Əlaqə Arxiv
news Image
2016.12.02
09:40
| A A A
Avropa məhkəməsində Ermənistan yenidən işğalçı dövlət adlandırıldı
İndi işğalçı ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiqi əsas şərt kimi çıxış edir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın işğal edilmiş regionu olan Dağlıq Qarabağ ərazisinə hərbi xidmətə yola salınmış Ermənistan vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Suren Muradyanın 2002-ci ildə öldürülməsi barəsində işin düzgün araşdırılmamasına görə ötən həftə Ermənistanı 50 min avro məbləğində cərimələyib. Məhkəmə işi zərərçəkənin atasının iddiası ilə əlaqədar açılıb. S.Muradyanın atası hesab edir ki, Ermənistanın hakimiyyət orqanları onun oğluna vaxtında tibbi yardım göstərilməməsində təqsirkardır. Beləliklə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktı Avropanın insan haqları məsələləri ilə bağlı ali məhkəmə orqanı tərəfindən növbəti dəfə təsdiq edilib.

Bu, işğalçılıq faktını təsdiq edən ilk belə hadisə deyil. Dağlıq Qarabağ müharibəsi üzrə BMT-nin artıq dillər əzbəri olan məşhur 4 qətnaməsi, Avropa Şurasının müvafiq qətnamələri Ermənistanın işğalçılıq siyasətini birbaşa təsdiq edən, amma təqdir etməyən sənədlərdir. Əgər işğalçılıq faktı sübut olunursa, demək, ermənilərin “qədim erməni torpaqları” haqda xülyaları da puça çıxır. Üstəlik, dünya birliyi tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları işğal faktını qəbul etmirsə, demək, onu aradan qaldırmaq üçün dünya birliyi hərəkətə keçməlidir. Məsələn, İranın atom bombası yaratmaq üçün tədqiqatları genişləndirdiyi vaxt xeyli sayda dövlətin iştirakı ilə bu ölkəyə sanksiyalar tətbiq olunub. Yaxud İraq prezidenti Səddam Hüseynin kimyəvi silahdan istifadə edəcəyini bəyan edən 30-a yaxın ölkə ondan təhdid gözlıədiklərinə görə koalisiya yaradıb İraqı yaman günə qoydular. Elə indinin özündə Rusiyanın Krımı və Donbası ilhaq etməsi səbəbilə  bu ölkəyə qarşı ABŞ və Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Yaponiya və digər dövlətlər tərəfindən iqtisadi və siyasi sanksiyalar tətbiq olunur. 
BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsi yerinə yetirilsəydi, indi Cənubi Qafqazda sülh və əmin-amanlıq hökm sürərdi. Lakin bu qətnamələr kimi digər təşkilatların qərar və qətnamələri də kağız üzərində qalıb. Niyə bu təşkilat öz qərarına hörmət etmir? Axı onun “mavi dəbilqəlilər” adlanan hərbi gücü var. Ermənistan kimi “cılız” bir dövləti dünya birliyinin qərarını yerinə yetirməyə məcbur etmək doğrudanmı BMT üçün çətindir? Yox, çətin deyil. Arada çirkin siyasət var, bu səbəbdən beynəlxalq təşkilat ayrı-seçkilik salır.
Amma bütün bunlara rəğmən, ermənilər və erməni dövləti növbəti dəfə ifşa olunub. Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi sənəddir. Ermənistan bu qərarın və beynəlxalq ictimaiyyətin, o çümlədən qonşuluğundakı xalqların qınağından, tarixin təhdidindən qaça bilməyəcək. Azərbaycana atdığı şər və böhtanın axırı olmayacaq. Erməni əsgərləri azərbaycanlıların qanı hesabına işğal aktını həyata keçirdikləri kimi öz qanları hesabına da işğal etdikləri torpaqları geri qaytarmağa məcbur olacaqlar.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz