news Image
2017.01.10
09:40
| A A A
ABŞ Türkiyə ilə bağlı yanlış siyasətindən əl çəkmir
Türkiyədə baş verən ağır terror hadisələri ilə okeanın o tayından edilən kiberhücumlar arasında əlaqələr istisna edilmir

Bu günlərdə “Turkish Minute” saytına açıqlamasında Türkiyə Respublikasının energetika naziri Berat Albayrak deyib: “ABŞ-dan həyata keçirilən güclü kiberhücumların şahidi olduq. Energetika Nazirliyinin müxtəlif departamentləri mütəmadi olaraq bu cür hücumlara məruz qalır, lakin biz onları dəf edə bildik”.

Bu xəbər hansısa sakit və iki ölkə arasında münasibətlərin rəvan olduğu dövrə təsadüf etsəydi, bu cür hücumları hansısa “əli dinc durmayan” savadlı bir “xuliqan”ın hərəkəti hesab etmək olardı. Çox təəssüf ki, gümanlar və fərziyyələr bunu rədd edir. Dünya siyasətində ənənəvi tərəfdaşlıq modelinə malik olan ABŞ və Türkiyə arasında münasibətlər Yaxın Şərq böhranı başlayandan soyumağa başlayıb və indi sanki kulminasiya nöqtəsinə çatmaqdadır. 
Ümumiyyətlə, adıçəkilən ölkələr arsında münasibətlərin səngiməsinin başlanğıcı siyasətçilər tərəfindən ötən əsrin əvvəllərində ABŞ prezidenti olmuş Vudro Vilsonun adı ilə bağlanır. Məhz, onun cızdığı planlar əsasında Türkiyənin parçalanması, ərazisinin kiçildilməsi və beynəlxalq hüquqlarının məhdudlaşdırılması məsələlərinə rəvac verilib. Lakin Osmanlı imperiyasının dağılmasına nail olanlar Türkiyənin bir dövlət kimi zəiflədilib tarix səhnəsindən silinməsini həyata keçirə bilməyiblər. Son 100 ildə edilən cəhdlər boşa çıxsa da Qərbin yoluxduğu hökmranlıq virusu daha da güclənib və öz şanlı tarixi və inkişafı ilə bu virusa qarşı çıxan Türkiyənin zəiflədilməsi prosesi də davam edir. 
Birləşmiş Ştatların rəhbərliyi altında dünya siyasətinin Qərb qruplaşması Yaxın Şərq platformasında Türkiyəyə bir növ yardımçı rol ayırıblar. Halbuki planın həyata keçirilməsi Türkiyəsiz mümkün deyil. Digər tərəfdən Qərb planında Türkiyəyə yer ayrılmaması hələ bu dövlətin sıradan çıxması demək deyil. Türkiyənin öz qonşuları ilə özəl münasibətləri və bu çərçivədə geostrateji maraqları var. Məhz bu amil Türkiyəni Qərbin yolunda maneəyə çevirir və onun zəiflədilməsi də Yaxın Şərq planının tərkib hissəsi sayılır. Təsadüfi deyil ki, Türkiyənin parçalanması və xırda dövlətlərə bölünməsi ideyası, planı və hətta bu xüsusda tərtib olunmuş xəritələr tez-tez mətbuat səhifələrinə sızdırılır. Bu metod ayrı-ayrı etnik qruplardan ibarət kütlələrin itaətdən çıxmasına hesablanmış zehni təxribatdır və müasir dövrdə siyasi mübarizənin başlıca predmetlərindəndir. Elm və texnologiyaların sürətli inkişafı müasir dövrdə daha çevik və təsirli olan kiberhücumlar taktikasını meydana çıxarıb. 
Görünür, Suriya məsələsində yürüdülən səhv siyasət, Amerikada yaşayıb Türkiyədə dövlət çevrilişi hazırlayan Fətullah Gülənin uğursuzluğu və sairə bu kimi amillər daha müasir hücumların təşkilini zərurətə çevirib. Heç yandan yox, məhz ABŞ-danTürkiyənin energetika sisteminə hücumların təşkil edilməsi iki ölkə arasında yaranmış uçurumu daha da dərinləşdirməyə xidmət edir. Bu işdə artıq yeni problemlərin də ortaya çıxdığı iddia edilə bilər. Belə ki, Ağ Evi tərk etməkdə olan prezident Barak Obamanın komandasının buraxdığı səhvlər göz qabağındadır. Yeni prezident Donald Tramp artıq köhnə komandanın tənqidinə başlayıb. Təbii ki, yanvarın 20-də prezident kreslosuna əyləşəndən sonra bu tənqidlər daha da güclənəcək. Amma məsələ burasındadır ki, hakimiyyətin köhnə prezidentdən yenisini keçdiyi 2,5 aylıq aralıq zamanında ABŞ-ın gördüyü işlərin məsuliyyəti ikili xarakter daşıyır. Yəni, məsuliyyətin konkret daşıyıcısı olmur. Bu mənada köhnələr həm yenilərin vəzifələrini çətinləşdirmək, həm də öz arzularını maksimum yerinə yetirmək həvəsindən əl çəkə bilmirlər. Bu mənada öz tərəfdaşlarına imkan daxilində zərbələr endirməklə vəziyyəti dolaşdırmağa çalışırlar. Tam cəsarətlə Türkiyədə baş verən ağır terror hadisələri ilə okeanın o tayından edilən kiberhücumlar arasında əlaqə axtarmaq olar.
Lakin bütün bunlara rəğmən, Trampın dövründə Yaxın Şərq və Türkiyəyə münasibətdə fərqli  yeridiləcəyi siyasətini gözləmək gərəkdir. Çünki, Türkiyənin iştirakı olmadan regionda hər hansı qüvvənin uğur qazanması şübhə doğurur. Buna əsasən demək olar ki, Trampın bu istiqamətdə siyasətində ən azı ciddi taktiki dəyişikliklər olacaq və onda ABŞ-dan edilən kiberhücumların intensivliyinin azalması da gözləniləndir.
N.NOVRUZ     

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs