında NATO sisteminə keçməlidir. Çünki Rusiya tərəfi eyni silahları Ermənistana da satmaqla bəzi məqamlarda bizi fakt qarşısında qoya bilər. Belədə Azərbaycan başqa ölkələrdən silah-sursat almaqla təbii ki, bu istiqamətdə arsenalımızın  zənginləşməsinə nail olur. Azərbaycanın özünün də hərbi sənaye kompleksi var. Amma elə silahlar var ki, ölkəmiz onu xaricdən almaq məcburiyyətindədir. Bu mənada Belarusdan alınan silah seçimi də doğru seçimdir”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz