Əlaqə Arxiv
news Image
2016.12.10
10:00
| A A A
Avropa Qarabağ münaqişəsi üzündən ciddi təhdid altındadır
Sahib Alıyev: “Təhlükənin daha da böyüməsində ən böyük məsuliyyət məhz Minsk qrupu həmsədrlərinin üzərinə düşür” Qabil Hüseynli: “Bölgədəki lokal münaqişə böyük miqyas ala bilər”

"Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur". Bu sözləri ABŞ dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqa keçirilən 23-cü iclasında deyib.  O, Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib. Göründüyü kimi, Qərb, o cümlədən ABŞ da yaxşı anlayırlar ki, Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyini təhdid altına qoyur. Lakin bu günə qədər münaqişənin həllinin tezləşməsi istiqamətində dedikləri sözdən o yana keçməyib.  

Millət vəkili Sahib Alıyev bildirdi ki, Qarabağ münaqişəsindən gələn təhlükəyə heç kim şübhə etmir: “Amma təhlükənin daha da böyüməsində ən böyük məsuliyyət məhz Minsk qrupu həmsədrlərinin üzərinə düşür.  Minsk qrupu həmsədrləri işğalçını öz adı ilə çağırmayınca, onu ölərinin də daxil olduğu BMT-nin qətnamələrinə əməl etməyə dəvət etməyincə, təhlükə qalmaqla yanaşı, daha da güclənəcək. 
Minsk qrupunun üzvlərindən biri ABŞ bu gün ermənilərə dəstək verir, maliyyə yardımı göstərir. ABŞ-ın dövlət xətti ilə Ermənistana göstərdiyi maliyyə yardımlarının həcmi 1 milyard dolları keçib. Heç bir separatçı bölgəyə maliyyə yardımı edilmədiyi halda Dağlıq Qarabağa bu cür yardımlar edilir. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa gedən şəxsi daxili işlər naziri təyin etməsi həmsədr kimi Fransanın nə qədər qərəzli olduğunu göstərir. Digər həmsədr ölkə Rusiya isə ermənilərə açıq şəkildə həmişə hər cür dəstək verib. Odur ki, bu cür bəyanatlar riyakar təsir bağışlayır. Onlar problemin həllinə kömək edə biləcəyi halda belə şablon bəyanatlar verirlər. Bir sıra hallarda isə həllinə mane olurlar. Daim sülh yolundan başqa yolun olmadığını deyiblər. Yəni, onların dediyindən belə çıxır ki, Azərbaycan öz torpaqlarını savaş yolu ilə geri qaytara bilməz. Belə bəyanatlar verməklə gərginliyin qalmasında və daha da təhlükəli xarakter almasında rol oynayırlar”. 
Millət vəkili əlavə etdi ki, münaqişənin həll edilməməsi onların həmişə marağındadır: “Onlar bu vəziyyətdən region dövlətlərinə, xüsusən də Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar”.
Digər siyasi şərhçi Qabil Hüseynli bildirdi ki, həm Azərbaycan, həm də Ermənistan Avropa məkanına daxil olan ölkələrdir: “Ona görə Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyini təhdid altına alır. Düzdür, Ermənistan kiçik dövlətdir. Onun Avropa üçün elə də əhəmiyyətli rolu yoxdur. Amma Azərbaycan Avropa üçün böyük enerji dəhlizi, enerji mənbəyidir. Azərbaycanın nefti və qazı Avropanın enerji təchizatı üçün strateji əhəmiyytə malikdir. 
Həmçinin Azərbaycan dəmir yollarının, şose yollarının keçdiyi, Avropanı Asiya ilə birləşdirən məkanda yerləşir. Yəni, Azərbaycan tək enerji yox, həm də nəqliyyat dəhlizidir. Bu cür əhəmiyyətə malik olan ölkənin ərazisinin işğal edilməsi, bunun həllinə səylərin göstərilməməsi, Ermənistanın danışıqlardan qaçması, Rusiya himayəsində gizlənməsi Avropanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Azərbaycan da heç zaman öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Baş verəcək müharibə isə tək həmin torpaqları deyil, bütün Cənubi Qafqazı əhatə edə bilər. Çünki, əgər Ermənistanın himayədarı Rusiyadırsa, Azərbaycana da Türkiyə, Pakistan, hətta Səudiyyə Ərəbistanı kimi dövlətlər ciddi dəstək verirlər. Belə olan şəraitdə bölgədəki lokal münaqişə böyük miqyas ala bilər. Ona görə də Qərb dünyasının əməli addım atmasına ehtiyac var. Əslində, Hamburq görüşü əməli addımlardan biri ola bilərdi. Amma Ermənistanın bu tədbirə qatılmaması planları pozdu”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz