Əlaqə Arxiv
news Image
2017.01.13
09:00
| A A A
Azərbaycandan Ermənistana sərt hərbi xəbərdarlıq
Üzeyir Cəfərov: “Ölkə başçısının səsləndirdiyi fikirlər həm işğalçıya, həm də onun havadarlarına bir xəbərdarlıqdır” Tərlan Eyvazov: “Daha dağıdıcı, daha müasir silahlar hələlik ehtiyatda saxlanılır”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı müdafiə məsələlərinə də geniş toxundu.  O bildirdi ki, bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var: “Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.

Şərhçilər ölkə rəhbərinin bu açıqlamasını düşmən ölkə və onun havadarları üçün mesaj olduğunu deyirlər. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, ölkə başçısının səsləndirdiyi fikirlər həm işğalçıya, həm də onun havadarlarına bir xəbərdarlıqdır: “Çünki, Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyini bütün dünya görür. Ölkə başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından  dərhal sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı vəziyyətlə də yenidən tanış oldu. İlk dəfə Azərbaycanın Türkiyədən aldığı “T-300 Qasırğa” uzunmənzilli raket sistemini nümayiş etdirildi. Bu raketlər ən müasir texniki xarakteristikaya malikdir. 
“Qasırğa T-300”  kompleksinin atış məsafəsi 105, idarəolunan raketlərdə isə 120 kilometrdir. Naxçıvanla Ermənistan arasındakı məsafə isə raketlərin uça biləcəyi məsafənin yarısından da azdır. Yəni, Ermənistanın hədələrinə konkret cavab verir. Yəni, bu gün Azərbaycanın strateji əhəmiyyətli Naxçıvan istiqamətində “Qasırğa” kompleksi var. Həmin texnika həm düşmənə, həm də havadarlarına nümayiş etdirildi. Ancaq bu, Azərbaycanın aldığı və tam şəkildə nümayiş etdirmədiyi silahların bir qismidir. Ermənistanda hərbi paradda nümayiş olunan “İsgəndər” raketlərindən sonra yaşanan eyforiya artıq xeyli arxa plana keçib. Ermənistan da yaxşı başa düşür ki, Azərbaycan onların “nazı ilə çox oynamayacaq”. 
Prezident həm də beynəlxalq qurumlara fikrini çatdırmış oldu ki, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. Əks halda lazım olan bütün addımlardan istifadə ediləcək. Çünki, Azərbaycanın bu gün aldığı və almağa davam etdiyi xeyli sayda silahları var. Bu amil Ermənistanı və havadarlarını ayıltmalıdır. Azərbaycan həmin silahları nümayiş etdirmək üçün almayıb. Güc amilindən istifadə etməklə öz ərazilərini işğaldan azad edəcək”.
Hərbi məsələlər üzrə digər mütəxəssis Tərlan Eyvazov bildirdi ki, ötən ilin aprel uğurzuluğundan sonra Rusiya Ermənistanın könlünü almaqdan ötrü müasir silahı olan “İsgəndər” kompleksini orada yerləşdirdi: “Ancaq bütün hallarda həmin raketlərdən nə vaxtsa atəş açılacaqsa, məsuliyyətini Ermənistan yox, Rusiya daşıyacaq. 
Digər tərəfdən Azərbaycan da beynəlxalq qanunlara uyğun olaraq müasir silahlar almaqda davam edir. Hansı ki, bunların da bir qismini ermənilən aprel döyüşlərində gördü. Amma ölkə rəhbərliyinin elan etdiyi kimi onların çox az bir qismi nümayiş etdirildi. Daha dağıdıcı, daha müasir silahlar isə hələlik ehtiyatda saxlanılır. Yəni, Azərbaycanın Ermənistanın silahlarının qarşısını alabiləcək silahları çoxdur. 
Əgər söhbət uzaqmənzilli raketlərdən gedirsə belə, buna ehtiyac yoxdur. Naxçıvandan 80 kilometr uzaqlıqdakı İrəvanı asanca vura bilərik. Hansı ki, Naxçıvanda yüksək səviyyəli, təminatlı hərbi birləşməmiz var. Odur ki, Ermənistanın son addımları yalnız daxili ictimaiyyəti sakitləşdirmək məqsədi güdür. Serj Sarksiyan laxlamış siyasi hakimiyyətini qorumaq üçün bu addımları atır. Dünyada yaşanan böhrana baxmayaraq, Azərbaycan Ordusu daim müdafiə qabiliyyətini artırmaqdadır. Prezidentin son müşavirədə də bir daha bildirdi ki, torpaqlarımız azad olunan qədər fəaliyyətimizi davam etdirəcəyik”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz