Əlaqə Arxiv
news Image
2017.01.13
07:00
| A A A
Naxçıvanın dəmiryolu blokadasına son qoyulur
Qabil Hüseynli: “Azərbaycan yalnız enerji koridoru funksiyasını yox, həm də nəqliyyat dəhlizi funksiyasını yerinə yetirməklə, dünyada analoqu olmayan missiyanı öz üzərinə götürmüş olacaq” Cümşüd Nuriyev: “Cari planda əsas məsələlərdən biri Naxçıvanla Azərbaycanın dəmiryolu əlaqəsinin ilin sonuna qədər bərpa olunmasıdır”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Naxçıvanla bağlı vacib məqama toxunub. Ölkə rəhbəri həyata keçrilən layihələr nəticəsində muxtar respublikanın dəmiryolu blokadasından çıxarılcağını bildirib: “Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.

Ekspertlərin fikrincə, Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşməsi və blokadadan çıxması muxtari respublika və bütünlükdə Azərbaycana həm siyasi, həm də iqtisadi dividend gətirən amildir.
Siyasi şərhçi Qabil Hüseynli bildirdi ki, Şimal-Cənub dəmiryolu dəhlizi dünyanın ən böyük dəmiryolu layihələrindən biridir: “Bu layihənin fəaliyyətə başlamasına çox az bir zaman qalıb. Azərbaycan layihə ilə bağlı öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Astara çayı üzərində olan dəmiryolu körpüsünü tikərək, onu İran ərazilərinə qədər uzadır. 
Bundan başqa, İranın maliyyə vəsaiti hesabına Məşhəd şəhərindən Astara istiqamətində çəkilən dəmiryolu xəttinin də yarısından çox hissəsi tikilib başa çatıb. 
Onsuz da Naxçıvan ilə Məşhəd arasında dəmiryol xətti işə düşüb. Ola bilsin ki, Azərbaycandan gedən qatarlar Məşhəd şəhəri vasitəsi ilə Naxçıvana çatsın. Yaxud da müəyyən müddətdən sonra ayırca Araz çayı boyu Naxçıvana dəmiryolu xətti çəkilsin. Hələlik Məşhəd xətti ilə Naxçıvanın dəmiryol xəttini birləşdirmək mümkün olacaq. Şimal-Cənub dəmiryolu xətti isə Azərbaycan üçün önəmli strateji layihədir. Azərbaycan bu dəmiryolu layihəsi ilə özünün xarici ticarətini böyütməklə bərabər,  dəmiryolu layihəsinə görə xeyli mənfəət əldə edəcək. Çünki, İranın həm Ənzəli limanından, həm də Fars körfəzdəki limanlarından götürlən yüklər dəmiryolu vasitəsi ilə Rusiya və Avropa şəhərlərin, hətta Çinə qədər gedib çata biləcək. Bundan başqa, Azərbaycan özünün bir sıra məhsullarını həmin dəmiryolu vasitəsi ilə xarici bazarlara çıxara biləcək. Yaxud da bəzən xaricdən məhsulların gətirilməsində çətinliklər yaşanır. Ancaq bundan sonra xaricdən gətirilən məhsullar həm ucuz, həm də qısa müddətdə həyata keçiriləcək. Bura sərnişin qatarlarının da işləməsini əlavə etsək, Azərbaycanın Yaxın və Orta Şərq ölkələri ilə əlaqələri xeyli intensivləşəcək. Bir sözlə, Azərbaycan yalnız enerji koridoru funksiyasını yox, həm də nəqliyyat dəhlizi funksiyasını yerinə yetirməklə, dünyada analoqu olmayan missiyanı öz üzərinə götürmüş olacaq”.
İqtisadçı Cümşüd Nuriyev bildirdi ki, Naxçıvanın anklav şəklində qalmaması, Azərbaycan ilə infrastruktur əlaqələrinin yaranması üçün artıq çoxdan işlərə başlanılıb: “Bakı-Tiflis-Qars dəmiryolunun əsas məqsədi onu sonradan Naxçıvana qədər çatdırmaqdır. Azərbaycandan yüklərin, sərinihinlərin Gürcüstan və Türkiyə üzərindən Naxçıvana getməsini həll etməkdir. Bu layihələr gündəmə gəlikdən sonra ciddi narahat olanlar yarandı. Xüsusi ilə ABŞ-ın rəhbərliyi bu layihənin həyata keçirilməsini istəmirdi. Lakin Prezident İlham Əliyev öz iradəsini ortaya qoyub bu addımı atdı. İlin sonuna qədər dəmiryolu təhvil veriləcək. Amma Şimal–Cənub dəhlizinin Astara-Astara dəmiryolu xətti ilə birləşdirilməsi, yüklərin Azərbaycan üzərindən birbaşa Hind Okeanına çıxması tamamilə yeni layihədir. Azərbaycanın qeyri-neft sektorunu logistik vasitələrlə inkişaf etdirilməsi deməkdir.  Ən əsası oradan gəlir götürməsi və Azərbaycanın dəhliz ölkəsi olması məsələləri gündəmdədir. Eyni zamanda gələcəkdə layihə Naxçıvana da çəkilə bilər. Bu, perspektiv plandadır. Cari planda əsas məsələlərdən biri Naxçıvanla Azərbaycanın dəmiryolu əlaqəsinin ilin sonuna qədər bərpa olunmasıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz