Əlaqə Arxiv
news Image
2017.01.13
09:50
| A A A
Bakının bəyanatları İrəvanda zəlzələ effekti yaradır
İndi düşmənin nə deməyə sözü, nə də lovğalanmağa gücü var

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son  iclasındakı yekun nitqində dediyi fikirlər Ermənistanda ciddi qorxuya səbəb olub. Azərbaycan Prezidenti torpaqlarımızda ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini bir daha açıqlayıb: “Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”. 

Azərbaycan liderinin bu bəyanatları düşmən tərəfində ciddi narahatlıq yaradıb. Ermənistan mediasının gündəmini təhlil edərkən bunu aydın görmək mümkündür. Erməni politoloq Serqey Minasyan bildirib ki, Qarabağda toqquşmalar mümkündür: “Aprel müharibəsində Azərbaycan minlərlə hektar əraziyə nəzarəti ələ aldı. Bu, onlar üçün böyük stimuldur və istənilən an yeni müharibənin baş verməsi labüd görünür. Bu, Ermənistana yaxşı heç nə vəd etmir”. Erməni jurnalist Naira Ayrumyan hazırda Bakının əlinin güclü olduğunu yazıb. 
Azərbaycanın güclü olduğunu və müharibə başlayarsa, erməni silahlı qüvvələrinin məğlub olacaqlarının labüdlüyü düşməni həmişə qorxu içərisində saxlayır. Hələ 2006-cı ildə Azərbaycan Prezidentinin dediyi “100 il bundan sonra belə Dağlıq Qarabağ bölgəsi müstəqil olmayacaq” fikri həmin il Parisdə keçirilmiş Rambuye görüşlərində Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryanı sançılandırmış və o, bəhanə gətirərək görüşü yarımçıq qoyub aradan çıxmışdı. 
Ötən ilin aprel döyüşlərinədək Ermənistanda elə başa düşürdülər ki, madam torpağı işğal ediblər, demək, güclüdürlər. Buna görə də cəbhədə daha tez-tez təxribat törədirdilər. Ancaq bu məsələdə də onların burunların ucundan o tərəfi görə bilməmələri özünü göstərir. Çünki, bir balaca dünyagörüşü olan hər kəs anlayır ki, əgər xarici qüvvələr Ermənistana hərtərəfli kömək etməsəydilər, onlar Azərbaycan ərazilərini nəinki işğal etməyə, heç bu haqda düşünməyə belə cəsarət etməzdilər. Amma aprel döyüşləri ermənilərin təbliğatının sabun köpüyündən başqa bir şey olmadığını göstərdi. Buna görə dərhal öz hamilərinə üz tutdular, yeni silahlar istədilər. Nəticədə, Rusiya Ermənistandakı hərbi bazalarına “İsgəndər” taktiki-raket kompleksləri yerləşdirdi. Apreldə burunları əzilən ermənilər ərazilərin müasir və güclü silah yerləşdirildiyindən ilin sonuna yaxın yenidən qızışdılar və cəbhə daha bir təxribat törətmək isdilər. Məqsədləri apreldə itirdikləri ərazilərin əvəzini çıxmaq idi. Lakin Azərbaycan Ordusu yenidən onlara yerlərini göstərdi. 
Yeni ilin ilk ayında Naxçıvanda yerləşən ordu birləşmələrində olan Ali Baş Komandan İlham Əliyevin ölkəsində adı açıqlanmayan daha güclü silahların olduğunu bildirməsi ermənilərin “İsgəndər” ilə bağlı coşqusunu da heçə endirdi.  İndi düşmənin nə deməyə sözü, nə də lovğalanmağa gücü qalıb. Görünür, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün məcburetmə metoduna əl atılmalıdır. Çünki, “qulaq sözü eşitməsə də, göz qılıncı görməyə məhkumdur”.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz