Əlaqə Arxiv
news Image
2016.12.10
08:00
| A A A
Minsk qrupu yeni, amma köhnə məzmunlu daha bir bəyanata imza atdı
Dağlıq Qarabağ münaqişəsi bəyanatla yox, real işlə həll oluna bilər

“Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.  Onun sözlərinə görə, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir. Rusiyalı nazirin Ermənistan və Azərbaycanın tərəf olduğu münaqişədə “hər iki tərəf” ifadəsi əvəzinə “bütün tərəflər” ifadəsini işlətməsi dediyi cümlədəki “sadiqlik” sözünün əleyhinə olan fikirdir. Düz dörddə bir əsrdir ki, bu cür ikibaşlı, yaxud çoxbaşlı bəyanatlarla münaqişənin həlli prosesi uzadılır.. 

Bu ərəfədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Sergey Lavrov (Rusiya), Con Kerri (ABŞ) və Jan-Mark Eyro (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq. Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir. Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri, region xalqlarını barışığa aparan yeganə yol kimi, sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994/95-ci il atəşkəs haqqında razılaşmaya sadiq qalmağa çağırırıq”. 
Dinc əhalinin öldürülməsi və yaralanması, hətta əsgərlərin də cismən məhv edilməsi yolverilməzdir. Amma bunun üçün münaqişə mütləq həll olunmalıdır. Çünki, status-kvonun, yəni münaqişəsinin indiki halının saxlanılması erməni işğalı nəticəsində Qarabağdan məcburi köçürülmüş əhalinin əzablı həyatının davam etməsi, iztirablar nəticəsində xəstəliklərinin artması, fiziki və mənəvi xəsarətlər davam edir. İndi deyən gərəkdir ki, güllə yarasından, yaxud mənəvi əzablardan ölməyin nə fərqi var, əgər hər iki halda nəticə eynidirsə. 
ATƏT kimi Minsk qrupunun da qərarlarının hüquqi qüvvəsi yoxdur. Təbii ki, deyilən sözün, verilən məsləhətin həyata keçirilmə mexanizmi də yoxdur. Bunu tərəflər də, həmsədr ölkələrin təmsilçiləri də çox gözəl bilirlər. Amma Minsk qrupunun məsləhətlərinə və bəyanatlarına yanaşma fərqlidir. Azərbaycan imzaladığı sənədlərə, verdiyi sözlərə sadiqlik nümayiş etdirərək, üstəlik siyasi etika və beynəlxalq hüquq normaları çərçivəsində davranaraq daim səmərəli fikir mübadiləsi üçün görüşməyə və hüquqların ədalətli təminatına can atır. Amma qarşı tərəf kimi Ermənistan ya görüşdə bir söz, sonra başqa söz deyir, ya da danışıqların gedişində hansısa qeyri-adekvat hərəkəti ilə münasibətləri pozur. Son vaxtlar isə açıqca görüşdən qaçır. Sual olunur: Həmsədrlər niyə susurlar? Niyə öz bəyanatlarında Ermənistanın pozuculuq fəaliyyətini heç olmasa, qeyd etmirlər? Minsk qrupunun həmsədrləri BMT-nin münaqişə üzrə verdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etsələr, daha məntiqli olar. Əgər beynəlxalq hüquq normalarının, Helsinki aktının müddəalarının yerinə yetirilməsindən danışılırsa, onda bu normaları müəyyənləşdirirb təsdiq edən ölkələr öz imzalarına sadiq olmalıdırlar. Bu isə Azərbaycanın ərazi bütövlüyü uğrunda onların mübarizə aparması anlamına gəlir. Halbuki onlar özləri əməli işdən yayınır və bu da Ermənistan üçün presedentə çevrilir.
Düşünürük ki, cəbhədə atəşkəs rejiminə riayət edilməsi üçün ilk növbədə Ermənistana təzyiq elementləri tapılmalıdır. Məsələn, bu ölkəyə silah-sursat satan ölkələr başda Rusiya olmaqla belə bir şərt irəli sürməlidirlər ki, həmin silahlar yalnız Ermənistan ərazisində yerləşdirilə və istifadə oluna bilər. Belə bir şərt beynəlxalq qanunlara uyğun olar və həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımalarının həqiqi meyarına çevrilər. Onda düşmənçilikdən əl çəkməyən Ermənistan da anlayar ki, başqa dövlətin ərazisində oturub ev sahibi ilə “sülh”dən danışmaq mənasız işdir: erməni silahlı qüvvələri öz torpaqlarına geri çəkilməlidir. 
N.NOVRUZ   

 

 

Sizin Reklam Yeriniz