Əlaqə Arxiv
news Image
2017.01.17
07:03
| A A A
Düşmən təxribatı münaqişəni yenidən alovlandırır
Elman Məmmədov: “Düşmənə keçən ilin aprelində olduğu kimi, hətta ondan da yüksək səviyyədə cavablar verilir və veriləcək” Aydın Mirzəzadə: “Belə davam edəcəyi halda aprel hadisələrinin yenidən təkrarlanacağı istisna deyil”

Düşmən cəbhədə yeni ildən təxribatlarını artırıb. Hətta döyüşlərin gedişində Azərbaycan Ordusu şəhid də verib. Düzdür, düşmən də artıqlaması ilə cavabını alıb. Erməni işğalçıları həmişə olduğu kimi, yenə də daha böyük itkilərlə üzləşiblər. 

Baş verənləri şərh edən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistanın təxribatlarının artmasının kökündə işğalçı rejimin bu günə qədər etdiyi bütün cinayətlərə görə cəzasız qalması amili dayanır:  “Yeni ildən başlayaraq ermənilərin cəbhə xəttində təxribatları xüsusən də Azərbaycan-Ermənistan sərhəd ərazilərində güclənib. Bu təxribatları artırmaqda ermənilər müxtəlif məqsədlər güdürlər. 
İşğalçıların burada əsas niyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dövlətlərinin diqqətini cəlb etməklə onlardan yardım almaqdan ibarətdir. Bu yolla guya Azərbaycanın Ermənistan sərhədini pozduğunu bəhanə gətirməklə  onlardan kömək istəsinlər. Digər tərəfdən, işğalçı tərəf status-kvonun qorunub saxlanılmasına, danışıqların baş tutmamasına çalışır. Onsuz da danışıqlar baş tutdu-tutmadı, bir effekt vermir. 25 il ərzində sadəcə, heç bir nəticəsi olmayan danışıq xatirinə danışıqlar olub.  Digər tərəfdən, Ermənistan bütün etdiyi işğal və cinayətlərə görə cəzasızlığından ruhlanaraq istədiyini edir. Artıq beynəlxalq qurumların, həmsədr dövlətlərin onlara olan münasibəti də bəllidir. Belədə Ermənistan bir cəzasızlıq mühiti hiss edir və bu fonda da tez-tez təxribatlara yol verirlər. Ancaq anlamırlar ki, bu hərəkətləri ermənilər üçün son anda fəlakətə, Ermənistanın bir dövlət olaraq yox olmasına gətirib çıxaracaq. Çünki Azərbaycanın səbr limiti tükənəndən sonra ordumuz öz gücü ilə Ermənistanı təkcə hazırda işğal etdiyi torpaqlardan süpürüb atmayacaq, eyni zamanda ordumuzun gücü işğalçı ölkənin varlığına bir dövlət olaraq son qoymaq qüdrətinə malikdir. Bunu ermənilər qanmırsa, heç olmasa, onları müdafiə edən həmsədr dövlət və digər beynəlxalq qurumlar başa düşsünlər. Azərbaycan son nəticədə bunu edə bilər. Buna da səbəbkar Azərbaycanı o hərəkətə təhrik edənlər olacaq. Səbəbkarlar da məlumdur, işğalçı dövlət və onu himayə edən həmsədr dövlətlər. 
Azərbaycan düşmən təxribatlarından çəkinmir. Ona keçən ilin aprelində olduğu kimi, hətta ondan da yüksək səviyyədə cavablar verilir və  veriləcək. Ermənilərin şəhid olmuş əsgərimizin nəşini qaytarmaması insanlığa yaraşmayan, müharibə qaydaları və beynəlxalq konvensiyalara uyğun olmayan murdar bir hərəkətdir. Azərbaycan da onlar kimi hərəkət etsə, istənilən vaxt ermənilərin 7-8 əsgərinin meyidini gətirib burada saxlaya bilər. Ancaq Azərbaycan hələ ki, bunu etmir. Yəqin ki, lazım olanda edəcək. Təxribatların hamısının layiqli cavabı verilir və bundan sonra da veriləcək. Nə qədər ki, işğalçı qoşunlar Azərbaycan ərazisindədir müharibə qurtarmayıb, o, hər an alovlana, başlaya bilər və proses ordumuzun qalibiyyətilə başa çatacaq”.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Ermənistanın bu təxribatları Serj Sarkisyanın saxta vətənpərvərlik hisslərindən qaynaqlanır: “Ermənistan Azərbaycan torpaqlarına qarşı iddiasını daha da dərinləşdirməkdə davam edir. Bunun səbəbi isə onun dövlət quruculuğu, əhalinin sosial problemlərinin həllində, davamlı inkişaf məsələsində hər hansı bir uğur qazana bilməməsidir. 
Bu ilin aprelində Ermənistan parlamentinə seçkilər nəzərdə tutulub. Serj Sarkisyanın komandası parlamentdə də çoxluq əldə etmək arzusundadır. Ancaq bununla belə seçicilərə təqdim edə biləcəyi real nəticələr yoxdur. Nə Sarkisyanın, nə də ondan əvvəlki prezidentlərin fəaliyyəti sadə Ermənistan vətəndaşlarına heç nə vermədi. Ona görə də Sarkisyan vətənpərvərlik hisslərilə oynayaraq, guya Dağlıq Qarabağ məsələsində uğur qazandığı, guya Ermənistanın daim Azərbaycanın təzyiqi altında qalmasına dair bir təəssürat yaratmağa çalışır. Bu köhnəlmiş və dünyada uğursuz hesab edilən siyasi texnologiyadır. Ancaq Sarkisyanın fikrincə, bu dəfə o ona uğur gətirməlidir. Bununla belə ötən ilin aprelin 2-5-də baş verən hadisələr hələ də Ermənistan cəmiyyətinin yaddaşındadır. 
Ermənistan cəmiyyəti daha çox dərk edir ki, Azərbaycan bütün sahələr, o cümlədən hərbi qüdrət baxımından işğalçı ölkədən qat-qat güclüdür. Ermənistanın etdiyi təxribatların qarşısı Azərbaycan tərəfindən uğurla alınır. Belə davam edəcəyi halda aprel hadisələrinin yenidən təkrarlanacağı istisna deyil”.

 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz