Əlaqə Arxiv
news Image
2016.12.03
08:00
| A A A
Qarabağ münaqişəsi hərb müstəvisində çözüləcək
Elman Məmmədov: “Müharibə hər an başlaya bilər və başlasa, onun da günahkarları işğalçı dövlətlə onu qoruyan dövlət və qurumlar olacaq” Fikrət Sadıxov: “Bizim üçün ən vacibi torpaqlarımızın işğaldan azad olunmasıdır, bu, dinc yolla baş verməsə, aprel hadisələrinin təkrarı heç də istisna deyil”

“Hər hansı ərazilərin Azərbaycana qaytarılması məsələsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti ilə müzakirə mövzusuna çevrilə bilər. Problemin həll paketi Ermənistanla Dağlıq Qarabağın yerüstü əlaqəsinin qorunmasının zəruriliyini təsbit edir. Heç bir anklav statusu barədə söhbət ola bilməz”,-bunu “Azadlıq Radiosu”nun sualına cavab verən Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. 

Belləiklə, bu açıqlama da bir daha göstərir ki, Ermənistan yenə konstruktiv mövqedən qaçır. Onlar hər vəchlə çalışırlar ki, münaqişənin həlli istiqamətində aparılan danışıqlar «ölü nöqtə»dən tərpənməsin. Bu əsasda hiss olunan odur ki, aprel döyüşlərində aldıqları sarsıdıcı məğlubiyyətdən sonra qorxuya düşən ermənilər indi yenidən xaricdəki hamilərinin dəstəyilə konfliktin həllinə ancaq  əngəl olan könhə düşüncələrini gündəmə gətirməyə çalışırlar. Halbuki, aprel olaylarından sonra Qarabağdan kənar bir neçə rayonun azad edilməsi məsələsi belə gündəmə gəlmişdi. 
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənsitanın konstruktiv mövqeyə gəlməməsi fonunda müharibənin yenidən alovlanacağı qaçılmazdır: “Müharibə əslində, qurtarmayıb. Müharibə gözlənilir, özü də bu qaçılmazdır. Onun da səbəbi və səbəbkarları düşmən dövlət olan Ermənistan, onun havadarları, eyni zamanda beynəlxalq qurumlardır. Yəni havadar rolunda çıxış edən 3 həmsədr dövlətin, BMT kimi əl quyruqçusu olan  bir qurumun, ATƏT kimi təşkilatın işğalı, işğalçını həvəsləndirməsi, onu qoruması, müdafiə etməsi son nəticədə Azərbaycanı hərbi gücə əl atmağa məcbur edəcək. Azərbaycan bunu istəmir. 
Azərbaycan istəyir ki, sülh yolu ilə işğalçı dövlətin torpaqlarımızdan çəkilib getməsinə nail olsun. Ancaq görünən odur ki, bu mümkün deyil. İşğalçı dövlət, hərbi cani olan rəhbəri və onun komandası o qədər həyasızlaşıb ki, artıq gizlində deyil, həyasızcasına açıq şəkildə bir qarış da olsun torpağı qaytarmayacağlarını, işğaldan azad etmək fikrində olmadıqlarını bəyan edirlər. Əvəzində şərtlərinin yerinə yetirilməsini ortaya atırlar. Onların da şərti 1988-ci ildən bəyan olunub. Serj Sarkisyan Dağlıq Qarabağdakı quldur dəstələrinə rəhbərlik edən vaxtdan bəyan olunub. Onlar həyasızcasına Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini bəyan edirdilər. «Dağlıq Qarabağ respublikası» kimi qondarma qurumun yaradılması isə onlar üçün aralıq mərhələdir. 
Bir-birinin yanında sayları 1 milyon yarıma çatmayan tör-töküntünün iki dövlətinin olması heç bir ağıla sığmayan haldır. Ermənilər yəni 1988-ci ildə götürdükləri istiqamətə doğru gedirlər. Bütün fəaliyyərlərini ona yönəldiblər. Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi  isə onların son məqsədidir. Ancaq hesab edirəm ki, onlarin bu mənfur arzusu gözlərində, ürəklərində qalacaq. Azərbaycan ilk gündən bəyan edib ki, bir qarış torpağını belə güzəştə getməyəcək. Müharibə hər an başlaya bilər. Başlasa, onun da günahkarları işğalçı dövlətlə onu qoruyan dövlət və qurumlar olacaq. Şimal qonşumuz bizə dost deyə-deyə, əməkdaşlıq edə-edə Ermənistanı qorumaq üçün onunla müqavilələr bağlayır. Onu müxtəlif təşkilatlara qoşur, hava məkanını qoruyur, birləşmiş qoşun birlikləri yaradır. Bunlar isə işğalçını müdafiə etmək deməkdir. Həmin səbəbdəndir ki, işğalçı quldur dəstələri belə ürəkdən danışa bilirlər. Onları yerlərində oturdub dərs verməyin bir yolu var: Azərbaycan hərbi gücündən istifadə edib torpaqları azad etmək üçün hərəkətə keçməlidir. Başqa yol yoxdur”. 
Politoloq Fikrət Sadıxov da müharibənin yenidən alovlana biləcəyini istisna etmədi: “Ermənistanda da yaxşı başa düşürlər ki, aprel hadisələri təkrarlana bilər. Görünür, məhz aprel hadisələri onlara o qədər güclü təsir edib ki, indi faktiki olaraq ideoloji, siyasi-diplomatik müstəvidə sadəcə olaraq, çabalamaqla məşğuldurlar. Uydurma bəyanarlar verir, bu səpkili çıxışlar yapırlar. 
Söhbət ondan gedir ki, ortalıqda çoxdan təsdiq olunan Madrid prinsipləri vardır. Madrid prinsiplərində də faktiki olaraq Azərbaycan torpaqlarının azad olunması və sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların aparılması nəzərdə tutulur. Bunu ermənilərin özləri də yaxşı bilirlər. Amma görünür, bu uydurmaları bilməyənlərə çatdırmaq istəyir. Ermənilərin bu tip mövqeləri əlbəttə ki, heç zaman Azərbaycanı qane edə bilməz. Çünki bizim üçün ən vacibi torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu dinc yolla baş verməsə, həmin fonda aprel hadisələrinin təkrarı heç də istisna deyil”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz