Əlaqə Arxiv
news Image
2016.12.07
08:00
| A A A
Cəbhədə vəziyyət gərginləşir
Elman Nəsirov: “XİN rəhbərlərinin Hamburq görüşünün baş tutmaması fonunda cəbhədəki vəziyyət yenidən gərginləşə bilər” Elxan Şahinoğlu: “İşğalçı intensiv olaraq atəşkəs rejimini pozur”

"Mən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu". Bunu xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov qeyd edib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində görüşə hazırdır: "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur". 

Qeyd edək ki, artıq il sona çatmaq üzrədir. Ötən 11 ay ərzində Qarabağ münaqişəsi ətrafında danışıqlarda irəliyə doğru hansısa bir yenilik demək olar ki, müşahidə edilməyib. Bu ilin aprelinə qədər danışıqlar istiqamətində Ermənistanın işğalçı rejiminin tutduğu aqressiv siyasət üzündən ümumiyyətlə, hansısa bir addımlar belə atılmadı. Sanki ATƏT-in Misnk qrupu həmsədrləri də vəziyyətin belə olması ilə barışmışdılar. Lakin aprelin əvvəlində Azərbaycan Ordusunun erməni işğalçılarına endirdiyi sarsıdıcı zərbələr yenidən danışıqlar prosesinin aktivləşməsinə gətirib çıxardı. Bu fonda qısa zaman kəsiyində may və iyun aylarında Vyana və Sankt-Peterburqda tərəflər arasında həmsədr dövlətlərin iştirakı ilə iki görüş baş tutdu. Lakin bu görüşlər də ancaq atəşkəs rejiminin möhkəmləndirilməsinə xidmət etdi. Bu fonda isə həmsədr ölkələrin işğalçı Ermənistana təsir etməmələri üzündən münaqişənin həllinə olan ümidlər bir daha puça çıxdı. Həmin dövrdən üzü bəri prezidentlər səviyyəsində ilin sonuna doğru üçüncü görüşün olacağı barədə fikirlər səslənsə də, göründüyü kimi il başa çatmaq üzrə olsa da, İrəvandakı rejimin qeyri-konstruktiv mövqeyi üzündən proses dalana dirənib. İndi isə görünən odur ki, Ermənistan hətta xarici işlər nazirləri səviyyəsində görüşlərdən belə qaçmağa cəhd edirlər. 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, XİN rəhbərlərinin Hamburq görüşünün baş tutmaması fonunda cəbhədəki vəziyyət yenidən gərginləşə bilər: “Cari il artıq sona yaxınlaşmaqdadır. ATƏT-in Minsk qrupu həmsədrlərin əsas niyyəti odur ki, ilin sonuna qədər heç olmasa, bir dəfə prezidentlər səviyyəsində görüşə nail olunsun. Yaxud da ilin sonuna qədər növbəti ilin əvvəli üçün prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olunsun. Bu görüş üçün də yol ilk növbədə xarici işlər nazirləri arasında görüşdən keçir. Yəni, əvvəlcə onların görüşü, sonra isə prezidentlər səviyyəsində təmaslar. 
Azərbaycan tərəfi münaqişənin dinc həlli yoluna üstünlük verib və bu da ölkəmizin sülhpərvər siyasətindən irəli gəlir. Ona görə də Azərbaycan xarici işlər nazirinin Hamburq görüşünə hazır olmasını bildirməsi təbiidir, məntiqidir. Azərbaycan ona görə danışıqlara gedir ki, prosesdən nəticə hasil olsun. Amma Ermənistan tərəfi bu məsələdə konstruktivlik nümayiş etdirmək əvəzinə, növbəti dəfə göstərir ki, heç bir halda danışıqlarda maraqlı deyil, danışıqların olmasını istəmir. Niyyətləri də ondan ibarətdir ki, indiki status-kvo vəziyyəti maksimum qorunub saxlanılsın. Ermənistan o halda danışıqlara gedir ki, daha danışıqlara getməmək mümkün deyil. Yalnız bu halda o məcbur olaraq danışıqlara gedir. Lakin bununla belə aparılan danışıqlada da nəticə hasil olmasın deyə, proses öncəsi, həm də ondan sonra ermənilər növbəti təxribatlara əl atırlar. Belədə danışıqlar prosesində yarana biləcək müəyyən kövrək ümidləri də heçə endirməyə çalışmaqla status-kvo vəziyyətini saxlamağa çalışırlar. Həmsədrlər də bütün bu reallığı gözəl dərk edir. Buna rəğmən, yenə də onlar danışıqlara getmək istəyir. O səbəbdən ki, ilin sonuna yaxın bir dəfə də olsa xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsinə nail oldularını hesabatlarında qeyd edə bilsinlər. Həmin görüşdə  hansı razılaşmanın əldə edildiyi isə onlar üçün maraqlı deyil. Bunun dəfələrlə şahidi olmuşuq. 
Həmsədrlərin dişsiz siyasəti üzündən artıq Ermənistan dövləti danışıqlara getməyəcəyini bəyan etməsə də, amma faktiki addımları ilə onun bütün əlamətlərini əksinə göstərmiş olurlar. Bu əsasda formalaşan vəziyyət onu göstərir ki, Ermənistan dövləti xarici işlər nazirləri səviyyəsində görüşə getməsə, hər kəs İrəvanın növbəti təxribatlarının labüd olacağını bilir. Yəni onların bu fonda növbəti təxribatlara əl atacağını proqnozlaşdırmaq elə də çətin deyil. Onlar elə bir vəziyyətin yaranmasında maraqlıdırlar ki, danışıqlar prosesi alınmasın. Artıq bunun əlamətlərini görürük. Hamburq danışıqları baş tutmasa, cəbhə xəttində vəziyyətin daha da gərginləşməsi və Ermənistanın təmas xəttində atışkəsi daha intensiv şəkildə pozmasının şahidi ola bilərik”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Hamburq görüşünün olub-olmamasının cəbhədəki vəziyyətə müsbət və yaxud mənfi mənada heç bir təsiri yoxdur: “İlin sonuna doğru Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburq görüşü baş tutmasa belə, cəbhə xəttində vəziyyət indi necədirsə, elə də davam edəcək. Onsuz da həmsədrlərin istəyi odur ki, prezidentlər səviyyəsində görüş baş tutsun. Amma  ilin sonuna qədər belə bir görüşün baş tutacağı gözlənilmir. Hətta indiki halda xarici işlər nazirləri səviyyəsində görüş alınsa belə, ondan real bir nəticə çıxmayacaq. Bunun özü də nəticə verməyəcəksə, cəbhə bölgəsindəki mövcud duruma mənfi təsir edə bilər. Amma görüş olmayacağı təqdirdə belə vəziyyət necə var, elə olduğu kimi də qalacaq. 
Cəbhədə toqquşma ehtimalları heç də bu görüşlərin olub-olmamasından asılı olmayaraq. artıb və ya azalmır. Onsuz da işğalçı intensiv olaraq atəşkəs rejimini  pozur. Bu mənada düşünürəm ki, Hamburq görüşünün baş tutub-tutmamasının cəbhə xəttindəki vəziyyətə nə müsbət, nə də mənfi mənada elə bir təsiri yoxdur”. 

 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz