Əlaqə Arxiv
news Image
2016.12.07
09:15
| A A A
Beynəlxalq təşkilatların Azərbaycan torpaqlarında göz yumduğu qanunsuzluq
Elman Məmmədov: “Beynəlxalq təşkilatlardan bu istiqamətdə heç bir real kömək görməmişik, bundan sonra da görməyəcəyik”

İşğal altındakı olan Qubadlı rayonunun Xanlıq kəndinin adını “işxanadzor” qoyan ermənilər bu kənddə bir neçə Suriya erməni ailəsini məksunlaşdırıblar. Və Almaniyanın “Deutschlandfunk” qəzetinin müxbiri Naomi Konrad həmin ərazilərdə olaraq Suriya ermənilərinin Azərbaycana məxsus bu ərazilərdə necə yaşadığını araşdırıb. 

Xatırladaq ki, rəsmi Bakı Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasını beynəlxalq təşkilatlar və həmsədrlər qarşısında dəfələrlə qaldırıb. Düzdür, indiyədək həmin beynəlxalq qurumlar Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün real addımlar da atmayıblar. Bunun nəticəsidir ki, cəzasız qalan Serj Sarkisyan rejimi də Suriyadan olan  və digər xarici ölkələrdən gələn erməni ailələrini Dağlıq Qarabağda, Laçın, Qubadlı, Zəngilan kimi işğal etdikləri ərazilərimizdə heç bir beynəlxalq qanunlara məhəl qoymadan yerləşdirməkdə davam edir. Hansı ki, mövcud vəziyyəti artıq xarici media da təsdiq edir. Bu isə beynəlxalq qurumlara qanunlara məhəl qoymayan Ermənistana qarşı sərt tədbirlər görmək üçün əsaslar verir. 
Bu şəraitdə Ermənistana qarşı beynəlxalq miqyasda hansı addımlar atıla bilər? Xüsusən də həmsədrlər, eləcə də ATƏT və digər beynəlxlaq qurumular tərəfindən.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparan Ermənistana qarşı beynəlxaql birlik bu günə qədər heç bir real addımlar atmadığı kimi, bundan sonra da həmin istiqamətdə onların hansısa addımlar atacağını gözləmir: “Təkcə jurnalistlərin çəkdiyi reportajlar deyil, ATƏT-in Faktaraşdırıcı Missiyası da bu illər ərzində dəfələrlə Azərbaycanın işğal altındakı müxtəlif ərazilərində olublar. Onlar öz hesabatlarında da işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti apardığını təsdiq ediblər. Yəni Azərbaycan tərəfinin verdiyi sorğular, məlumatlar, bəyanat və etirazlar əsasında olan sənədlər onların hesabatlarında da öz əksini tapıb. 
Xaricdən, Suriya, Livan və başqa dövlətlərdən köçürülən ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilməsi faktı yeni deyil. Ən azından 20 ildir ki, bu proses başlanılıb və indi də davam edir. Həmçinin bu fakt müxtəlif hesabatlarda öz təsdiqini tapır. Azərbaycan vaxtaşırı Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komisarlığına, ATƏT-ə, həmsədr dövlətlərə, Avropa Şurası və başqa qurumlara bu barədə məlumatlar verərək tələb edib ki, qanunsuz məskunlaşma halı dayandırılsın. Çünki bu gün həmin ərazilər düşmən işğalı altında olduğundan Azərbaycan onun qarşısını heç cürə ala bilmir. Qarşısını almaq üçün Azərbaycan torpaqları işğaldan azad etməlidir, ərazilərimizə özümüz nəzarət etməliyik ki, kimin gəlib-gəlmədiyini bilək.  Ancaq bu gün işğal altında olan ərazilərdə mövcud prosesin dayandırılması üçün müvafiq beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, Faktaraşdırıcı Missiya, BMT-nin müvafiq qurumları var. Lakin onlar hazırda Ermənistanda siyasi hakimiyyəti zəbt edən Serj Sarkisyan başda olmaqla bir qrup cinayətkar və caniyə gözün üstə qaşın var demir, beynəlxalq qanunları pozan bu qüvvələrə qarşı heç bir sanksiya tətbiq etmir, qadağa qoymurlar. İşğalçı da bu fonda təpki görmədiyindən istədiyi kimi hərəkət etməkdə davam edir. 
Bir növ gələn ermənilər yazıqdır. Biz torpaqlarımızı azad edib, öz yurd-yuvamıza qayıdanda o ermənilər buradan hara gedəcəklər? Onlar işğal olunmuş ərazilərimizdə məskunlaşmamışdan qabaq bunu dərk etməli, başa düşməlidirlər. Həmin ermənilər əslində, bu ərazilərimizə aldadılaraq, şirnikləndirilərək gətirilir və yerləşdirilirlər. Sonradan kişi cinsindən olanların hamısının sənədləri əllərindən alınır və səngərlərə, təmas xəttinə göndərilirlər. Aprel hadisələri zamanı ermənilərdən ölənlərin əksəriyyəti də məhz başqa ölkələrdən gətirilərək bu ərazilərimizdə məskunlaşdırılanlardır. Onların məskunlaşdırıldığı ərazilər də əsasən Laçın, Zəngilan və Qubadlı rayonlarıdır. Ancaq Dağlıq Qarabağda da bu istiqamətdə məskunlaşma həddən artıq çoxdur. Məsələn, həftədə azı heç olmasa, bir dəfə «Google» proqramı ilə Xocalının xəritəsinə baxıram. Hər dəfə də orada yaşayış üçün bərpa olunan evləri sayıram. Ermənilər Xocalıda hərbi şəhərcik, hərbi hospital, poliqon yaradıb, ancaq bununla belə xaricdən gətirilib orada da məskunlaşdırılanların sayı artmaqda davam edir. Azərbaycanın Ermənistanın bu qanunsuz əməlinin qarşısını almaq üçün yeganə bir yolu var, ikinci yol yoxdur. O da torpaqlarımızı azad edib, ərazilərimizə nəzarət etməkdən keçir. Beynəlxalq təşkilatlardan bu istiqamətdə heç bir real kömək görməmişik, bundan sonra da görməyəcəyik”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz