Əlaqə Arxiv
news Image
2016.12.08
09:30
| A A A
Prezidentin cəbhə bölgəsinə səfərləri dövlət və orduya inamı daha da artırır
Düşmən tərəfdə isə tam fərqli mənzərə müşahidə olunmaqdadır

Türklərə (azərbaycanlılara) qarşı ermənilərin düşmənçiliyinin saxta mahiyyəti dünyanın bütün tarixçilərinə məlumdur. Bu haqda elm mərkəzlərində, arxivlərdə, salnamələrdə kifayət qədər faktlar var. Amma bunlar bir çox dövlət rəhbərləri və siyasətçilər tərəfindən ya gizlədilir, ya da əks mövqedən izah edilir. Çünki, bu kimi məsələlər siyasətdə ikili standartların açarı rolunu oynayır. XXI əsrə qədər diplomatlar siyasi etika çərçivəsində ikiüzlülüyü görməzliyə vururdular. Lakin bu formul o dərəcədə genişləndi ki, artıq onu gizlətmək özünüaldatmaq kompleksinə çevrildi. Bu səbəbdən indi hər şey açıq-aydın öz adı ilə çağırılmağa başlanıb. Eynilə Ermənistanın Dağlıq Qarabağı işğal etməsində bu düşmənçiliyin ideologiyası durur. Lakin siyasətin ikili standartları kimi erməni ideologiyası da çürükdür və nə tarixi hıqiqətlərə, nə də dünyanın müasir ab-havasına cavab verir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə cəbhəyanı zonaya, Tərtər və Ağdam rayonlarına səfəri zamanı düşmənin güllə yağışı altında yaşayan insanlarla görüşündə erməni düşmənçiliyinin mahiyyəti və ardıcıllığı barədə aydın təsəvvürlər formalaşdıran dəqiq fikirlər söyləyib: “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar. Ona görə aprel döyüşlərində qələbəmiz bir daha demək istəyirəm ki, bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar”.
Təmsil etdiyi xalqı ətrafında sıx birləşdirib rəhbərlik etdiyi dövlətin ərazi bütövlüyünü qorumaq üçün qətiyyətlə mübarizə aparan Prezidentin ön cəbhədə tez-tez olması, hərbçilərlə, əhali ilə görüşüb döyüş şəraitini müzakirə etməsi, problemlərin aradan qaldırılması yollarını axtarması qələbəyə bəslənilən inamın nə qədər güclü olduğunu sübut edir. 
Əks-cəbhədə isə əhali yoxdur, yalnız Ermənistanın işğalçı silahlı qüvvələrinin əsgərləri var. Onlar isə erməni hüquq müdafiəçilərinin bildirdiyinə görə, yad torpaqda ölməyi arzulamırlar. Buna görə də döyüş əzmindən məhrumdurlar. Hətta Ermənistanın özündə belə Qarabağın işğalına daha ayıq yanaşanların sayı getdikcə artır. Əhali anlayır ki, onları bu müharibəyə öz mənafeyini güdən bir qrup siyasətçi öz havadarları ilə birlikdə sürükləyib. Bu, bir yana, indi erməni xalqı bir tikə çörəyini güclə tapır. Qarabağın işğalında və talan olunmasında birbaşa iştirak etmiş Ermənistanın siyasi hakimiyyətinin başı avantüraya elə qarışıb ki, iqtisadiyyatla məşğul olmağı birdəfəlik unudub. Buna görə də imkan tapan vətənini tərk edir. İmkanı olmayan isə uşaq böyütməkdən əl çəkir. Çünki, uşağı yedirib-içirtmək, tərbiyə verib oxutmaq üçün vəsait lazımdır, lakin sosial vəziyyətin ağırlığından ailələr bu səadətdən məhrum olublar. Almaniya  mətbuatının yazdığına görə, almanlar Ermənistandan əhalinin miqrasiyası faktlarından dəhşətə gəliblər:hər il 50-60 min vətəndaş ölkəni tərk edir. Ermənistandakı rəsmi rəqəmlərə görə, hər 53 nəfər işsizə bir iş yeri düşür. Rəsmi statistikada əhalinin sayı 3 milyon göstərilsə də, əslində, bu rəqəm 1,5 milyondan çox deyil. Əhalinin demoqrafik göstəriciləri isə yalnız bədbin proqnozlardan ibarətdir. Dövlət sistemini hərbiləşdirməyə çalışan hökumət yeni vergi növü icad edib: hər ay işləyən vətəndaşların hər birindən silahlı qüvvələr fonduna məcburi olaraq 1000 dram pul tutulsun. Zillət içində yaşayan ermənilər indi də bu qərarın ləğv edilməsi hayına düşüblər. 
Bu qədər kasıb və zəif olan dövlət Qarabağda işğalçılıq siyasətini hansı qüvvə ilə davam etdirir. Məsələ məlumdur: öz ağalarının yardımı ilə. Amma bu nə qədər davam edəcək? Azərbaycan getdikcə güclənir, dünyadakı yerini möhkəmləndirir, nüfuzunu artırır. Təbii ki, torpaqlarını işğaldan azad etmək kimi haqq işi uğrunda apardığı mübarizədə tərəfdarlarını da çoxaldır. Bu minvalla belə bir ümumi mənzərə yaranır ki, Ermənistanın bu gün danışıqlar stolu arxasına keçib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razılaşması onun üçün böyük bir şansdır. O bu şansdan istifadə etməsə gələcəkdə ümumiyyətlə Qafqazda məskunluğunu təbii şəkildə itirəcək. 
Bu günlərdə erməni milli konqresinin parlamentdəki fraksiyasının başçısı Levon Zurabyan veriyi açıqlamada etiraf edib ki, “Ermənistan uçuruma diyirlənir”.  Bəli, bu həqiqətdir və o da həqiqətdir ki, bu vəziyyətdən çıxmaq üçün ölkənin gücü və potensialı yoxdur. Buna görə də Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətində məğlubiyyəti də qaçılmazdır.

N.NOVRUZ

     

Sizin Reklam Yeriniz