news Image
2016.12.01
09:30
| A A A
Ermənistan prezidentinin yeni “tutuquşu” siyasəti
Serj Sarkisyan danışıqlardan yayınmağın üsulunu axtarır, amma bu, onun üçün daha pis nəticələrə gətirib çıxara bilər

Dünya siyasəti haqda polemik söhbətlərdə tez-tez “dəvəquşu siyasəti” adlı ifadə işlədilir. Bu, adətən, fikrini addımbaşı dəyişən siyasətçilər barədə işlədilir: yəni, dəvəquşu  heyvanların yanında dəvəyəm, quşların yanında quşam deyir. İndi cilddən cildə girməyin mahir ifaçısı kimi tanınan Ermənistan prezidenti də özünəməxsus yeni üsul – “tutuquşu siyasəti” kəşf edib. Ya deyilənləri təkraralayır, ya da dediklərini tabeçiliyində olanlara təkrarladır. 

Bir müddət əvvəl amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirən Minsk Qrupu adından tərəflər arasında yeni görüşün təşkili üzrə iş getdiyini bildirmişdi. Onun sözlərinə görə, Hamburqda baş tutmalı olan bu görüşdə prezidentlərin görüşü barədə təklif irəli sürməyi fikirləşirlər. 
Görüş barədə təklifin olduğunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov təsdiqləyərək bildirmişdi ki, Fransanın təşəbbüsü ilə Hamburqda keçiriləcək 3+2 formatında görüşdə həmsədr ölkələrin nazirləri iştirak edəcək. Məsələ burasındadır ki, Azərbaycan tərəfi bu təklifi dəstəkləyib. Amma qarşı tərəf yenə aradan çıxmaq üçün bəhanələr axtarır. Əvvəl Ermənistan prezidenti Serj Sarkisyan başlayıb “çəm-xəm” eləməyə ki, guya görüşlər boş-boşuna keçir, irəliləyiş yoxdur və s. Halbuki bir neçə ay əvvəl Azərbaycan tərəfi nəticə hasil olmayan mənasız görüşlərin keçirilməyinin əleyhinə rəy bildirmişdi. İndi də Sarkisyan tutuquşu kimi kimi eyni mənanı təkrarlayır, amma unudur ki, görüşlərin mənasızlığı elə onun özünün destruktiv çıxışları nəticəsində meydana çıxır. Bunun ardınca Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da görüşdən imtina edir: “Görüşdük, nə oldu?”. Nalbandyan ATƏT xarici işlər nazirlərinin Hamburqda keçiriləcək toplantısı çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini təsdiqləməkdən imtina edib.
Beləliklə, görüşün baş tutmayacağı artıq aydındır. Səbəb sadədir: Ermənistan yenə vaxt qazanmaq, status-kvonu qoruyub saxlamaq yolunu seçib. Axı, lap bu yaxınlarda vəziyyətin belə davam edə bilməyəcəyini siyasətçilər və ekspertlər tam kıəskinliyilə bildirirdilər. Bəs nə oldu? Niyə ermənilər görüşdən qaçırlar? Nalbandyan buna da səbəb düzəldib, deyib ki, Hamburqda görüşün baş tuta biləcəyi haqda “həmsədrlərdən biri” danışıb. Bakıda isə bu görüşə hazır olduqlarını bildiriblər, lakin əvvəlcə Bakı mövqeyini müəyyənləşdirməlidir: “İndiki formatda danışıqların davam etməsini istəyirsə, həmsədrlərin bəyan etdiyi hər üç prinsip, o cümlədən gücdən istifadənin və istifadə ilə təhdidin istisna edilməsi haqda danışmalıdır. İştirak xatirinə iştirak-danışıqların imitasiyasıdır. Bunu Vyana və Sankt-Peterburq görüşləri də göstərdi.Həmin görüşlərdə iştirak etdik, nə oldu? Bu günə qədər də əldə edilmiş razılaşmaları yerinə yetirməyiblər”. Nalbandyan əlavə edib ki, o, Hamburqda həmsədrlərlə görüşəcək. Ancaq Azərbaycan xarici işlər naziri ilə görüşün baş tutacağını indidən deyə bilməz. “Görək həmsədrlər nə təklif edirlər”- deyə, o bildirib.
Eyni mövqeni daim təkrarlayan Sarkisyan və Nalbandyan tutuquşu siyasətiundən əl çəkib, yaxşı olar ki, Prezident İlham Əliyevin “Sputnik” agentliyinə müsahibəsini diqqətlə oxuyub mənasını “qulaqlarında sırğa” etsinlər: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”. Bu dərəcədə aydın deyilmiş təklifi, təəssüf ki, işğalçı erməni prezidenti və naziri hələ də anlaya bilməyib.
Bunlar öz yerində. Ancaq indi həmsədrlərin və təmsil etdikləri dövlətin rəsmilərinin münasibəti necə olacaq. Axı, açıq-aşkar görünür ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq yolundadır. Hamının təsdiqlədiyi prinsipləri pozmaq, bu gün dediyini sabah danmaq bunlar üçün su içmək qədər asandır. Belə aydınlıq içərisində həmin dövlətlər Ermənistana təzyiq edəcəkmi? Müşahidələrimizə görə deyə bilərik ki, çətin! Çünki, onların içərisində Con Kerri kimi postunu tərk etmək üçün vaxtın çatmasını gözləyən ABŞ-ın dövlət katibi var. Bəlkə də Ermənistanın pozuculuq fəaliyyətini əlaltdan dəstəkləyənlər ona bu “dili” verirlər. Əslində, danışıqlar prosesinə tək Ermənistanın yox, MQ-yə daxil olan həmsədrlərin özlərinin baxışlarının dəyişməsinə ciddi tələbat var. Əks halda gələcək gedişatı göstərən oxlar aprel döyüşlərinə tuşlanıb. Azərbaycanda çoxları aprel döyüşlərinin daha səmərəli olduğu qənaətinə gəlib. Bu təcrübədən imtina üçünsə bir yol var: Ermənistanın və həmsədr dövlətlərin danışıqlar üzrə məsuliyyətinin və konstruktivliyinin artırılması.

N.NOVRUZ 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs