Əlaqə Arxiv
news Image
2017.01.17
09:30
| A A A
Minsk qrupunun öhdəsindən gələ bilmədiyi tapşırıq
Natiq Miri: “Qurum sadəcə olaraq, münaqişəni həll etməyi bacarmır” Elxan Şahinoğlu: “Mümkündür ki, Rusiya-Türkiyə əməkdaşlığının müəyyən mənada Cənubi Qafqaza da müsbət təsirləri olsun”

Son vaxtlar münaqişənin həlli əvəzinə onun dondurulmasına üstünlük vermək cəhdləri ATƏT və onun Minsk qrupu qarşısında qoyulan tapşırığa uyğun deyil. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilov qurumun toplantısında belə bəyanatla çıxış edib. 

Politoloq Natiq Mirinin fikrincə, ATƏT münaqişəni həll etməkdə sadəcə olaraq, bacarıqsızdır: “ATƏT və onun Minsk qrupu Qarabağ münaqişəsinin həllilə bağlı qarşısında qoyulan tapşırığa ona görə əməl etmir ki, qurum sadəcə olaraq, həmin konflikti həll etməyi bacarmır. Çünki qarşısına qoyduğu prinsiplər əslində, münaqişənin həllinə imkan vermir. 
Bilirsiniz ki, bu münaqişədə əsasən dövlətlərin ərazi bütövlüyü və xalqıarın öz müqəddəratının təyinatı prinsipləri əsas götürülür. Hansı ki, bu prinsiplər də bir-birinə daban-dabana ziddir. XX əsrin 70-ci illərində, yəni ATƏT yaranan zaman iki dünya gücü, ABŞ-la Sovetlər imperiyası arasında bir növ balans yaratmaq üçün belə ziddiyyətli iki prinsip kompromis variant olaraq götürülüb. Ayrıca bu problemin əsas mahiyyətində duran problemlərdən biri də ondan ibarətdir ki, ATƏT-in həmsədr dövlətləri münaqişəni Azərbaycanın güzəştləri hesabına həll etmək istəyirlər. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması müqabilində Azərbaycandan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq istəyirlər. Bu da dolayısı ilə Dağlıq Qarabağa müstəqilliyi özündə ehtiva edir. Azərbaycan dövləti bunu qəbul etmədiyindən problem 24 ildir ki, uzanır. Məsələnin kökü budur. Artıq ATƏT-in Minsk qrupu və digər dünya gücləri üçün Dağlıq Qarabağ probleminin həlli prioritet təşkil etmir. 
Ayrıca onu da nəzərə almaq lazımdır ki, ötən ilin aprelində Qarabağ cəbhə xəttində hərbi əməliyyatlar keçirildi. Azərbaycan Ordusu həmin döyüşlərdə özünün hərbü gücü ilə Ermənistan ordusunu tamamilə zəiflətdi. Bu da hərbi və psixoloji cəhətdən Ermənistanda böyük bir təlatüm yaratdı. Bu, həmçinin Azərbaycanın geosiyasi üstünlüyü idi. Azərbaycan göstərdi ki, heç bir ölkənin köməyi olmadan qısa müddətdə öz torpaqlarını azad etməyə qadirdir. 
ATƏT-in Minsk qrupu isə məhz istədiyi nəticəni əldə edə bilmədiyindən məsələni dondurmaq istəyir. Ancaq düşünürəm ki, prosesi dondurmaq mümkün olmayacaq. Vəziyyət belə davam edərsə, artıq yaz aylarında hərbi əməliyyatlar yeni aktiv fazaya keçə bilər”.     
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ATƏT-ə olan inam artıq tamamilə itib: 
“İllərdir söyləyirik ki, ATƏT və onun Minsk qrupu faktiki problemin həllilə məşğul olmur, onu konservasiya etməyə, yəni dondurmağa çalışır. Bu mənada  Azərbaycanın ATƏT-dəki səfiri əslində, yeni heç nə deməyib. Son səfərlər də vəziyyətin məhz bu cür olduğundan xəbər verir. 
Keçən ilin aprelindən sonra gözlənti yarandı ki, bəlkə döyüşlərdən sonra  daimi sülh əldə etmək üçün hansısa təşəbbüs irəli sürülə bilər. Amma bu da baş vermədi. Ona görə də razıyam ki, ATƏT münaqişənin həllilə deyil, onun dondurulması ilə məşğuldur.  Əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT çərçivəsindən kənara çıxır. Burada regional amillər rol oynaya bilər, çünki Rusiya faktoru da güclüdür. Moskva ilə Ankara arasında əməkdaşlıq da sürətlənməyə başlayıb. Mümkündür ki, Rusiya-Türkiyə əməkdaşlığının müəyyən mənada Cənubi Qafqaza da müsbət təsirləri olsun. Amma ATƏT-ə artıq heç bir inam qalmayıb”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz